AZ

İmişli nümayəndə heyəti Özbəkistanda olub Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25–29 iyun 2025-ci il tarixlərində Özbəkistan Respublikasında rəsmi səfərdə olub. Səfər Özbəkistan tərəfinin rəsmi dəvəti əsasında baş tutub.

“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində Namangan vilayətində keçirilən “64-cü Beynəlxalq Gül Festivalı”nda fəxri qonaq qismində iştirak edib. Səfərin ilk günü Daşkənd şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan park və ümummilli liderin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyulub.

İcra başçısı Elçin Rzayev Namangan vilayətinin rəhbəri Şafkat Abdurazakovla görüşərək iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edib. Tərəflər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin önəmini vurğulayıblar. Görüş zamanı, 12 iyul 2024-cü il tarixində Özbəkistan Respublikasının “TST Textile Group” MMC şirkəti ilə İmişli Rayon İcra Hakimiyyəti arasında imzalanmış müqavilənin icra vəziyyəti müzakirə olunub, mövcud işlər, layihənin mərhələli icrası və gələcək əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Səfərin növbəti günündə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və rəhbərlik etdiyi nümayəndə heyəti müxtəlif ölkələrin təqdim etdiyi gül kompozisiyaları və mədəni proqramlarla tanış olub. Elçin Rzayev tədbirin yüksək səviyyədə təşkilinə görə Özbəkistan tərəfinə təşəkkür edib, belə festivalların xalqlar arasında mədəni körpülərin qurulmasında əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Gül Festivalı Namangan vilayətinin mədəni və turizm potensialını beynəlxalq səviyyədə nümayiş etdirməklə yanaşı, həm də regionlararası əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma kimi çıxış edir.

Eyni zamanda İmişli nümayəndə heyətinin bu mötəbər tədbirdə iştirakı Azərbaycan ilə Özbəkistan arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın gücləndirilməsinə, qarşılıqlı sərmayə qoyuluşuna mühüm töhfə verməkdədir. İki qardaş dövlətin ortaq məqsədlərə əsaslanan davamlı iqtisadi tərəfdaşlığı həm xalqlarımızın rifahına, həm də regionda sabitliyin və firavanlığın möhkəmlənməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
50
qafqazinfo.az

10Mənbələr