ABŞ prezidenti Donald Tramp iyulun 3-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığının Rusiya-Ukrayna münaqişəsinə son qoyulmasında heç bir irəliləyişə səbəb olmadığını bildirib. Vətəninfo.az xəbər verir ki, bu barədə New York Times məlumat yayıb .
Tramp həmçinin qeyd edib ki, münaqişənin uzanmasından məmnun deyil.
Tramp jurnalistlərə “Mən onunla heç bir irəliləyiş əldə etməmişəm” deyə bildirib.
Tərəflər arasında təxminən bir saat davam edən telefon danışığı olub ki, bu da Trampın yanvarda vəzifəyə başlamasından bəri altıncı telefon danışığıdır.
Telefon danışığından sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, müzakirələrin mərkəzində Ukrayna dayanır. Donald Tramp hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini yenidən gündəmə gətirib. Vladimir Putin vurğulayıb ki, Rusiya münaqişənin səbəblərini aradan qaldırmaq məqsədlərindən geri çəkilməyəcək. Kreml rəhbəri Rusiyanın Ukrayna ilə danışıqlar prosesini davam etdirməyə hazır olduğunu da qeyd edib.
Tərəflər həmçinin İran və Suriya da daxil olmaqla Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Prezidentlər iki ölkə arasında enerji, kosmos və digər perspektivli sahələrdə səmərəli əməkdaşlıq imkanlarına da toxundular.