Amerikalı sahibkar və milyarder İlon Maskın yaratmağı təklif etdiyi “Amerika” partiyasını təxminən 40% amerikalı dəstəkləyə və ya ona səs verə bilərdi. Müvafiq məlumatlar 2 iyul tarixində “Quantus Insights” şirkətinin rəsmi saytında dərc olunub.
“İlon Maskın irəli sürdüyü "Amerika" partiyası ideyası respondentlərin 40%-i, xüsusilə gənc seçicilər və kişi respublikaçılar arasında maraq doğurub,” – deyə bəyanatda qeyd olunub.
38% seçici əks fikirdədir, digər 22%-i isə dəqiq cavab verməyib. Qeyd edilir ki, bu ideyaya ən skeptik yanaşanlar yaşlı nəsil nümayəndələri və Demokrat Partiyasının tərəfdarlarıdır.
Tədqiqat müəlliflərinin bildirdiyinə görə, bu, mövcud sistemin ölkəni olduğu kimi və ya olmaq istədiyi kimi təmsil edə bilməməsi hissinin artması ilə bağlıdır.
Sorğu 30 iyun – 2 iyul tarixlərində ABŞ-ın 1000 vətəndaşı arasında keçirilib. Statistik xəta payı 3% təşkil edir.
“Ümidverici,” – deyə Mask bu sorğunun nəticələrini sosial şəbəkə X-dəki səhifəsində paylaşdığı yazı ilə şərh edib.
Qeyd edək ki, 1 iyulda ABŞ prezidenti Donald Trampın dövlət borcunu rekord həddə – 5 trilyon dollar artıracaq qanun layihəsini tənqid edən Mask, ölkədə xalqın mənafeyini qoruyacaq yeni bir siyasi partiya yaratmağı təklif etmişdi. O, yeni bir partiyanın qurulmasının vaxtının çatdığını və bu partiyanın vətəndaşlara qayğı göstərə biləcəyinə inandığını vurğulamışdı.