Sea Breeze

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin builki məzunları böyük uğura imza atıblar.

Belə ki, bu il fakültəni bitirən 600 məzundan 70-dən çoxu dünyanın ən nüfuzlu universitetlərinin magistratura pilləsinə qəbul olub.

Fakültə məzunları Böyük Britaniya, Almaniya, Niderland, ABŞ, Kanada, İtaliya, Fransa, Macarıstan və digər ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirmək imkanı qazanıblar. Onların qəbul olunduqları ali məktəblər sırasında Kembric Universiteti, London İqtisadiyyat Məktəbi, Paris Politoloji Elmlər İnstitutu, Amsterdam Universiteti, Lund Universiteti, Berlin Humboldt Universiteti, Bolonya Universiteti, MakGill Universiteti, Toronto Universiteti, Leyden Universiteti, Berkli Kaliforniya Universiteti və digər nüfuzlu universitetlər yer alır.
Tələbələrin seçdiyi ixtisaslar iqtisadiyyat, beynəlxalq münasibətlər, qlobal idarəetmə, inkişaf iqtisadiyyatı, enerji və resurs siyasəti, dayanıqlı inkişaf, rəqəmsal iqtisadiyyat, iqtisadi statistika, geosiyasi tədqiqatlar və dünya siyasəti kimi müasir çağırışlara cavab verən sahələri əhatə edir.

Bu nəticə Universitet və fakültədə son illər formalaşan akademik mədəniyyətin, tədris keyfiyyətinin, elmi araşdırma mühitinin və tələbəyönümlü yanaşmanın bariz göstəricisidir.
Hazırda xarici ali məktəblərə qəbul olunan tələbələrə Universitet rəhbərliyi və fakültə tərəfindən məşvərətçi, akademik və təşkilati dəstək göstərilir. Gənc mütəxəssislər gələcəkdə Azərbaycan elminin, iqtisadiyyatının və diplomatiyasının beynəlxalq inteqrasiyasında mühüm rol oynayacaqlar.

ETX
ETX
ETX