AZ

“Ana qətlində ChatGPT-nin izi? – 15 yaşlı vicdanın tənəzzülü”

Bir müəllimin prokurorluq otağında gördüyü kabusdan yazısı

Otaqda qəribə bir sükut vardı. Sanki kimsə danışmaq istəmir, hava belə nəfəs almırdı. Qarşımda əlləri stolda, gözləri boşluğa dikilmiş bir uşaq əyləşmişdi. Mənim şagirdim…
Uşağın gözləri heç bir şey demirdi. Sanki içindəki uşaq çoxdan ölmüş, yerinə bir kölgə keçmişdi. Prokurorluğun dindirilmə otağında qarşımdakı 15 yaşlı şagirdim — məktəbimizin bir zamanlar tərbiyəli, sakit hesab etdiyi uşağı — anasını amansızcasına qətlə yetirmişdi.
Səbəb? Sosial şəbəkədə, “TikTok”da anasının başqa bir kişi ilə yazışması. Oğul heysiyyatını qorumaq adı ilə əli bıçağa sarılmış, qətiyyətlə vurmuşdu… həm də neçə dəfə.
Amma daha dəhşətlisi odur ki, bu azyaşlı həmin hərəkəti törətməzdən öncə ChatGPT kimi süni intellekt platformasından uzun müddət gecələr məsləhətlər alıb, qətl planının nəticələrini sorğulamışdı. “Nə etsəm, nə qədər cəza alaram?”, “Haradan vursam, az cəza düşər?”, “Ürəkdən vursam neçə il cəza düşər?”, “Boyundan vursam cəzam az olar?” “Namaz qılan olsam, yüngülləşdirici səbəb sayılar?” — deyə sistemə suallar verib. O, tək deyildi. O, bir simptom idi. O, çağdaş faciənin cisimləşmiş nəticəsi idi… Uşaq artıq cəzanın hüquqi riyaziyyatını öyrənmişdi. Vicdanın isə heç bir mühakimə ölçüsü qalmamışdı…

“Sizə məktəbdə ana sevgisi haqqında inşa yazdırmayıblarmı?”

Baxdım gözlərinin içinə. Və bilmədən dedim:

— Sizə məktəbdə fənn müəllimi ana sevgisi haqqında inşa yazdırmayıbmı?

Cavab vermədi. Nə susması, nə baxışı, nə də nəfəsi bir uşağa bənzəyirdi.

Əslində cavab birdi: Bəli, yazdırmışıq. Amma oxumamışıq. Duyğulandırmamışıq. Hiss etdirməmişik. Təhsil sistemimiz qiymət almağa çalışır, qəlbə toxunmağa yox. Fənlər — əzbərləmə yarışıdır. Tərbiyə isə ədəbiyyat kitablarında gözdən iraq qalıb.

Məhkəmədə…

O, məhkəmə salonuna gətiriləndə başını qaldırmadı. Hakim sual verdi, lakin onun baxışları tərcüməçi tələb edəcək qədər qaranlıq idi.
Həmin an mənim içimdə bir müəllim yox, bir ata ağlayırdı. Susqun bir vicdan yıxılmışdı yerə. Bir xalqın gələcəyi sinif otağından yox, cinayət zalından keçirdi.
İstintaq zamanı — bir müəllimin kabusu
Məni həmin uşağın evindəki istintaq çəkilişinə dəvət etdilər. Müəllimi kimi…
Divarlarda çərçivədə bir diplom, bir də 5-ci sinifdə çəkilmiş şəkil vardı — təbəssümündə hələ qaranlıq olmayan bir uşaq.
Mən ayaq üstə durmağa çətinlik çəkirdim. Hər otaq, hər nəfəs, hər kölgə məni sarsıdırdı. Harada səhv etdik? Biz onu itirməmişdik — biz onu görməmişdik. Görə bilməmişdik…

Əxlaq, mədəniyyət və təhsil sistemi – hansı uğursuzluq uşaqdan qatili yaradır?

Məktəb uşaqda savad formalaşdırır, bəs əxlaqı? İnanmaq çətindir, amma bu gün bizdə “əxlaq dərsi” sadəcə anlayışdan ibarətdir. Tərbiyə, davranış, hiss – bunlar valideynin və müəllimin iş birliyiylə formalaşmalı olduğu halda, sosial şəbəkələr bu sahəni ələ keçirib.
O uşaq məktəbdə biologiya, fizika və riyaziyyat oxuyur. Amma sevməyi, bağışlamağı, əxlaqı, səbirli olmağı, qadına necə yanaşmağı öyrənməyib. Çünki heç bir fənn ona bunu öyrətmir.
Milli dəyərlər televiziyada şouların altında əzilir. Ailə institutları isə ailə içində yox, telefonun içində dağılır.

Virtual qaranlıq: şagirdin təkamülü yoxsa tənəzzülü?

