Hazırda Zəngəzur dəhlizi uğrunda adətən görünməyən, lakin kifayət qədər gərgin bir geosiyasi savaş gedir. Bu dəhliz artıq təkcə regional deyil, beynəlxalq güc mərkəzlərinin maraq dairəsində olan strateji xəttə çevrilib. Ermənistan mətbuatının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsinə ABŞ şirkətinin nəzarət etməsini istəyir.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirdi ki, Zəngəzur dəhlizinə nəzarət məsələsi artıq qlobal siyasətin predmetinə çevrilib:
"Bu yol iqtisadi layihədən daha çox siyasi layihə kimi gündəmdədir. Rusiya da bu yola nəzarət etmək istəyir. İran ümumiyyətlə bu dəhlizin açılmasına razı deyil. Eləcə də Amerika və Avropa bu dəhlizə nəzarət etmək niyyətindədir".
Siyasətçinin sözlərinə görə, supergüclü ölkələrin bu dəhlizə nəzarəti çox ciddi problemlər yarada bilər.
"Ən yaxşı variant budur ki, Azərbaycan və Ermənistan ortaq bir güc yaradaraq həmin dəhlizə bu iki respublikanın özünün nəzarət etməsinə nail olmalıdır. Başqa güclərin bu yola nəzarəti digər gücləri qıcıqlandıracaq, bölgədə təxribatlara cəhdlər olacaq. Dəhlizin ən güclü müdafiə və mühafizəsi yalnız Azərbaycan və Ermənistanın birləşmiş qüvvələri vasitəsilə həyata keçirilməlidir", - deyə S.Cəlaloğlu bildirdi.
Nuriyyə NATİQQIZI