AZ

Vaxt çatdı: 6 ölkə hərəkətə keçməlidir, əks halda… – Bakı da siyahıdadır

Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində türk liderlərinin bir-birilə rus dilində ünsiyyət qurması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu hadisə türk dövlətləri arasında dil birliyi məsələsini və ortaq türkcə ideyasını yenidən gündəmə gətirib. Uzun illərdir bu istiqamətdə çağırışlar səslənsə də, real nəticə yoxdur.

Niyə hələ də ortaq türkcə yaradılmır?

Globalinfo.az-a danışan türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı deyib ki, bu istiqamətdə problemlər çoxşaxəlidir:

“Birincisi, türk xalqları uzun müddət müxtəlif imperiyaların tərkibində yaşayıb və müstəmləkəçi güclərin dil siyasətinə tabe olub. Bu, dillərin bir-birindən uzaqlaşmasına, həmçinin, rus və fars dillərinin ünsiyyət dili olaraq güclənməsinə səbəb olub. Nəticədə, “türk” olmaq kimliyi ortaq qalsa da, qarşılıqlı anlaşma zəifləyib. Bu, sadəcə ləhcə və şivə fərqi deyil, orfoqrafiya, leksika, sintaksis və üslub baxımından da ciddi fərqlər doğurub. İkincisi, müstəqilliklərini bərpa etdikdən sonra türk dövlətlərinin hər biri dil məsələsini milli suverenliyin rəmzi kimi qəbul edib və haqlı olaraq öz türkcəsini dövlət dili kimi inkişaf etdirməyə üstünlük verib. Ancaq bu zaman ortaq türkcənin zəruriliyi ikinci plana keçib. Çünki belə təşəbbüsləri bəzi dairələrdə “dominant türkiyəliləşdirmə” qorxusu kimi qarşılanıb. Üçüncüsü, türk dövlətləri arasında ünsiyyət ehtiyacları artdıqca, əvvəllər öyrənilmiş və müəyyən praktiki fayda vermiş rus dili, təəssüf ki, hələ də əsas ünsiyyət dili olaraq istifadə olunur. Bu da ortaq türkcənin yaranmasına həm psixoloji, həm də texniki maneələr yaradır”.

ekk

Əkbər Qoşalı

Türkoloq bildirib ki, Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan alimləri birgə neologizmlər, ortaq qrammatik qaydalar və terminlər üzərində işləməlidir:

“Akademik yanaşma əsasında heç bir dövlətin dilinə üstünlük verilməməli, kompromis əsasında ortaq bir model yaradılmalıdır. Mediada və texnologiyada ortaq türkcəyə xüsusi diqqət yetirilməlidir. Xüsusilə, gənclər arasında populyar olan platformalarda ortaq türkcənin pilot versiyaları tətbiq oluna bilər. Bu,ortaq türkcənin praktik istifadə olmasına şərait yaradacaq. Təhsil sistemlərində paralel proqramlar tətbiq edilməli, dil mübadiləsi proqramları genişləndirilməlidir. Xoca Əhməd Yəsəvi adına Qazax-Türk, Manas və Türkiyə–Azərbaycan Universitetləri bu planda öz töhfələrini verməlidir. Həmçinin, ötən il müəyyən bir akademik səviyyədə sabitləşmiş ortaq əlifba məsələsi də yenidən gündəmə gətirilməlidir”.

Ə.Qoşalı əlavə edib ki, ortaq türkcə zehni birliyin, strateji əməkdaşlığın və mənəvi qardaşlığın ifadəsi olmalıdır:

“Necə ki, Avropa Birliyi üçün ingilis dili, Ərəb dünyası üçün Quran əsaslı ərəb dili, Çin üçün mandarin dili strateji əhəmiyyət kəsb edirsə, Türk dünyası üçün də ortaq türkcə həm simvolik, həm də funksional bir dəyər daşımalıdır. Bu məsələ yenə təxirə salınarsa, yaxın onilliklərdə türk dövlətləri bir-birinə daha da yaxınlaşsa da, rus dili ilə “köprüləşmək” kimi paradoksal vəziyyətlər davam edəcək. Halbuki, bir-birimizlə danışmaq üçün başqa bir dilə ehtiyacımız olmamalıdır”.

Seçilən
5
40
editor.az

10Mənbələr