Müasir dövrdə beynəlxalq miqrasiya, əmək miqrasiyası və xaricdə yaşayan vətəndaşların sayı artdıqca, onların hüquqlarının qorunması məsələsi daha aktual xarakter alır. Xüsusilə, xarici ölkələrdə hüquq-mühafizə orqanları ilə üz-üzə qalan, saxlanılan və ya cinayət məsuliyyətinə cəlb olunan şəxslərin hüquqlarının müdafiəsi həm hüquqi, həm də insani baxımdan ciddi əhəmiyyət daşıyır.
Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq normaları, xüsusilə də konvensiyalar, belə hallarda vətəndaşların hüquqlarının qorunmasını təmin etmək üçün mühüm mexanizmlər nəzərdə tutur. Ana dilində müdafiə hüququndan tutmuş konsulluq yardımlarına qədər bir çox proseslər mövcuddur ki, bunların düzgün və vaxtında tətbiqi hər bir vətəndaşın ədalətli mühakimə olunması üçün vacibdir.
Hazırkı gərginlik fonunda Rusiyada saxlanılan və ya mühakimə olunan Azərbaycan vətəndaşlarının hüquqları necə qorunur? Konsulluq xidmətləri bu prosesə necə müdaxilə edir? Hüquqi yardımlar necə və nə zaman göstərilir? pizza
"Əcnəbi vətəndaşlar hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən prosesə cəlb olunduqda, gedişat onların başa düşdüyü dildə – yəni ana dillərində aparılmalıdır".
Bunu "Yeni Sabah"a vəkil Ramil Süleymanov bildirib.
O vurğulayıb: "Ümumiyyətlə, bu, bütün dünya üzrə qəbul olunmuş və beynəlxalq hüquq sisteminin əsas tələblərindən biridir: müasir dünyada əcnəbi vətəndaşlar hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən prosesə cəlb olunduqda və ya hər hansı bir sorğu-suala tutulduqda, bu gedişat onların başa düşdüyü dildə, yəni ana dillərində aparılmalıdır.
Cinayət Prosessual Məcəllənin 26.2.1-ci maddəsinə əsasən, cinayət prosesi iştirakçılarına öz ana dillərindən istifadə etmək hüququ təmin edilir. Həmçinin, ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin xidmətindən pulsuz istifadə etmək hüququ təqdim olunur.
Eyni zamanda, şəxsin materiallarla tanış olması üçün həmin sənədlər onun ana dilinə tərcümə olunaraq təqdim edilir".
Vəkil qeyd edib ki, bu proses "ümumi hüquq"un əsas prinsiplərindən biridir:
"Bu prinsip yalnız Azərbaycanda deyil, Rusiyanın da Cinayət Prosessual Məcəlləsində əksini tapıb. Çünki bu, müasir hüquq sistemində "ümumi hüquq"un əsas prinsiplərindən biridir və dövlətlərin beynəlxalq konvensiyalarla üzərlərinə götürdükləri öhdəliklər çərçivəsində təmin edilir. Doğrudur, Rusiya kimi dövlətlər bəzən beynəlxalq konvensiyalara formal yanaşsa da, ümumi hüquq anlayışı bu şəkildə qəbul olunmuş normativ çərçivəyə əsaslanır.
Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının cinayət prosesi zamanı hüquqi yardımla təmin olunması məsələsinə gəldikdə isə bu, Azərbaycan Respublikası Konstitusiyasının 53.3-cü maddəsində açıq şəkildə təsbit olunub. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda – istər müvəqqəti, istərsə də daimi yaşayan vətəndaşların hüquqi müdafiəsinə dövlət tam təminat verir və onların maraqlarına hamilik edir".
Ramil Süleymanovun sözlərinə görə, xarici ölkələrin məhkəmə zallarında prosesə cəlb olunan şəxslərlə bağlı keçirilən məhkəmə iclaslarını Azərbaycan Respublikasının səfirliyi və konsulluq əməkdaşları maneəsiz şəkildə izləmək hüququna sahibdir:
"Bu kontekstdə, ayrı-seçkiliyə məruz qalan vətəndaşlar, yaxud onların ailə üzvləri, yaşadıqları ölkələrdəki Azərbaycan Respublikasının Konsulluq idarələrinə və səfirliyinə müraciət etməklə hüquqi müdafiə hüququndan yararlana bilərlər. Onlar tutulmuş ailə üzvlərinin vəkillə təmin olunmasını rəsmi şəkildə tələb etmək hüququna malikdirlər. Məlum hüquqi təcrübəyə əsasən, həmin ölkələrin məhkəmə zallarında prosesə cəlb olunan şəxslərlə bağlı keçirilən məhkəmə iclaslarını Azərbaycan Respublikasının səfirliyi və konsulluq əməkdaşları maneəsiz şəkildə izləmək hüququna sahibdirlər. Şəxslər öz vəkillərini də müstəqil şəkildə cəlb edə bilərlər".
Ramil Süleymanov bildirib ki, konsulluq əməkdaşları vəkillərlə birlikdə apellyasiya və kassasiya instansiyalarında vətəndaşın hüquqlarının müdafiəsi prosesini davam etdirməyə borcludur:
"Məhkəmə başa çatdıqdan sonra çıxarılan ittiham hökmü müvafiq ölkənin cinayət qanunvericiliyinə uyğun tərtib olunur. Bu mərhələdən sonra konsulluq əməkdaşları vəkillərlə birlikdə apellyasiya və kassasiya instansiyalarında vətəndaşın hüquqlarının müdafiəsi prosesini davam etdirməyə borcludurlar. Yalnız bu prosedurlar başa çatdıqdan və şəxs cəzaçəkmə müəssisəsinə göndərildikdən sonra ailə üzvləri tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsinə müraciət edilməklə həmin şəxsin ekstradisiyası, yəni Azərbaycan Respublikasına qaytarılması prosesi başlana bilər. Əgər Rusiya Federasiyası bu müraciəti müsbət qarşılayarsa, məsələ ilə bağlı məhkəmə keçirilir və razılıq əldə olunduğu təqdirdə Azərbaycan vətəndaşı öz ölkəsinə ekstradisiya edilir".
Aydan Hacı
Telegram kanalımız