Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Tez-tez belə bir fikir səsləndirilir ki, müəllimlərin işə qəbulu (MİQ) imtahanı sualların səviyyəsinə və vaxt məhdudiyyətinə görə sertifikasiya imtahanından daha çətindir və daha çox hazırlıq tələb edir. Bu fərqi imtahanlara ayrılan vaxtdan da görmək mümkündür: Sertifikasiya imtahanı üçün müəllimlərə 60 dəqiqə vaxt ayrıldığı halda, MİQ imtahanı 150 dəqiqə davam edir.
Bəs görəsən, müəllimlərin MİQ və sertifikasiya imtahanlarını bir-biri ilə müqayisə etməsi nə qədər məntiqlidir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirdi ki, bu iki imtahanın məqsədi, məzmunu, hüquqi və funksional mahiyyəti bir-birindən fərqli olduğu üçün onların eyni çərçivədə müqayisə olunması yanaşma baxımından qüsurludur.
"MİQ imtahanı işə qəbul məqsədi daşıyırsa, sertifikasiya imtahanı artıq sistemdə çalışan müəllimin fəaliyyətinin qiymətləndirilməsi və peşəkar inkişafının monitorinqidir. Əgər bu fərq nəzərə alınmadan müqayisə aparılırsa, nəticələr yanlış interpretasiyaya səbəb olur.
MİQ imtahanında müəllimlər vakant vəzifəyə təyinat üçün yarışır. Bu imtahan 150 dəqiqə davam edir və burada ixtisas bilikləri ilə yanaşı, metodika, pedaqoji situasiya, kurikulum və məntiq tapşırıqları da yer alır. Bu tip müxtəlif test strukturu iştirakçılardan daha geniş bilik, bacarıq və təfəkkür tələb edir. 2023-cü il üzrə statistikaya əsasən, MİQ imtahanında iştirak edən müəllimlərin yalnız 31%-i keçid balını toplamışdı. Bu fakt onu göstərir ki, MİQ daha çox seleksiya xarakterli imtahandır və burada əsas məqsəd yalnız biliyi yoxlamaq deyil, həm də potensial namizədlər arasında seçim etməkdir. Qanunvericilik baxımından da MİQ imtahanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 iyun 2020-ci il tarixli 275 nömrəli əmri ilə tənzimlənir və burada işə qəbulun müsabiqə yolu ilə aparılması əsas hüquqi baza kimi göstərilir.
Sertifikasiya imtahanı isə fərqli bir funksiyanı yerinə yetirir. Bu imtahan artıq tədris prosesində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi, peşəkar inkişaf ehtiyaclarının müəyyən edilməsi və əməkhaqqı sistemində diferensiallaşdırılmış yanaşmanın tətbiqi məqsədilə həyata keçirilir. 60 dəqiqəlik bu imtahanda yalnız ixtisas və metodika üzrə test tapşırıqları yer alır. Məqsəd müəllimin fəaliyyətinin səmərəliliyini və tədris etdiyi fənn üzrə bazis biliklərini qiymətləndirməkdir. 2024-cü ilin məlumatına görə, kimya fənni üzrə keçirilmiş sertifikasiyada iştirak edən 2500 müəllimin 85%-i keçid balını toplamış, orta nəticə 40 baldan yuxarı olmuşdur. Bu, göstərir ki, sertifikasiyada məqsəd seçim yox, inkişafın diaqnostikasıdır. Hüquqi əsas olaraq bu imtahan “Təhsil haqqında” Qanunun 30-cu maddəsinə, “Dövlət ümumi təhsil müəssisələrində pedaqoji işçilərin sertifikatlaşdırılması Qaydası”na əsaslanır və dövlətin müəllimin karyerasına və əməkhaqqı siyasətinə yönəlik alətidir".
Ekspert dedi ki, müsbət cəhət odur ki, hər iki imtahan pedaqoji sahəyə daxil olan və burada çalışan şəxslərin bilik səviyyəsinin qiymətləndirilməsi və sistemin keyfiyyət təminatı baxımından vacib rol oynayır:
"MİQ imtahanı tədrisə yeni başlayan şəxslərin ilkin seleksiyası üçün səmərəli vasitədir və təhsildə keyfiyyətin yüksəldilməsi baxımından filtr funksiyası daşıyır. Sertifikasiya isə mövcud müəllimlərin keyfiyyət baxımından inkişafını və fərqləndirici əməkhaqqı sisteminin formalaşmasını təmin edir. Məsələn, 2022-ci ildə sertifikasiya nəticəsinə görə 30 baldan yuxarı toplayan müəllimlərin maaşı 35%-ə qədər artırılmışdı. Bu isə müəllimlərin daha məsuliyyətli fəaliyyətə cəlb olunmasında mühüm stimul olmuşdur.
Mənfi tərəf isə ondadır ki, bəzi hallarda bu iki imtahanın forması arasında fərqliliklər aydın izah olunmadığı üçün müəllimlərdə çaşqınlıq yaranır. Xüsusilə sertifikasiyanın nəticələrinə əsasən maaş artımı tətbiq olunarkən, bəzi müəllimlər MİQ ilə müqayisə edərək öz nəticələrini daha zəif hesab edirlər. Bu zaman pedaqoji ictimaiyyət arasında haqlı və haqsız müqayisələr meydana çıxır.
K.Əsədov qeyd etdi ki, MİQ imtahanında yüksək bal toplayan müəllimlərin sertifikasiyada aşağı nəticə göstərməsi və ya əksinə hallar da mövcuddur ki, bu da testlərin strukturunun və məzmununun uyğunlaşdırılmasına ehtiyac olduğunu göstərir.
"Müəllimlərin bu iki imtahanı eyni səviyyədə müqayisə etməsi əslində nəticələrin təhrif edilməsinə, təhsil ictimaiyyətində yanlış qənaətlərin formalaşmasına səbəb olur. Əgər MİQ seleksiya və işə qəbul üçündürsə, sertifikasiya diaqnostika və inkişaf üçündür. Bu səbəbdən birində rəqabət var, digərində yox. Birində nəticə sıralama ilə təyinat verir, digərində isə yalnız fərdi inkişaf məqsədi daşıyır. Yaxşı olardı ki, Elm və Təhsil Nazirliyi tərəfindən bu iki imtahanın fərqləri ictimaiyyətə daha sistemli və aydın şəkildə izah edilsin, imtahan materialları üzrə nümunə bazası açıqlansın və müəllimlər arasında təlimlər keçirilsin.
Gələcəkdə dəyişməli olan odur ki, MİQ və sertifikasiyanın strukturu arasında müəyyən uyğunluq təmin edilsin, eyni zamanda, sertifikasiya imtahanı yalnız test formatında deyil, pedaqoji fəaliyyətin faktiki nəticələrinə əsaslanan müxtəlif qiymətləndirmə formaları ilə (portfel, dərs müşahidəsi, müəllim özünüqiymətləndirmə və şagird nailiyyəti göstəriciləri) tamamlanmalıdır. Bu, qiymətləndirmənin daha obyektiv və inkişafyönlü olmasını təmin edər", - deyə ekspert vurğuladı.
Xədicə BAXIŞLI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.