AZ

Yay tətili: Uşaqlar üçün istirahət, yoxsa inkişaf fürsəti? - ARAŞDIRMA

Bakı, 4 iyul, Təhminə Verdiyeva, AZƏRTAC

Yay tətili uşaqların səbirsizliklə gözlədiyi, məktəb yükündən azad olduqları və sərbəst vaxt keçirdikləri ən sevilən dövrlərdən biridir. Bu dövr yalnız istirahət deyil, eyni zamanda, uşaqların psixoloji və sosial inkişafı üçün də mühüm imkanlar yaradır. Mütəxəssislərin fikrincə, düzgün planlaşdırılmış tətil proqramı uşaqların şəxsiyyətinin formalaşmasında və bacarıqlarının inkişafında əvəzsiz rol oynayır. AZƏRTAC yay tətilinin uşaqların inkişafında rolu ilə bağlı apardığı araşdırma məqaləni təqdim edir.

Yay tətilinin uşaqlar üçün əhəmiyyəti

Tədqiqatlar göstərir ki, yay aylarında uşaqların zehni və emosional rahatlığa ehtiyacı artır. ABŞ-da aparılmış bir araşdırmaya görə, məktəb dövründə stres yaşayan uşaqların 68 faizi yay tətilində daha pozitiv emosiyalar nümayiş etdirir. Bu da sübut edir ki, tətil yalnız fiziki deyil, həm də psixoloji istirahət baxımından olduqca vacibdir.

Psixoloq Elmir İsgəndərov qeyd edir ki, yay tətili sadəcə dərslərdən uzaqlaşmaq deyil, uşaqların fərdi inkişafı üçün də əvəzsiz fürsətdir. Onun sözlərinə görə, tətil proqramı sərt qaydalara deyil, elastikliyə əsaslanmalı, uşağın yaşına, emosional ehtiyaclarına və maraqlarına uyğun tərtib olunmalıdır.

“Tətil bir nəticə deyil, ehtiyacdır. Uşağın tətilə çıxması onun akademik nailiyyətləri ilə əlaqələndirilməməlidir. Tətil sanki bir mükafat və ya cəza deyil, uşağın inkişaf və istirahət hüququdur”, – deyə E.İsgəndərov bildirir.

Psixoloqun fikrincə, tətil zamanı dərs oxumağa məcbur etməkdənsə, uşağın öyrəndiklərini təcrübə ilə əlaqələndirmək daha faydalıdır. Məsələn, təbiətlə bağlı məlumat alan uşaq təbiətdə müşahidə aparmalı, tarixə marağı olan uşaq muzeylərə və tarixi yerlərə aparılmalıdır.

Texnologiyadan istifadəyə nəzarət

Uşaqların yay tətilində mobil telefon və ekran qarşısında keçirdikləri vaxt artır. Bu isə onların psixoloji balansına mənfi təsir edə bilər. Psixoloq vurğulayır ki, telefon istifadəsinə məhdudiyyət qoymaq uşağın real həyatla əlaqəsini qorumaq baxımından vacibdir. Valideynlər övladları ilə birlikdə vaxt keçirməli, birgə xatirələr formalaşdırmalıdırlar. Bu, həm ailə münasibətlərini möhkəmləndirir, həm də uşaqların emosional rifahını gücləndirir.

“Təbiətdən uzaq qalmaq uşağın daxili tarazlığının pozulmasına səbəb ola bilər. Tətil proqramına açıq hava fəaliyyəti, səfərlər, idman və düşərgələr daxil edilməlidir”, – deyə psixoloq bildirir.

Tətilin sonunda uşaqların məktəb rejiminə uyğunlaşması üçün keçid dövrü planlaşdırılmalıdır. Qəfil dəyişikliklər uşaqlarda stres və motivasiya itkisinə səbəb ola bilər. Bu baxımdan adaptasiya mərhələsi diqqətlə təşkil olunmalıdır.

Uşaqların inkişafı üçün praktik təkliflər

Gündəlik rejim qurmaq. Hər gün üçün əsas fəaliyyət planı tərtib edilməlidir. Məsələn, səhər idmanı, günorta oxu saatı, axşam yaradıcılıq məşğələləri.

Oxu vərdişləri. Yay aylarında mütaliə vərdişlərini qorumaq uşağın zehni inkişafı üçün olduqca faydalıdır.

Ailə ilə keyfiyyətli vaxt keçirmək. Səfərlər, oyunlar, film saatları ailə bağlarını gücləndirir.

Yeni bacarıqlar öyrənmək. Musiqi aləti çalmaq, yeni dil öyrənmək, yemək bişirmə kimi bacarıqlar yay tətilində rahatlıqla inkişaf etdirilə bilər.

Psixoloq Zəhra Hüseynzadə isə bildirir ki, yay tətili uşaqların məktəb və imtahan stresindən uzaqlaşaraq maraqlarını və yaradıcılıq qabiliyyətlərini kəşf etməsi üçün nadir fürsətdir. Onun fikrincə, bu dövrdə asudə vaxtın çoxalması uşaqlarda müstəqillik hissini formalaşdırır və psixoloji inkişafı dəstəkləyir.

Lakin o da qeyd edir ki, tətil dövründə bəzi mənfi hallar da müşahidə olunur: “Boş vaxtın artması bəzi psixoloji pozuntuları daha da dərinləşdirə bilər. Bunlara obsesiv-kompulsiv pozuntu, qumar asılılığı və internet oyunlarına meyil daxildir. Bu səbəbdən valideynlər sevgi dolu, lakin qətiyyətli yanaşma sərgiləməli, lazım gəldikdə övladlarına “yox” deməyi bacarmalıdırlar”.

Mütaliənin əhəmiyyəti

Uşaqlar yayda mütaliəni davam etdirdikdə həm təhsildə geri qalmır, həm də daxili dünyaları zənginləşir. Mütaliə onların emosional ifadə qabiliyyətini və dil bacarıqlarını da inkişaf etdirir. Bu nəticəyə gəlmək olar ki, yay tətili uşaqlar üçün yalnız istirahət yox, həm də şəxsiyyət və bacarıqlarının inkişafı üçün mühüm bir dövrdür. Valideynlərin bu prosesi düzgün idarə etməsi uşaqların həm bu günü, həm də gələcəyi üçün əhəmiyyətlidir. Səmərəli təşkil olunmuş tətil proqramı uşaqlarda müsbət vərdişlərin formalaşmasına, emosional rifahın artmasına və ailə bağlarının güclənməsinə töhfə verir.

Seçilən
22
18
azertag.az

10Mənbələr