AZ

Trampın qərarı xarici turistlərə baha başa gələcək– ABŞ milli parklarına giriş haqları artırılır

ABŞ prezidenti Donald Trampın imzaladığı yeni icra sərəncamı ölkənin milli parklarına xarici turistlərin girişinə əlavə vergi tətbiq edilməsini nəzərdə tutur. AzPost xəbər verir ki, Bu qərar, Tramp administrasiyasının “Birinci Amerika” (America First) gündəliyinin bir hissəsi olaraq, amerikalılar üçün daxili turizmi təşviq etməyə və dövlət xərclərini azaldaraq əlavə maliyyə resursları yaratmağa hesablanıb.

Ağ Evin yaydığı bəyanata görə, bu qərardan əldə olunacaq əlavə gəlir əsasən milli parkların qorunması, infrastrukturun təmiri və uzun müddətdir təxirə salınan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Tramp bu barədə ilk dəfə Ayova Ştat Sərgisində təşkil edilən mitinqdə danışıb. O, çıxışında vurğulayıb ki, yeni qayda ilə beynəlxalq ziyarətçilərdən daha yüksək məbləğ alınacaq, amerikalılar üçün isə qiymətlər sabit saxlanılacaq.

“Park sistemindəki təkmilləşdirmələri maliyyələşdirmək üçün mən indicə beynəlxalq turistlər üçün giriş qiymətlərini qaldıran, amerikalılar üçün isə qiymətləri aşağı saxlayan bir sərəncam imzaladım”, – deyə Tramp bildirib. “Milli Parklar ilk növbədə Amerika haqqında olacaq.”

Yeni icra sərəncamı eyni zamanda ABŞ vətəndaşlarına milli parkların rezervasiya və icazə sistemlərində üstünlük verilməsini nəzərdə tutur. Bununla bərabər, sərəncamda tariflərin konkret nə qədər artacağı və nə vaxtdan qüvvəyə minəcəyi barədə məlumat açıqlanmayıb.

Daily Mail qeyd edir ki, Trampın bu qərarı Park Xidmətinin büdcəsində təxminən 1 milyard dollarlıq azalma fonunda verilib. İxtisarlar səbəbindən bir çox milli parklarda personal çatışmazlığı müşahidə olunur və bu vəziyyət xidmət keyfiyyətinə birbaşa təsir göstərir.

Bundan əlavə, Tramp administrasiyası 2017-ci ildə Barak Obama tərəfindən imzalanmış və Park Xidmətində mədəni müxtəlifliyi təşviq edən memorandumu da ləğv edib. Bu da siyasətin ideoloji xəttini daha da aydınlaşdırır.

Yeni qərar xüsusilə gələn ildən başlayaraq qeyd olunacaq ABŞ-ın 250 illik yubiley tədbirləri öncəsində elan olunub və Trampın bu hadisəni siyasi üstünlüyə çevirmək niyyətində olduğunu göstərir. Prezident iyulun 4-də Ağ Evdə keçiriləcək tədbirlər zamanı qanun layihəsini imzalayacağını bildirib.

AzPost.az

Seçilən
8
50
azpost.info

10Mənbələr