AZ

"Bu, Özbəkistan-Azərbaycan iqtisadi dayanıqlığını daha da artıracaq" - Deputat

"İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfəri çərçivəsində dövlət başçılarının mətbuata verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu əyani şəkildə nümayiş etdirir. Bu səfər, həmçinin regional sabitlik və inkişaf baxımından da əlamətdar hadisə kimi tarixə düşüb. Nümayiş etdirilən qarşılıqlı hörmət və etimad həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar sahələrdə irəliləyişin əsasını təşkil edir". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki,  2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ölkələrarası münasibətlərin ən yüksək mərhələsini təsdiqləyir:

"Həmin sənəd bu dost dövlətlərin beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstək göstərməsi və strateji məsələlərdə eyni mövqedən çıxış etməsi üçün möhkəm təməl yaradır. Səfər çərçivəsində diqqət mərkəzində olan ən mühüm məsələlərdən biri iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi olub. Azərbaycan–Özbəkistan Birgə İnvestisiya Fondu artıq konkret və perspektivli layihələrlə təmin edilib. Azərbaycan və Özbəkistan təkcə daxili bazarlarında deyil, üçüncü ölkələrdə də birgə investisiya layihələri həyata keçirməyə maraqlıdırlar. Bu, iki ölkənin yalnız iqtisadi tərəfdaş deyil, strateji müttəfiq rolunda çıxış etdiyini göstərir. İki ölkənin münasibətlərində nəqliyyat-logistika sahəsi xüsusi yer tutur. Prezidentlərin diqqət mərkəzində olan Orta Dəhliz layihəsi bütövlükdə Avrasiya məkanının nəqliyyat xəritəsini daha da zənginləşdirmək  gücünə malikdir. Azərbaycan Xəzərdən Qərbə çıxış nöqtəsində yerləşən əsas qovşaq rolunu oynayır və bu infrastruktur potensialı ilə Orta Asiya ölkələri, o cümlədən Özbəkistan üçün əsas tranzit ölkə kimi çıxış edir.  

Prezident İlham Əliyev Özbəkistanın Qarabağın bərpasına göstərdiyi dəstəyi xüsusi qeyd edərək bildirib ki, bu sahədə ilk təşəbbüskar ölkə məhz Özbəkistan olub. Füzuli rayonunda inşa edilən və görkəmli özbək alimi Mirzə Uluqbəyin adını daşıyan məktəb, Xankəndidə istifadəyə verilən tikiş fabriki Özbəkistanın ölkəmizin milli məsələlərinə olan həssas münasibətini əyani şəkildə göstərir.  Mədəni əməkdaşlığın daha bir parlaq nümunəsi olaraq, Bakının mərkəzində salınacaq 5 hektarlıq “Özbəkistan” parkı xüsusi önəm daşıyır. “Ağ şəhər” layihəsinin tərkib hissəsi olan bu park həm istirahət məkanı, həm də Azərbaycan-Özbəkistan dostluğunun təzahürü olacaq. Bu təşəbbüs Ümummilli Lider Heydər Əliyevin dövründə formalaşmış qarşılıqlı hörmət və strateji baxışın davamı kimi qiymətləndirilir.  

İki ölkənin gələcəyi ortaq dəyərlər və qarşılıqlı etimad üzərində qurulub. Azərbaycan–Özbəkistan əlaqələri regional sabitlik, Avrasiya nəqliyyat xəritəsi, enerji təhlükəsizliyi və mənəvi dəyərlərin qorunması baxımından nümunəvi model kimi çıxış edir. Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, bütün regionun inkişafına və təhlükəsizliyinə mühüm töhfə verir.

Beləliklə, Azərbaycan-Özbəkistan münasibətləri gələcəkdə daha da genişlənəcəkdir. İki ölkə qarşılıqlı iqtisadi maraqları, siyasi gücü və mədəni əlaqələri möhkəmləndirərək həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatlarında aktiv rol oynayacaqlar. Bu faktor Orta Asiya ilə Cənubi Qafqaz regionu arasında inteqrasiyanın güclənməsi üçün vacibdir. Eyni zamanda, yeni nəqliyyat dəhlizlərinin yaradılması, investisiya mühitinin yaxşılaşdırılması və sosial infrastruktur layihələrinin icrası həm Özbəkistan, həm də Azərbaycanın iqtisadi dayanıqlığını artıracaq. Qarabağın bərpasında qardaş dəstəyinin genişləndirilməsi isə milli maraqların qorunması və əməkdaşlığın dərinləşdirilməsi üçün önəmli amildir". 

Seçilən
12
50
unikal.az

10Mənbələr