4 iyul 2025-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyinin həyata keçirdiyi “Turançılıq ideyaları müasir ədəbiyyatda” adlı layihə çərçivəsində nəşr olunan “Qarabağ Zəfərindən Turana doğru” kitabının növbəti təqdimatı Sumqayıt şəhərindəki “Poeziya Evi”ndə keçirilib. Tədbirdə alimlər, şair və yazıçılar, jurnalistlər, QHT və media nümayəndələri, tələbə və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Poeziya Evinin direktoru İ.İlyaslı açıb və layihənin əhəmiyyətini vurğulayıb. Sonra layihənin rəhbəri A. Nəzərova layihə haqqında geniş məlumat verib. O, qeyd edib ki: “Layihə çərçivəsində nəşr olunan kitabda son illərdə Azərbaycan yazarlarının yaradıcılığındakı dünya romantizmindən fərqli olaraq yeni bir mövzunun – turançılıq ideyalarının inkişafı izlənir. Qarabağ Zəfəri türk dünyasının birləşməsində çox mühüm bir prosesi başlatdı. Türk Dövlətləri Təşkilatının uğurlu inkişafı və Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritet hədəflərindən biri oldu. Müasir Azərbaycan ədəbiyyatı bu prosesləri bədii əsərlərdə əks etdirməkdədir.” A.Nəzərova layihənin əsas məqsədinin xalqın, xüsusilə gənc nəslin milli ruhunu oyaq saxlamaq olduğunu bildirib. O, cənab Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışında iştirakı zamanı etdiyi tarixi çıxışı xatırladıb və o çıxışda verilən mesajların bilavasitə layihənin mövzusu ilə bağlı olduğunu bildirib. Layihəyə dəstək verdiyi üçün Agentliyə təşəkkür edib.
Tədbir iştirakçılarından fil.e.d., professor, şair Vaqif Yusifoğlu, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış edərək hazırda dünyanın bir çox yerində yeni başlanan və illərdir davam edən soyuq və qanlı müharibələrin olduğunu, məhz belə bir dövrdə türk toplumlarının birləşməsi və öz təhlükəsizliklərini təmin etməsinin turançılıq ideyalarının möhkəmlənməsi ilə mümkün olduğunu qeyd ediblər və əlavə ediblər ki, kitabda Azərbaycan müəllifləri ilə yanaşı digər türk xalqlarının müəlliflərinin də olması turançılıq ideyalarının strateji hədəflərini göstərir.
Şairlərdən Yusif Nəğməkar, Lilpar Cəmşidqızı, İlhamə Müslümova, Əzizə Ağahüseyqızı, Qəzənfər Məsimoğlu, şair-jurnalist Əli Nəcəfxanlı, Ələddin Əmirli və başqaları mövzu ilə bağlı şeirlər səsləndiriblər.