Ermənistanın baş naziri Nikol Paşinyanın ötən günlərdə İstanbula səfər etməsi və Dolmabağça sarayında qəbul edilməsi regionda baş verən son hadisələrlə paralel olaraq daha çox əhəmiyyət kəsb edir. Bu səfər yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də geosiyasi mənzərənin dəyişməsi kontekstində qiymətləndirilməlidir.
KONKRET.az xəbər verir ki, bu fikirləri türkiyəli siyasi analitik Şahin Ahmet səsləndirib:
“2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra Ermənistan ardıcıl olaraq məğlubiyyətin məsuliyyətini Rusiyanın üzərinə atmağa başlayıb. 2021-ci ildən etibarən Ermənistan rəhbərliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) öhdəliklərini yerinə yetirmədiyini, xüsusilə də 2023-cü ildə Azərbaycanın Xankəndidə apardığı lokal antiterror tədbirləri zamanı Rusiya tərəfindən müdafiə olunmadıqlarını bildiriblər. Moskva isə bu tənqidlərə cavab olaraq bəyan edib ki, Ermənistanın öz ərazilərinə hücum edilməyib, döyüşlər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarında baş verib. “Əgər kimsə Ermənistan ərazisinə girsəydi, biz müdaxilə edərdik,” – deyə Rusiya tərəfi açıqlayıb. Rusiya üçün daha narahatedici məqam isə 2021-ci ildə Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi ilə bu iki dövlətin hərbi-siyasi müttəfiqliyinin rəsmiləşdirilməsi olub. NATO üzvü olan Türkiyənin Cənubi Qafqazda artan rolu, Moskvanın bölgədəki ənənəvi nüfuzuna təhdid kimi qiymətləndirilir.
Ermənistan baş naziri Paşinyan açıq şəkildə Qarabağın Azərbaycanın ərazisi olduğunu açıqlayıb və sülh prosesinin başladığını elan edib. Bu, Rusiya Prezidenti Vladimir Putinin narahatlığına səbəb olub. O, müxtəlif çıxışlarında “biz Qarabağı təhvil vermədik, Paşinyan özü Azərbaycanın ərazisi olduğunu tanıyıb” deməklə məsuliyyətdən yayınmağa çalışıb. Hazırda Paşinyan regionda sülh prosesini davam etdirməyə çalışsa da, daxildə ciddi müqavimətlə qarşılaşır. Ermənistan kilsəsi və onunla əlaqəli radikal qrupların təşkil etdiyi etirazlar və təzyiqlərin arxasında Rusiya dayanır. Paşinyan isə bu cəbhəyə qarşı sərt mövqe sərgiləyərək, kilsə daxilində əməliyyatlar həyata keçirib.
Rusiya XİN rəhbəri Sergey Lavrov isə bu addımları “kilsəyə hörmətsizlik” adlandıraraq, narahatlığını ifadə edib. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə Lavrova cavab olaraq, “Sən öz işinlə məşğul ol,” deyə bildirib. Bu açıqlamalar Ermənistan-Rusiya münasibətlərinin demək olar ki, qırılma nöqtəsinə gəlib çatdığını göstərir. Bu fonda isə Ermənistan və Azərbaycan liderlərinin yaxın zamanda BƏƏ-də, Dubay şəhərində görüşəcəyi bildirilir. Ermənistan hökumətinin sözçüsü bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib: “Mən yalnız səfərlərin vaxtını dəqiqləşdirə bilərəm,” – deyə o, vurğulayıb.
Digər tərəfdən, Türkiyə, Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi məsələsində Rusiyanı kənarda saxlayan yeni bir mexanizm üzərində razılıq əldə edildiyi iddia olunur. ABŞ-ın da bu prosesə dəstək verdiyi, İranın isə zəif durumda olduğu vurğulanır.
Vladimir Putin həm Azərbaycan, həm də Ermənistanla münasibətlərini gərginləşdirməklə bölgədəki nüfuzunu sürətlə itirir. Bu isə Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşmasına səbəb olur.
Müşviq Tofiqoğlu
KONKRET.az