AZ

Kəlbəcərdə zərərçəkmişlər məhkəmədə ifadə veriblər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 4-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində əsir və girov götürülmüş, habelə Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində yaralanmış, işğal nəticəsində digər zərərlər görmüş şəxslər ifadə veriblər.

Zərərçəkmiş şəxs Quliyev Bəxtiyar Məhəmməd oğlu ifadəsində Kəlbəcər rayonunun işğalı ilə əlaqədar ailə üzvləri və digər mülki şəxslərlə birlikdə 1993-cü il martın 31-də rayondan “Tunel” adlandırılan ərazi vasitəsilə çıxarkən Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduqlarını bildirib. Nəticədə qardaşı İslam Quliyev öldürülüb. Hadisə zamanı yük maşınında olan 21 nəfərdən əksəriyyəti qətlə yetirilib. O özü isə sol ayağının bud hissəsindən yaralanıb. Ermənistan hərbçiləri onları girov götürərək əvvəlcə Ağdərə rayonunun Heyvalı kəndinə, daha sonra Xankəndi şəhərinə aparıblar. Girov olduqları müddətdə onlara işgəncə verilib. “Mən girov götürüləndə yaralandım. Yaramın üstünə soyuq su tökdülər ki, qan dayansın. 7 ay girovluqda qaldım. Bizə qarşı qeyri-insani formada davranırdılar. Saxlanılma şəraitimiz çox acınacaqlı, antisanitar vəziyyətdə idi”, - deyə o əlavə edib. Zərərçəkmiş şəxs 1993-cü il sentyabrın 22-də girovluqdan azad edilərək Azərbaycan tərəfinə təhvil verilib. Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında zərərçəkmiş şəxs bildirib ki, Kəlbəcər işğal edilən zaman onlara ərazidən çıxmaq üçün heç bir dəhliz verilməyib.

Zərərçəkmiş şəxs Nəsibə Quliyeva ifadəsində Kəlbəcərin işğalı zamanı 13 yaşı olduğunu, bacı-qardaşları ilə birlikdə 1993-cü il martın 31-də rayondan yük avtomobili ilə çıxarkən “Tunel” adlanan ərazidə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduqlarını bildirib. O deyib ki, həmin vaxt onları hərbçilər müşayiət etməyib və maşındakıların çoxu azyaşlılar olub: “O qədər çox güllə atırdılar ki, sanki dolu yağırdı”.

Zərərçəkmiş hadisə zamanı 3 yaşlı bacısının və 3 azyaşlı qardaşının onunla birlikdə olduğunu bildirib: “Mənə 6 güllə və qəlpələr dəymişdi, hazırda bədənimdə çoxlu qəlpə var”.

N.Quliyeva daha sonra Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü söyləyib. Bacısının girovluğun ilk günlərində Ağdərə rayonunun Vəng kəndinə müalicə adı ilə aparıldığını, səhəri gün isə onun ölməsi barədə xəbər verildiyini deyib. O, hələ də bacısından və iki qardaşından (Aygün, Yaşar və Məzahir Quliyevlər) xəbər ala bilmədiklərini diqqətə çatdırıb.

Zərərçəkmiş şəxs qardaşı Bəxtiyarın hadisə zamanı 9 yaşı olduğunu, girovluqda erməni hərbçisinin onun başına təpiklə vurduğu zərbəyə görə indiyə qədər də səhhətində problemin qaldığını bildirib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın sualını cavablandıran N.Quliyeva daha sonra 3 ay 15 gün Xankəndidə saxlanıldıqlarını söyləyib. O, girovluqdan azad olunarkən əvvəlcə İrəvana, oradan isə Bakıya gətirildiyini deyib və əlavə edib: “Valideynlərim sağdır, onlar hələ də üç övladını gözləyirlər. Deyirlər, ermənilər onları saxlayır, gələcəklər...”.

