AZ

Türkiyəli partiya sədri Ermənistanı qarışdırdı – terrorçuya heykəl qoymaq olar, qəhrəmana yox?


Faiq Ələkbərli: “Tələt Paşa bir qəhrəmandır və onun adının həmin sərhəd-keçid məntəqəsinə verilməsi təşəbbüsünə erməni şovinstlərinin etirazı əsassızdır”

Türkiyənin İYİ Partiyası Türkiyə-Ermənistan sərhədində yerləşən Əlican sərhəd-keçid məntəqəsinin adının dəyişdirilərək “Tələt Paşa sərhəd məntəqəsi” adlandırılması təşəbbüsü irəli sürüb və bu barədə təklifini Böyük Millət Məclisinə təqdim edib.

İYİ Partiyasının bu təşəbbüsü Ermənistanda narahatlıqla qarşılanıb və onlar ənənəvi olaraq yenə də uydurma fikirlər bildiriblər ki, Tələt Paşa guya XX əsrin əvvəllərində “erməni soyqırımının” təşkilatçılarından biri olub(?).

Halbuki, Osmanlı imperiyasında ermənilərə qarşı hər hansı bir “soyqırım” törədilməyib, əksinə, erməni daşnakları Türkiyənin ayrı-ayrı şəhər və kəndlərində türklərə qarşı kütləvi qətliam, soyqırım törədiblər.

Tələt Paşaya gəlincə, məlumdur ki, o, erməni terrorunun qurbanı olub və onu daşnak, sui-qəsdçi Soqomon Teyliryan qətlə yetirib. Onu da bilirik ki, Tələt Paşanı qətlə yetirən terrorçuya Almaniya məhkəməsi bəraət verib və azadlığa buraxıb.

Ermənistanın Şirak vilayətində terrorçu, daşnakSoqomon Teyliryana heykəl də qoyulub. Terrorçulara heykəl ucaldan ermənilər indi bir türk qəhrəmanının adının sərhəd-keçid məntəqəsinə verilməsini qıcıqla qarşılayır.

“Mənə elə gəlir ki, bu məsələdə Paşinyan hökuməti erməni şovinstləri ilə eyni fikirdə deyil”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, İYİ Partiyanın təşəbbüsünün ermənilər tərəfindən qıcıqla qarşılanmasına təbii yanaşmaq lazımdır. “Çünki Tələt Paşa Osmanlı dövlətinin son dönəmlərində baş naziri olmuş və Osmanlı tarixində əsas rol oynamış paşalardan biridir. Onun siyasəti türk xalqlarının birləşdirilməsi, vahid bir gücə çevrilməsinə yönəlmişdi. Bu prosesin qarşısının alınması üçün istər Çar Rusiyası, istərsə də Böyük Britaniya, Fransa və başqa ölkələr ən çox erməni daşnaklarından istifadə edirdilər. Əlbəttə, o vaxt Tələt Paşanın türk xalqlarının birləşməsinə, bir gücə çevrilməsinə mane olan qüvvələri zərərsizləşdirməkdən başqa yolu yox idi. Bu baxımdan erməni daşnaklar Osmanlıya ciddi problemlər yaradırdı. Tələt Paşa isə digər türk xalqlarının da Osmanlı dövləti ilə birgə hərəkət etməsinə nail olmaq istəyirdi. Beləcə, onun baş nazir olduğu dönəmlərdə erməni daşnaklarına və onları dəstəkləyənlərə ciddi zərbələr vurulurdu. Təsadüfi deyil ki, Tələt Paşanın fəaliyyətinin nəticəsi olaraq erməni terroçusu onu şəhid etdi. Tələt Paşanı qətlə yetirən erməni daşnakı, terrorçusu Soqomon Teyliryan əvvəlcə həbs edilsə də sonradan azadlığa buraxıldı və hazırda Ermənistanın Şirak vilayətində onun heykəlini də qoyublar. Hətta məhz bu kimi terrorçuya heykəl qoyulması da birmənalı qarşılanmır. Amma Tələt Paşa bir qəhrəmandır və onun adının həmin sərhəd-keçid məntəqəsinə verilməsi təşəbbüsünə erməni şovinstlərinin etirazı əsassızdır”.

F.Ələkbərli hesab edir ki, İYİ partiyanın belə bir təkliflə çıxış etməsinin erməni şovinstlərini ciddi şəkildə narahat etməsi bu təşəbbüsün qarşısını ala bilməz: “Mənə elə gəlir ki, bu məsələdə Paşinyan hökuməti erməni şovinstləri ilə eyni fikirdə deyil. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün sərhəd-keçid məntəqəsinə Tələt Paşanın adının verilməsinə də Ermənistan hökuməti etiraz etməz, müsbət yanaşa bilər.

O başqa məsələdir ki, Ermənistan hökuməti bu məsələyə müsbət yanaşanda erməni şovinstləri, erməni müxalifəti, kilsə bunu Paşinyan hökumətinə qarşı istifadə edəcək. Məsələnin mahiyyəti budur”.

F.Ələkbərlinin fikrincə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında Ermənistan səmimi olduğunu sübut etmək üçün bu təşəbbüsü dəstəkləməlidir. O qeyd etdi ki, mahiyyət etibarı ilə Paşinyan hökuməti buna nail olmaq istəyirsə bu kimi təkliflərə müsbət yanaşmalıdır: “Paşinyan hökuməti erməni daşnaklarının apardığı bu kampaniyaya uymamalı, onların sözlərinə əhəmiyyət verməməlidir, qətiyyətli olmalıdır, Tələt Paşa ilə bağlı bu təşəbbüsü dəstəkləməlidir. Paşinyan qətiyyətli görsənir və ümid edirəm ki, sona qədər də belə olacaq”.

İradə SARIYEVA

Seçilən
0
17
baki-xeber.com

10Mənbələr