Son illərdə ölkəmizdə işsizlik probleminin dərinləşməsi və əmək bazarının qeyri-sabitliyi cəmiyyətin sosial-iqtisadi rifahına mənfi təsir göstərməkdədir. Gənclər başda olmaqla minlərlə insan yerli bazarda öz potensialına uyğun iş tapa bilmədiyi üçün daha yaxşı gəlir və həyat şəraiti ümidi ilə xarici ölkələrə üz tutur.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli qeyd etdi ki, məsələnin qismən həll olunması üçün iqtisadi azadlıqlar genişlənməlidir:
"Kiçik orta sahibkarlar üçün daha çox təşviq proqramramları olmalıdır ki, onların biznes, iş qurmasında manelər aradan qalxsın. Əslində o qədər də, çox deyil siyahı, dünyanın getdiyi yol nədirsə, həmin yolla da getmək lazımdır. Vətandaşlarımız hansı ölkələrə, o ölkələrdəki hansı işlərə meyl edirsə, onu araşdırıb o sahəni inkişaf etdirmək lazımdır".
İqtisadçının sözlərinə görə, Azərbaycanda həm kredit faizləri, həm də vergi və gömrük rüsumları da yüksəkdir.
“Bütün bunlar yeni iş yerlərinin yaranmamasına səbəb olur. Bu da yol açır ki, vətəndaşlarımız öz ölkələrini tərk etməyə, iş dalınca başqa ölkəyə getməyə məcbur olurlar. Bu baxımdan, iqtisadi siyasət yenidən nəzərdən keçirilməli, vergi və gömrük yükü azaldılmalı, kiçik və orta sahibkarlar üçün real dəstək mexanizmləri tətbiq edilməlidir. Çünki dayanıqlı iqtisadi inkişaf yalnız insan kapitalını ölkə daxilində saxlamaq və ona şərait yaratmaqla mümkündür", - deyə N.Cəfərli vurğuladı.
Nuriyyə NATİQQIZI