“Yüksəliş” müsabiqəsi ölkəmizin inkişafına yönəlmiş strateji addımlardan biridir. İnanıram ki, istedadlı şəxslərin dəstəklənməsi ilə biz daha güclü, daha dinamik və daha innovativ bir cəmiyyət quracağıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib. O bildirib ki, bu il Kənd Təsərrüfatı Nazirliyi ilə “Yüksəliş” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində nazirlik sistemində fəaliyyət göstərən əməkdaşlarımız üçün “Üfüq” Karyera İnkişaf Proqramı həyata keçirilib: “Nazirlikdə inzibati vəzifə tutan 2771 nəfər qeydiyyatdan keçib və aparılan müsabiqə nəticəsində 30 nəfər qalib elan edilib, onlardan 13-ü xanımdır. Növbəti mərhələdə, qalib olan əməkdaşların inkişaf proqramlarına, müxtəlif təlimlərə, kouçinq sessiyalarına cəlb edilməsi nəzərdə tutulur”.