Zərərçəkmiş şəxs Təhməz Şahverdiyev ifadəsində Kəlbəcərin Başlıbel kənd sakini olduğunu, rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı Ətdərəsi adlı yerdə girov götürüldüyünü bildirib: “Biz həmin vaxt yeddi nəfər idik. İki nəfəri öldürdülər, beş nəfəri girov götürdülər”.

O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualını cavablandırarkən bildirib ki, Ermənistan hərbçiləri tərəfindən əvvəlcə Kəlbəcərin mərkəzinə, bir həftə sonra Ermənistanın Basarkeçər rayonuna, bundan iki gün sonra isə İrəvana aparılıblar. Orada onlar tikintidə fəhlə kimi işlədilib, mütəmadi olaraq işgəncələrə məruz qalıblar.

Zərərçəkmiş şəxs İrəvanda olduqları müddətdə onlara hər gün bir dəfə, nadir hallarda isə iki dəfə çörək verildiyini bildirib. O, girovlardan birinin işgəncə ilə öldürülməsinə şahid olduğunu da söyləyib. Zərərçəkmiş şəxs 7 ay 2 gün girovluqda saxlanıldıqdan sonra Azərbaycana təhvil verildiyini bildirib.

Zərərçəkən Elbrus Əmirov isə Kəlbəcər rayonunun Ağdaban kənd sakinidir. O, ifadəsində bildrib ki, 1992-ci ilin aprel ayında Ermənistan silahlı qüvvələri müxtəlif çaplı silahlarla kəndə hücum edərək mülki sakinlərə divan tutub. 67 mülki sakini güllələyiblər. Çoxlu sayda yaralananlar olub. 14 nəfəri isə yandırıblar. Yandırılanlar arasında onun babası Bəkir Qocayev və nənəsi Zeynəb Qocayeva da olub. Əhalinin mal-qarasını yığıb aparıblar. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında deyib ki, hücum zamanı sağ qalanları girov götürüblər.

Zərərçəkmiş şəxs Qoşqar Quliyev ifadəsində ondan bir qədər əvvəl ifadə vermiş N.Quliyevanın danışdıqlarını təsdiqləyib. O, mülki şəxsləri daşıyan yük avtomobilinin sürücüsü olduğunu söyləyib. Zərərçəkmiş girov götürülərkən ayağından güllə yarası aldığını deyib.

Zərərçəkmiş şəxs Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında əvvəlcə Ağdərənin Heyvalı kəndinə, daha sonra Xankəndi şəhərinə, iyunun 1-də isə Şuşa həbsxanasına aparıldığını bildirib.

“Girovluqda olarkən yaralarımız sağalmamış bizi ağır işlərdə işlədirdilər. Şuşa həbsxanasında gündə üç dəfə döyülmə adi hal idi. Bəzi günlər daha çox döyürdülər”, - deyə Q.Quliyev bildirib.

O, 8 aya yaxın girovluqda qaldığını, 1993-cü ilin sonlarında azad olunduğunu söyləyib.

Q.Əliyev zərərçəkmiş şəxslərin vəkilinin sualını cavablandırarkən girovluqda olarkən səhər saat 5-dən gecə saat 1-dək işlədildiklərini bildirib.

Zərərçəkmiş şəxs Fərman Quliyev Kəlbəcər rayonunun Günəşli kənd sakini olduğunu, rayonun işğalı zamanı 1993-cü il martın 31-də “Tunel” adlanan ərazidən keçib getmək istəyən zaman Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını, daha sonra girov götürüldüklərini bildirib. “Maşında qadınlar, uşaqlar, yaşlılar var idi və bu, kənardan da görünürdü. Amma bunları görə-görə atəş açırdılar. Qarşıda, təxminən 50 metr kənarda yanan “KamAZ”ı gördük”, - deyə o əlavə edib.

F.Quliyev hadisə zamanı 16 yaşı olduğunu bildirib. Deyib ki, “Tunel” hadisəsi zamanı ağır yaralanan azərbaycanlı girovları ona daşıtdırıblar.

Seçilən
22
50
aznews.az

10Mənbələr