Vaşinqtonda yerləşən Karneqi Beynəlxalq Sülh Fondu diplomatik mənbələrə istinadən maraqlı iddia ilə çıxış edib. İddiaya görə, Zəngəzur koridoruna ABŞ şirkəti nəzarət edəcək.
Fond yazır ki, Tramp administrasiyası “Zəngəzur dəhlizi”nin açılması üçün bir ABŞ şirkətini “dəhlizin neytral qarantı” kimi təklif edib. ABŞ logistika şirkəti dəhlizdə məlumatların tərəflərlə paylaşılması, marşrut boyunca yük tranzitinin idarə edilməsi və monitorinqinə cavabdeh olacaq. ABŞ rəsmilərindən biri Karnegi Fonduna deyib ki, bu plan bəlkə də ABŞ prezidenti Donald Trampa Nobel Sülh Mükafatı qazandıra bilər.
Mövzu ilə bağlı Globalinfo.az ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzanın fikirlərini öyrənib.
Onun sözlərinə görə, Karneqi Beynəlxalq Sülh Fondunun bu hesabatında Tramp administrasiyasının ABŞ şirkətinin Zəngəzur dəhlizinin neytral zəmanətçisi olmasını təklif etdiyi barədə çox az məlumat var:
“Karneqi Fondunun hesabatında heç bir yerdə bu barədə məlumat görməmişəm. Bununla belə, bu, inandırıcıdır, çünki bilirsiniz ki, Avropa İttifaqı keçmişdə buna bənzər bir şey təklif etmişdi, hansı ki, hələ də reallaşmayıb. 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan, Prezident Əliyev, baş nazir Paşinyan və Prezident Putin üçtərəfli atəşkəs bəyanatı imzaladıqdan sonra, bu Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin edən tərəfin kim olacağı mübahisəli mövzuya çevrilmişdi. Üçtərəfli sazişə əsasən, ölkələr arasında bütün nəqliyyat əlaqələri açılacaq və Zəngəzur dəhlizinin təhlükəsizliyi Rusiya FTX, yəni təhlükəsizlik xidməti qoşunları tərəfindən qorunacaq”.
Diplomatın sözlərinə görə, təbii ki, bu, nə Ermənistanın, nə də Azərbaycanın istədiyi bir şeydir:
Metyu Brayza
“Ermənistan dəhlizin suveren Ermənistan ərazisində olduğunu göstərmək istəyir. Azərbaycan Rusiyanın dəhlizə heç bir müdaxiləsini istəmir. Baxmayaraq ki, bilirsiniz, Azərbaycan Rusiya ilə yaxşı münasibətlər və ya ən azından balanslı münasibətlər qurmaq istəyir, baxmayaraq ki, hazırda iki ölkə arasında böyük gərginlik var.
Məncə, Azərbaycan Rusiyanın FTX qoşunlarının Zəngəzur dəhlizində zorla da olsa iştirak edəcəyini hiss edib. Azərbaycan üçün ABŞ-ın hansı logistik şirkətinin bura cəlb oluna biləcəyi bəlli deyil, amma bilirsiniz ki, bu önəmlidir. Demək istəyirəm ki, bayaq təsvir etdiyim hadisələri nəzərə alsaq, Ermənistan və Azərbaycan istərdilər ki, dəhlizin təhlükəsizliyini təmin edən qurum neytral ölkədən olsun”.
M.Brayza qeyd edib ki, bu baxımdan ABŞ, şübhəsiz ki, Rusiyadan daha münasib mövqedədir:
“Düşünürəm ki, bu neytral rolu Türkiyənin oynaya bilməsi üçün ermənilər münasibətlərin normallaşdırılmasında o məqama çatmayıb və o rahatlığı hiss etmirlər. Hesab edirəm ki, Türkiyə ilə Azərbaycanın 2021-ci il Şuşa Bəyannaməsi ilə müəyyən edilmiş strateji tərəfdaşlığa malik olduğunu nəzərə alsaq, Ermənistan Türkiyənin buradakı rolunun neytral olacağını düşünmür.
Beləliklə, ABŞ həm Azərbaycan, həm də Ermənistan tərəfindən neytral sayıla bilər. ABŞ şirkəti nəzəri olaraq bu işi yerinə yetirir – indi bizə yalnız bu məlumdur. Amma aydındır ki, Prezident Tramp Nobel sülh mükafatı almağa can atır. Bir neçə ay əvvəl onun nümayəndəsi Stiv Uidkof Bakıda səfərdə olub. Səfərin məqsədi barədə çox məlumat verilmədi. Amma təxmin edirəm ki, bu, bir növ Prezident Trampın sülh müqaviləsində iştirak etmək istəməsi ilə əlaqədardır. Ümid edirik ki, tezliklə bu, Ermənistan və Azərbaycan arasında bağlansın və Prezident Trampın nöqteyi-nəzərindən o, həqiqətən də Nobel mükafatı ala bilsin”.