AZ

“Yüksəliş” müsabiqəsi DİM üçün çox doğma layihədir - Məleykə Abbaszadə

"Yüksəliş" müsabiqəsi Dövlət İmtahan Mərkəzi (DİM) və şəxsən mənim üçün çox doğma layihədir.

Day.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.

O bildirib ki, burada istifadə olunan suallar və qiymətləndirmə alətləri DİM-in ekspert və mütəxəssisləri tərəfindən hazırlanır:

"Beş il ərzində bu layihənin uğurlu bir platformaya çevrilməsinin şahidiyəm. İldən-ilə istifadə olunan alətlər müasirləşir, iştirakçıların bilik və bacarıqlarının daha dəqiq qiymətləndirilməsi üçün yeni yanaşmalardan istifadə olunur. Bu il də belə oldu".

M.Abbaszadə qeyd edib ki, biliklərin qiymətləndirilməsi elmin bir hissəsidir və bu, olduqca mürəkkəb bir sahədir:

"Bu sahənin əsası vaxtilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradılan zaman qoyulmamışdı. TQDK o zaman təhsil sahəsində ən böyük korrupsiyaya məruz qalan bir sahəni təmizləmək məqsədilə yaradıldı. 1992-ci ildə siyasi qərarla mərkəzləşdirilmiş, müasir test üsulunun tətbiqinə başlanıldı. Həmin il ilk mərkəzləşdirilmiş imtahanları Türkiyədən gələn mütəxəssislər keçirmişdi və nəticələr Azərbaycanda yarım ildən sonra elan olunmuşdu".

O əlavə edib ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu sistemin saxlanılması və elmi əsaslarla inkişaf etdirilməsi prioritet kimi qarşıya qoyulub:

"Bu, olduqca çətin məsələ idi. Lakin biz yerli mütəxəssislərlə - psixoloqlar, proqramçılarla birlikdə çalışaraq sistemin məqsədini müəyyənləşdirməzdən əvvəl, ona daxil olacaq informasiyanın işlənməsi və elan olunması üçün alqoritmlərin yazılmasına başladıq. Bu, çətin və çoxşaxəli proses idi. İmtahanın məzmunu, təşkili və digər mərhələlər mürəkkəb mexanizmlərlə tənzimlənirdi".

DİM rəhbəri vurğulayıb ki, əsas prinsiplərdən biri şəffaflıq olub:

"Məlumatlar kiminsə şəxsi fikrinə əsasən dəyişdirilə bilməzdi. Bütün dəyişikliklər yalnız əvvəlcədən hazırlanmış alqoritmlər əsasında həyata keçirilməli idi. Bu, çox vacib idi".

Seçilən
16
50
day.az

10Mənbələr