Azərbaycan, Türkiyə və Ermənistan arasında Zəngəzur dəhlizi ilə bağlı əldə edilmiş razılaşmanın məxfiliyi ləğv edilib.
Referans xəbər verir ki, bununla bağlı Ermənistanın “Hraparak” qəzeti yazıb.
Erməni nəşrinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın iyunun 20-də Türkiyəyə səfərində dəhlizin açılması məsələsi razılaşdırılıb.
“Son günlər mediada həmin səfər zamanı əldə olunan razılaşma məxfilikdən çıxarılır. Məlumata görə, Ermənistan, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizi layihəsi üzrə razılığa gəlib ki, bu da regional geosiyasət və nəqliyyat şəbəkələrində ciddi dəyişikliyə səbəb ola bilər.
İyulun 3-də ABŞ-nin planının da məxfiliyi ləğv edilib. Bu plana görə, dəhlizə nəzarət özəl ABŞ şirkətinə veriləcək. Həmçinin bu plana əsasən, Rusiya dəhlizə nəzarətdən kənarda qalacaq”.
“Hraparak” qeyd edib ki, ABŞ-nin planı anti-Rusiya xətti tutan Ermənistan hakimiyyətinin maraqlarına uyğundur.
“Dünən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iyulun sonunda Dubayda görüşəcəyi xəbəri də yayılıb. Paşinyanın mətbuat katibi ümumi danışaraq həmin məlumatı təkzib etməyib: “Baş nazirin səfərləri ilə bağlı lazımi məlumatlar vaxtında verilir”, ‒ nəşr əlavə edib.
Ətraflı videoda: