AZ

Utanma, dərdiniaçıqsöylə, Rusiya!

Ölkəmizi özünə strateji müttəfiq elan edən, Ukrayna ilə müharibəninin qaynar çağında Avropanın çoxsaylı sanksiyalarına məruz qalan Rusiya ümidini  Azərbaycana bağlamışdı. Sözü ilə əməli bir olan Azərbaycan vədinə sadiq qalaraq hava məkanından Rusiyaya qarşı hər hansı hərbi əməliyyatın keçirilməsinə icazə  vermədi. 12 günlük İsrail-İran müharibəsində rus əsilli şəxslərin təhlükəsiz İran ərazisini tərk etmələri üçün zəruri şərait yaratdı, Astara gömrüyündə rusları yedirib-içirdi, tox qarına ölkələrinə yola saldı. Azərbaycanın iqtisadi və siyasi baxımdan Rusiyaya göstərdiyi dəstəyi, Roma statutuna münasibətini sadalamadan yalnız Rusiya vətəndaşlarına  göstərilən səmimi və xoş münasibətin bir neçəsini xatırlatdım. "Yaxşılığa yamanlıq" prinsipini əldə rəhbər tutan qarşı tərəf bütün humanitar aksiyaların müqabilində sərnişin təyyarəmizi vurdu, ölkəmizə qarşı kiber hücumlar təşkil etdi, deputatımızın rəsmi tədbirə qatılmasına əngəl yaratdı. Bununla kifayətlənməyərək   Rusiyada yaşayan azərbaycan əsilli öz vətəndaşlarına qarşı hücumlar təşkil edərək vəhşilik törətdi. Əcaba, nədir  Rusiyanın qarnının ağrısı?

Rusiya 32 il ərzində Ermənistana maddi, mənəvi, hərbi dəstək verərək işğal edilən Azərbaycan torpaqlarının azad olunmasına birbaşa, yaxud dolayısı ilə maneə törətdi. İqtisadi cəhətdən inkişaf edərək güclü ordu yaradan  Azərbaycan nəhayət ki, 44 gün ərzində Ermənistanın işğalı altında olan torpaqlarını azad edərək ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Bununla da ölkəmizin beynəlxalq imici artdı, dünyada gedən qlobal siyasi proseslərin həllində söz sahibinə çevrildi. Rəsmi Bakı beynəlxalq məsələlərin müzakirə edildiyi məkana çevrildi, regionda və dünyada sülhün və təhlükəsizliyin qarantı kimi rolu artdı. İqtisadi qüdrəti o həddə çatdı ki, inkişaf etməkdə olan ölkələrin iqtisadi dayanıqlığının təminatında mühüm rol oynadı. Budurmu, Rusiyanı əndişələndirən amillər? Azərbaycanın artan  siyasi və iqtisadi nüfuzumu Rusiyanı səksəkəyə salıb?   

Bəli, sözün əsil mənasında sadalanan faktorlar Rusiyanın "kürkünə birə salıb". Rəsmi Moskva çox yaxşı bilir ki, Azərbaycanın heç bir ölkənin torpaqlarında gözü yoxdur. Azərbaycan nəinki regionda, eləcə də bütün dünyada sülh və əminamanlığın tərəfdarıdır. Bu istiqamətdə çoxsaylı təşəbbüslər və töhfələrin müəllifidir. Prezident İlham Əliyev dəfələrlə bəyənatla çıxış edərək bu fikri imperialist dövlətlərin beyninə yeritməyi hədəfləyib. Rusiyanın ən çox ehtiyat etdiyi məsələ keçmiş MDB ölkələrinin NATO və Avropa İttifaqına qoşulmaq istəyidir. Bu istəyi özünə təhlükə hesab edən Rusiya müxtəlif bəhanələrlə Ermənistan, Gürcüstan və Ukraynadan hayıf çıxmaq yolunu tutdu. Ancaq ölkəmiz dəfələrlə rəsmi şəkildə bəyan edib ki, nə yaxın, nə də uzaq prespektivdə Azərbaycanın adıçıkilən qurumlarda təmsil olunmaq niyyəti yoxdur. Necə ki, nə MDB, nə Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı, nə də Avrasiya İqtisadi İttifaqında təmsil olunmur. 

