Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinə yeni hakimlərin təyin edilməsi müzakirə edilib.
Konstitusiya Məhkəməsinə hakimlərin təyin edilməsi haqqında qərar layihəsinə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunublar.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin 4 hakiminin - Kamran Şəfiyev, Ceyhun Qaracayev, Rövşən İsmayılov və Sona Salmanovanın səlahiyyət müddəti başa çatıb.
Bu arada Konstitusiya Məhkəməsinin saytındakı hakimlərin siyahısında sabiq hərbi prokuror Xanlar Vəliyevin adının olmaması diqqət çəkib. Axı o bu yaxımlarda - 11 aprel 2025-ci il tarixində Konstitusiya Məhkəməsinin hakimi təyin olunmuşdu.
Modern.az məsələni dəqiqləşdirmək üçün Konstitusiya Məhkəməsi ilə əlaqə saxlayıb.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən saytımıza bildirildi ki, Xanlar Vəliyevin adının saytdakı siyahıda olmaması texniki məsələlərə görədir:
"Əvvəl mantiya tikilir və şəkil çəkilir. Yenilər də gəlsin, onların hamısına bir yerdə mantiya tikiləcək, şəkilləri çəkiləcək. Bundan sonra da adları sayta yerləşdiriləcək. Burada heç bir problem yoxdur".