Bakıda məktəblərin birinə müəllim kimi işə düzəlmək istəyən şəxs dələduzluqla üzləşib.
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Sərxan adlı şəxs Odlar Yurdu Universitetinin xanım məzunlarından birini Elm və Təhsil Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə işgüzar və şəxsi münasibətlərinin olduğuna inandıraraq, onu paytaxt məktəblərinin birinə müəllim vəzifəsinə düzəldə biləcəyinib deyib.
O, bunun üçün 15 000 manat lazım olduğunu deyib. Qarşı tərəf bu barədə atasına deyib. Atası Sərxanla danışaraq ona 5000 manat pul verib. Lakin sonradan aldadıldığı başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib.
Sərxan saxlanılıb və daha sonra ona Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilib. Cinayət işinin məhkəmə istintaqı Yasamal Rayon Məhkəməsində aparılıb. Sərxan məhkəmə prosesi verilmiş ittihamla özünü təqsirli bilib.
Zərərçəkən isə dəymiş zərər ödənilmədiyinə görə Sərxandan şikayətçi olduğunu deyib. O, mülki iddiasının təmin olunmasını və Sərxanın cəzalandırılmasını xahiş edib.
Məhkəmənin hökmü ilə Sərxana 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.