AZ

Azərbaycan MDB-dən çıxacaq?

“Hesab edirəm ki, Azərbaycanın MDB-dən çıxması üçün hazırda həm ictimai rəy, həm də geosiyasi zəmin hazırdır. Moskva Bakı ilə münasibətləri bərpa etmək istəsə belə, bu prosesi başlatmaq üçün sözügedən təşkilatdan çıxmaq zəruridir”.

 

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Turan Rzayev öz sosial media hesabında bölüşüb. O bu vəziyyətin artıq ciddi siyasi addımlar tələb etdiyini bildirib. Politoloqun fikrincə, Moskvanın konstruktiv mövqe sərgiləməməsi və Rusiya ərazisində azərbaycanlılara qarşı artan qanunsuzluqlar fonunda Azərbaycanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması aktual və məntiqli qərar ola bilər.

 

Onun fikrincə, MDB-nin funksionallığı hazırda nə Azərbaycan, nə də digər üzv ölkələr üçün effektlidir. Qurum nə siyasi, nə də iqtisadi baxımdan səmərəli inteqrasiya modeli təklif edir. Gürcüstan və Ukraynanın bu birlikdən çıxması da MDB-nin gələcəyini sual altına alır.

 

 

“Azərbaycanın MDB-dən çıxması nə siyasi, nə də hüquqi baxımdan problem yaratmaz. Əvəzində Bakı daha müstəqil, çoxşaxəli və balanslaşdırılmış xarici siyasətini davam etdirə bilər. Rusiya ilə münasibətləri isə MDB çərçivəsində deyil, ikitərəfli diplomatik kanallar vasitəsilə daha effektiv tənzimləmək olar”, – deyə politoloq vurğulayıb.

 

Turan Rzayev hesab edir ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatında fəallaşması, Çin və Aİ ilə əlaqələri gücləndirməsi, həmçinin NATO və Qərb institutları ilə əməkdaşlığı onun alternativ tərəfdaşlıqlara çıxışını genişləndirir. O bildirir ki, bu gün artıq nə ictimai rəy, nə də geosiyasi şərait Azərbaycanın MDB-dən çıxmasına əngəl yaratmır.


“Əgər Moskva Bakı ilə münasibətləri yenidən bərpa etmək niyyətindədirsə, bu prosesi başlatmaq üçün ilk növbədə Azərbaycan MDB-dən çıxmalıdır”, – deyə Rzayev fikrini tamamlayıb.

 

Bəsti Rəfizadə
Sfera.az

Seçilən
7
11
sfera.az

10Mənbələr