Zambiyada milli parkda iki qadın fil tərəfindən öldürülüb. Polis Böyük Britaniya və Yeni Zelandiyadan olan turistlərin safaridə olarkən öldüyünü təsdiqləyib.
Şərq bölgəsi polis komissarı Robertson Mvimba bildirib ki, 68 yaşlı İston Janet Taylor və 67 yaşlı Alison Cin Taylor dişi filin və balasının hücumuna məruz qalıb.
Polisdən verilən açıqlamaya görə, Cənubi Luanqva Milli Parkında qrupla birlikdə olan safari bələdçiləri filin qadınlara hücum etməsini dayandırmaq üçün atəş açıblar. Atəş zamanı filin yaralandığı bildirilir.
Dişi fillərin balalarının çox qoruduğu və təhlükə hiss etdikdə aqressiv reaksiya verməsi ilə bilinir. Ötən il Zambiyanın müxtəlif bölgələrində iki amerikalı turist fillər tərəfindən öldürülmüşdü.