Bu günün məktəblisi — əlimizdə, gözümüz önündə böyüyən uşaq — artıq müəllimin, valideynin, cəmiyyətin birgə yaratdığı tərbiyə modelinin məhsulu deyil. O, teleqram kanallarının, TikTok-un, YouTube shorts-ların və süni intellektin qeyri-rəsmi, məsuliyyətsiz müəllimlərinin əsəridir.
Əvvəllər uşağın əlində kitab olardı, indi isə… qəddar virtual dünya.
ChatGPT, Google və digər platformalar təhsil və inkişaf üçün qurulmuş olsa da, bilməyən beyinlərdə onlar bıçaq rolunu oynayır. Bıçaqla çörək də kəsərsən, can da alarsan. Məsələ bıçaqda deyil, onu tutan əldir. Amma bu əl artıq əxlaqdan, mənəviyyatdan, ailədən, məktəbdən qopub.

Milli dəyərlərin süqutu və ailə institutunun sarsılması

Bu faciə təkcə bir ailənin yox, bir xalqın, bir nəsilin fəlakətidir. Ana — müqəddəsdir. Azərbaycan mentalitetində ana Allaha ən yaxın duran məfhumdur. Amma bir uşaq, öz anasını günahlandırır, mühakimə edir və… cəzasını verir. Bu artıq xəstəlik deyil — bu, ictimai və mənəvi pandemiyadır.
Sosial şəbəkələrin 12-16 yaşlı şagirdlər üçün sərbəst və nəzarətsiz olması artıq qətl törətmək gücündədir. Ailə tərbiyəsi zəifdir, məktəb isə resurssuz və nüfuzsuz qalıb. Müəllimin səsi evdə eşidilmir, valideynin səsi isə mobil telefondan gələn qarmaqarışıq səslərin içində boğulur.

Valideynsiz böyüyən, amma valideynin yanında yaşayan uşaq

Şagirdin sosial izolyasiyası, saatlarla telefonla bağlı qalması, ailədə sevgi yerinə tənqid, təhqir və nəzarətə əsaslanan münasibətlər onun şəxsiyyətində qaranlıq boşluqlar yaradır. O, nə ailədən şəfqət görür, nə məktəbdə sevgiylə qarşılanır, nə də cəmiyyətə aid hiss edir özünü.
Əgər bu uşaq, bu şagird, süni intellektə gecə saat 3-də mesaj yazırsa və ondan “mənim cəzam az necə olar?” sualını soruşursa — burada günah ChatGPT-də deyil, onu buna aparan boşluqdadır.

Gələcək nəslin faciəsi: telefon böyüdür, internet tərbiyə edir

Bu gün biz uşaqlarımıza nə veririksə, sabah bizə onu qaytaracaqlar. Əgər biz onlara:

* Sevgi yox, nəzarət,
* Təhsil yox, qiymət yarışı,
* Dialoq yox, hökm,
* Ailə yox, qorxu veririk,
onlar da bizə sayğı yox, soyuqluq, söhbət yox, nifrət, seçim yox, zorakılıq qaytaracaqlar.

Dövlət, məktəb və ailə nə etməlidir?

1. Sosial şəbəkələrə yaş senzurası və ciddi texnoloji nəzarət tətbiq olunmalıdır.
2. Süni intellekt platformalarında 18 yaşdan aşağı istifadəçilər üçün təhlükəsizlik baryerləri və məzmun filtrləri hazırlanmalıdır.
3. Məktəblərdə məcburi rəqəmsal savad və əxlaq dərsləri keçirilməli, virtual davranış qaydaları öyrədilməlidir.
4. Valideynlərə xüsusi seminarlar təşkil olunmalı, onların nəzarətsiz texnologiyalara münasibəti dəyişdirilməlidir.
5. Ailə institutlarının gücləndirilməsi üçün dəstək proqramları – həm iqtisadi, həm də psixoloji – tətbiq edilməlidir.
6. Psixoloji xidmətlər məktəblərdə real, canlı, daim fəaliyyət göstərən hala gətirilməlidir.
7. Əxlaq və psixologiya mərkəzli dərslər fənn kimi tədris olunmalıdır.
8. Valideynlərlə iş ayrıca sistem halına gətirilməli, rəsmi məsuliyyət daşımalıdır.

Və mən…

Mən bu yazını yazdım, çünki artıq dərs dediyim uşaq məni dindirmə otağında qarşılayır… Mən onun məktəbdə keçirdiyim dərslərini xatırladım, hansı səhvimiz, hansı çatışmazlığımız onu bu hala saldı, sualını özümə verdim…
Susmaq olmaz. Çünki sükut bu qətllərə şərik olmaqdır… Çünki susmaq artıq cinayətdir…
Biz susduq, sosial şəbəkələr danışdı.
Biz göz yumduq, süni intellekt cavab verdi.
Biz tərbiyə etmədik, internet öyrətdi.
Bu faciə bir uşaqla başlamadı, təkcə bir ailənin dağıntısı deyil — bu, cəmiyyətin öz övladına olan laqeydliyinin məntiqi sonluğudur…

Anar,

Xüsusi olaraq KONKRET.az üçün…

Seçilən
8
50
konkret.az

10Mənbələr