AZ

İki qulaq, bir ağız...

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

Bu sualla yəqin ki, siz də qarşılaşmısınız: İnsanın niyə iki qulağı, bir ağzı var? Bu sualın ən qısa və ən doğru cavabı isə “Allah bilir”dir. Ancaq bəzi alimlər Allahın mərhəmətinə sığınaraq, Allahın buyurduqlarına, bildirdiklərinə zidd olmamaq şərti ilə bir çox məsələlərdə fikir demək cəsarəti göstərirlər. Odur ki, bu məsələ ilə bağlı maraqlı şərhlər də var. Deyirlər ki, iki qulaq bir ağızın mənası odur ki, iki eşit, bir danış. Yəni, danışmazdan əvvəl dinləməyi öyrən.

Kim nə deyir-desin, insanın başına nə gəlirsə, dilinin ucbatından gəlir. Adam düşünmədən, nəyin doğru, nəyin yalan, nəyin xeyir, nəyin zərər olduğunun fərqinə varmadan ağzına gələni danışırsa, əlbəttə, başı bəla çəkəcək. Əgər oturub düşünsək, hamımız məhz bu məsələ ilə bağlı problemlər yaşadığımızı xatırlayarıq.

Bu sözü əslində kamilləşmək yolunda çox ciddi bir mesaj kimi də başa düşmək olar. Yəni, çox öyrən, az danış! Dediyin hər söz, ağzından çıxardığın hər kəlmə eşitdiyin bir cümlədən daha dəyərli olsun!

Çox danışmaq adamı dəyərdən salır, az danışmaq adama dəyər qazandırır. Başqalarını eşitmək, insanlara hörmət göstərməkdir. Heç kimin fikrini nəzərə almamaq insanlara yuxarıdan aşağı baxmaqdır.

Tərbiyə məsələsində də əslində bu məqam üzərində ciddi dayanmaq lazımdır. Belə ki, əgər siz eşitdiyiniz hər şeyə düşünmədən reaksiya versəniz, təbii ki, uşağınız da eyni şeyi sizdən götürəcək. Ona görə də, xüsusilə də, uşaqların yanında ölçülü davranmalı, eşitdiyiniz hər şeyi təmkinlə qarşılamalı və tədbirlə cavab verməlisiniz ki, uşağınız da sizdən bir şey öyrənə bilsin. Əgər uşağınız başqalarını eşitməyi bacarmırsa, yalnız öz bildiyini qəbul etdirməyə çalışırsa, daha doğrusu, bir eşidib, iki danışırsa, deməli, tərbiyə prosesində ciddi problemlər var.

Ağır oturub, batman gələn, özünün-sözünün yerini bilən adamlar həmişə xətir-hörmətli olurlar. Əgər bu məziyyəti ailədə uşaqlara təlqin etmək istəyirsinizsə, ilk növbədə, özünüzdən başlamalısınız. Çünki uşaq eşitdiyini deyil, gördüyünü götürür. Siz də bu məsələdə örnək olmağı bacarmalısınız ki, uşağınıza irad tutmağa ən azı mənəvi haqqınız olsun.

İnsanın niyə bir ağzı, iki qulağı var? Biz ən doğru cavab “Allah bilir”dir" dedik, sonra da bildiklərinizi sıralamağa çalışdıq. Bundan sonrası isə sizə düşər...Murad Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
50
yeniavaz.com

10Mənbələr