AZ

ECO-nun 17-ci Zirvə Toplantısı regional inteqrasiya və dayanıqlı inkişaf istiqamətində əhəmiyyətli hadisədir

Bu gün Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü öz işinə başlayıb. Bu məqsədlə ECO-ya üzv olan ölkələrin dövlət və hökumət başçıları, rəsmi nümayəndə heyətləri Xankəndi şəhərində bir araya gəliblər. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev,  Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar və digər mötəbər qonaqlar iştirak edirlər.

Prezident İlham Əliyev 17-ci Zirvə görüşündə çıxışı zamanı Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbirin keçirildiyini vurğulayaraq “2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim” deyib,  Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycanın ECO-nun işində həmişə fəal olduğunu da qeyd edərək, bu təşkilata üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf ediyini diqqətə çatdırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Zirvə Toplantısının gündəliyini "İki sahil"ə şərh edərək bildirib ki, bu görüş təşkilatın regional inteqrasiyanı dərinləşdirmə və dayanıqlı inkişaf istiqamətində strateji trayektoriyasında əhəmiyyətli hadisə kimi qiymətləndirilir: “ECO ölkələri 8 milyon kv.km-dən çox ərazini əhatə edir və təxminən 550 milyon nəfərlik əhalisi ilə dünya əhalisinin 6 faizindən çoxunu təşkil edir. Zəngin təbii ehtiyatlar, geoiqtisadi mərkəz kimi strateji mövqe və artan iqtisadi ambisiyalar bu regionu qlobal ticarət və investisiya mərkəzinə çevirmək potensialına malik edir. 2023-cü il üzrə İƏT ölkələrinin ticarət dövriyyəsi 1.016 trilyon ABŞ dolları olub və bu, qlobal ticarətin 4.31 faizini təşkil edir. 2022-ci illə müqayisədə bu rəqəm azalsa da  (4.48 faiz),  böyük ticarət potensialına malikdir. 2023-cü ildə İƏT ölkələrinin ticarət kəsiri 118.4 milyard ABŞ dolları olub ki, bu da regionun ixrac imkanlarının mövcud potensialdan tam istifadə etmədiyini göstərir”.

V.Cəfərova qeyd edib ki, xarici birbaşa investisiyalar (XBİ) sahəsində də müsbət dinamika qeydə alınır. 2020-ci ildə 18 milyard dollar, 2021-ci ildə 21.4 milyard dollar, 2022-ci ildə isə 25.7 milyard dollar dəyərində XBİ axınları qeydə alınıb. Bu, 3 il ərzində 30 faizlik artım deməkdir: “Həmçinin cənab prezidentin dediyi kimi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir. Ölkəmiz bu sahədə də ECO-ya üzv ölkələrə böyük töhfə verə bilər”.

TDAM rəhbəri vurğulayıb ki, Azərbaycan ECO çərçivəsində şəffaf iqtisadi siyasəti, ticarət logistikası, siyasi iradə və liderliyi ilə mühüm rola malikdir. Strateji baxımdan Azərbaycan  bir sıra mühüm ECO tədbirlərinə ev sahibliyi etməklə regional inteqrasiya lideri kimi mövqeyini daha da gücləndirmişdir: “ECO-nun əvvəlki iki zirvə görüşü 2006-cı və 2012-ci illərdə Bakı şəhərində keçirilib. Bu gün isə biz işğaldan azad etdiyimiz ərazilərdə belə mötbər tədbir keçirməyə nail olduq”.

Seçilən
4
27
ikisahil.az

10Mənbələr