AZ

Rusiyada neft qaz oliqarxlarını kim aradan götürür? Ən çox qurbanı “Qazprom” verib + ADLAR

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyada daha bir yüksək vəzifəli enerji menecerinin müəmmalı ölümü qeydə alınıb. “Transneft” şirkətinin vitse-prezidenti Andrey Badalov Moskvanın Rublovka şossesində yerləşən mənzilinin pəncərəsindən yıxılaraq həyatını itirib. Rəsmi versiyaya görə, bu “intihar”dır. Lakin son illərdə bu kimi halların artması nə Rusiya cəmiyyətində, nə də beynəlxalq aləmdə intihar versiyasının ciddi qəbul edilməsinə imkan verir.

Badalovun ölümü, Rusiya enerji elitasında son illər baş verən müəmmalı ölüm seriyasının daha bir halqasına çevrildi. Sanki Rusiyanın neft və qaz sektorundakı yüksək postlar məmurlar və oliqarxlar üçün getdikcə daha təhlükəli yerə çevrilir.

Son üç ildə baş verən bəzi faciəli ölümlər:

Ravil Maqanov – “Lukoil” Direktorlar Şurasının sədri, 1 sentyabr 2022-ci ildə xəstəxana pəncərəsindən yıxılaraq ölüb;

Aleksandr Subbotin – “Lukoil”in keçmiş top-meneceri, 2022-ci ilin mayında şaman evində ölü tapılıb;

Leonid Şulman – “Qazprom İnvest” rəhbəri, 2022-ci ilin yanvarında vannada çoxsaylı kəsiklərlə ölüb;

Aleksandr Tyulyakov – “Qazprom”un maliyyə rəsmisi, 2022-ci ilin fevralında qarajda asılmış vəziyyətdə tapılıb;

Sergey Protosenya – “Novatek”in keçmiş meneceri, 2022-ci ilin aprelində İspaniyada ailəsi ilə birlikdə ölü tapılıb;

Vladislav Avayev – “Qazprombank”ın keçmiş vitse-prezidenti, 2022-ci ilin aprelində Moskva mənzilində ailəsi ilə birlikdə həlak olub.

İndi bu siyahıya Andrey Badalov da əlavə olunub.

Nüfuzlu beynəlxalq nəşrlər – The Guardian, Bloomberg, The Wall Street Journal və Deutsche Welle – bu ölümlərin “intihar” kimi təqdim edilməsinə şübhə ilə yanaşır. Onların təhlillərinə görə, bu hallar çox zaman hakimiyyət daxilində klan mübarizəsi, iri maliyyə vəsaitlərinin yönləndirilməsi, Qərblə gizli əlaqələr, yaxud kəşfiyyat məlumatlarına çıxışla bağlı olur.

Bloomberg yazır ki, bəzi top-menecerlər Qərbin sanksiyalarından sonra gizli hesabları üzə çıxarmağa və ya Qərb strukturları ilə gizli “danışıqlar kanalları” qurmağa çalışıblar. Bu isə Rusiya sistemində “toxunulmazlıq sərhədi”nin pozulması kimi qəbul olunur və həmin sərhədi keçənlər ya susdurulur, ya da aradan götürülür.

The Wall Street Journal isə bildirir ki, bu ölümlər “səssiz təmizləmə mexanizmi”nin işə salındığını göstərir. Bu, daxili intizamın bərpası və qorxu üzərindən sistemə sədaqətin təmin edilməsi mexanizmidir.

Ekspertlərə görə, enerji sektorunda çalışan yüksək rütbəli şəxslər əsasən bu səbəblərlə hədəfə çevrilirlər:

-Xarici valyuta və aktivlərin qanunsuz köçürülməsi şübhələri;

-Qərb ölkələrinə və ya kəşfiyyat strukturlarına informasiya ötürmək ehtimalı;

-Kreml daxilindəki nüfuz savaşında bir klana bağlılıq;

-Sanksiyalar məsələsində fərqli mövqe nümayiş etdirmək;

-Siyasi loyallığın zəifləməsi və “tərəf dəyişmək” cəhdi.

Andrey Badalovun ölümü bir daha göstərdi ki, Rusiya enerji elitasında baş verən bu ardıcıl itkilər təsadüfi deyil. Hər ölüm yalnız şəxsi faciə deyil, eyni zamanda sistemli və mesaj yönümlü bir akt kimi görünür. Kreml sistemində ölüm bəzən yalnız son deyil – həm də mesajdır.

Rasim Əliyev AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
50
azpolitika.info

10Mənbələr