AZ

MİQ-də yüksək nəticə göstərən müəllim: İmtahanlara hazırlaşmamışam

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin ikinci günüdür.

Bu gün I seansda tarix və coğrafiya, II seansda isə Azərbaycan dili və ədəbiyyat fənlərindən imtahan keçirilir. İmtahandan yüksək bal toplayanlardan biri də 93.75 bal toplamış Coğrafiya müəllimi Tural Taqiyevdir.

 

AzEdu.az həmin müəllimlə əlaqə saxlayıb:

"2010–2014-cü illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix və Coğrafiya müəllimliyi ixtisası üzrə bakalavr təhsili almışam. Həmin illərdə qəbul imtahanında da yüksək bal toplayaraq universitetə daxil olmuşdum. Bakı Dövlət Universitetində təhsilimi davam etdirərək Geomorfologiya üzrə magistratura pilləsini də tamamladım. Hazırda Bakı şəhəri 214 nömrəli tam orta məktəbdə həm coğrafiya müəllimi, həm də direktor müavini kimi fəaliyyət göstərirəm. İmtahanlara heç vaxt xüsusi, planlı şəkildə hazırlaşmamışam. Mənə görə, müəllimlik özü elə hazırlıq prosesidir. Hər gün sinfə girib dərs dedikcə, hər yeni mövzuya toxunduqca, illərlə kitablarla təmasda olduqca insanın bilikləri həm təzələnir, həm də dərinləşir. İmtahana hazırlaşmaq deyəndə mən bunu başa düşürəm: gündəlik tədris prosesində daim aktual qalmaq, fənnə marağı itirməmək, biliklərini zamanla cilalamaq.

Bu il də imtahana sadəcə özümü sınamaq, yeni tipli suallarla tanış olmaq məqsədilə qatıldım. Əvvəlki illərdə də yüksək nəticə göstərmişdim – məsələn, 2020-ci ildə 90 bala yaxın bal toplamışdım. Müxtəlif məktəblərdən təkliflər gəlsə də, hazırda işlədiyim məktəbdən və kollektivdən razıyam. Bu səbəbdən iş yerimi dəyişmək niyyətim yoxdur.

İnanıram ki, bir müəllim gündəlik dərs dediyi mövzuları kifayət qədər diqqətlə öyrənsə, davamlı şəkildə fənni ilə məşğul olsa, heç bir əlavə hazırlığa ehtiyac duymadan da yüksək nəticə göstərə bilər. Suallar müəllimlik təcrübəsi olan biri üçün onlar həm tanış, həm də cavablandırıla biləndir. Amma bu, o demək deyil ki, təzə məzunlar uğur qazana bilməzlər – onlar da vaxt ayırıb kitablarla sistemli şəkildə işləsələr, nəticə əldə edəcəklər".

 

 

Seçilən
17
21
azedu.az

10Mənbələr