Belə məlum olur ki, Rusiya beynəlxalq aləmdə itirdiyi nüfuzunu Cənubi Qafqazda qorumağa cəhd edir. Məhz ikinci Qarabağ müharibəsinin nəticəsi ilə Rusiyanın  regionda təsirləri getdicə zəifləməyə başlayıb. Artıq yeni dünya nizamında yeni qüvvələr, yeni ittifaqlar meydana gəlib ki, bu siyasi arenada Rusiya yoxdur. Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə səfərindən sonra reallığı anlayan Rusiya yaxasını cırmağa başlayıb. Çünki, anlayır ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi heç də təsadüfi deyil.  

Zirvə görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistann prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif  ilə yanaşı İƏT-ə üzv olan on ölkənin dövlət və hökumət başçısı təmsil olunub. Rusiya düşünür ki, artıq regionda yeni birlik- Türk Dövlətləri Təşkilatı söz sahibinə çevrilməkdədir. Bu ittifaqda isə etibarsız dövlət imici qazanmış Rusiyanın yeri yoxdur. Bütün təsir riçaqlarını itirən Rusiya məhz bu səbəbdən zəncir gəmirir. Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı rolunu dərk edən Rusiya düşünür ki, təzyiq və təhdid yolu ilə ölkəmizi yolundan sapdıra bilər. Məlumdur ki, Kreml rəhbərliyi Azərbaycanın müstəqil və Türkiyə ilə koordinasiyalı siyasətini qəbul etmək istəmir. Ona görə də təzyiq və şantajla Azərbaycanı öz siyasi iradəsinə tabe etdirməyə çalışır. Bu isə deməyə əsas verir ki, Azərbaycanla Rusiya arasında siyasi böhran birbaşa Moskvadan qaynaqlanır. 

Rusiyanın Yekaterinburq, Voronej şəhərlərində baş verən proseslərin də Kreml tərəfindən idarə olunduğu aydın görünür. Müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Miqrantları narkotik, törətmədikləri cinayətlər, ailə üzvləri və yaxınları ilə təhdid edilir, məcburiyyət qarşısında qalıb razılaşmalı olurlar. Müharibəyə gedən miqrantlar aldadılır, onlara kompensasiyalar verilmir. Qayıtdıqdan sonra yenidən şantaj olunur və müharibəyə aparılırlar. Miqrantlarla bərabər milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-ruslar bu kimi təqiblərin qurbanı olurlar. Amma cərəyan edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir. Bu yaxınlarda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı etirafları və  səsləndirdiyi  statistikanın əsasında da bu həqiqətlər dayanır. Rusiyada ənənəvi digər xalqlara qarşı şovinist əhval ruhiyyə hökm sürüb, diskriminasiya geniş yayılmış praktikadır. Görünür, artlq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir. 
 
Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrıseçkilik, diskriminasiya və islamofobiya güclənir. Qərbə bütün istiqamətlərdə uduzan, Ukrayna bataqlığından çıxa  bilməyən Rusiyada da düşmən axtarışına başlanılıb. Kimlərsə bu ölkədə bütün dünyanı hədəf almaq iddiasına düşüb və yeni gündəm yaradaraq onu inkişaf etdirirlər. Hazırda  Ermənistanda radikalizm, revanşizm ideyalarının güclənməsi, Koçaryan, Sarkisyan və Rusiya tərəfindən idarə olunan digər şəxslərin daha uca səslə danışmağa başlaması Moskvadan  idarə olunan prosesdir. Məqsəd Cənubi Qafqaz regionunu yenidən müharibə arenasına çevirməkdir. Lakin Azərbaycan xeyli inkişaf edib, müstəqil siyasət yeritmək və suverenliyini qorumaq iqtidarındadır. Bu kimi təzyiq vasitəsilə Azərbaycanı yolundan döndərmək qeyri-mümkündür. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
13
olaylar.az

5Mənbələr