ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ukraynada sülh yolu ilə nizamlanma məsələsində irəliləyiş əldə olunmayıb. Məlumatı “anadolu” verib.
“Biz danışdıq. Kifayət qədər uzun söhbət oldu. Biz bir çox məsələləri, o cümlədən, bildiyiniz kimi, Ukrayna ilə müharibəni müzakirə etdik. Mən bundan məmnun deyiləm. Bu gün heç bir irəliləyiş əldə edə bilmədim”, - Tramp bildirib.
O, ABŞ-ın Ukraynaya yardımlarını davam etdirdiyini də qeyd edib: “Biz Ukraynaya silah veririk. Biz kömək etmək üçün onlarla işləyirik”.
ABŞ-ın keçmiş prezidenti Co Baydenin Ukraynaya həddən artıq çox silah göndərdiyini qeyd edən Tramp, ABŞ-ın özünün təhlükəsizliyini təmin etmək üçün kifayət qədər silahın da ayrılmasına əmin olmağın vacibliyini vurğulayıb.
İranla nüvə danışıqlarına toxunan Tramp qeyd edib ki, xüsusi nümayəndə Stiv Vitkoff “böyük iş” görür. Prezidentin sözlərinə görə, Tehran dialoqa hazırdır: “Düşünürəm ki, onlar mənimlə danışmaq istəyirlər və hesab edirəm ki, bunun vaxtı çatıb”.
Amerika lideri vurğulayıb ki, Vaşinqton İrana zərər vurmaq niyyətində deyil. “Onlar döyülüblər. Açığı, hər iki tərəf - İsrail və İran - tükənib, lakin İran həqiqətən vurulub”, - prezident qeyd edib.
Tramp lazım gələrsə, mümkün danışıqlarda şəxsi iştirakına da icazə verib.
Tramp Qəzza ilə bağlı suala belə cavab verib: “Mən Qəzza xalqının təhlükəsiz olmasını istəyirəm”.
P.ƏMİRCANOV
XQ