Stomatoloq Hale Akduman xəbərdarlıq edir ki, düzgün ağız baxımı edilməzsə və mütəmadi stomatoloji nəzarət təmin olunmazsa, plomb qoyulmuş dişlərdə də yenidən çürümə baş verə bilər.
E-saglam.az xəbər verir ki, plomb – çürük, qırıq və ya başqa səbəblərlə itirilmiş diş toxumasının bərpası üçün tətbiq olunan bir prosedurdur. Müalicə zamanı əvvəlcə yerli keyitmə aparılır, çürük toxuma təmizlənir, diş səthi hazırlanır və uyğun rəngli materialla doldurularaq işıqla bərkidilir.
Stomatoloq bildirir ki, plomblar da zamanla zədələnə bilər, aralanma və sızıntı ola bilər. Bu isə çürümə riskini artırır. Diş ipi istifadəsi, düzgün fırçalama texnikası və şirin, turşulu qidalardan uzaq durmaq dişin qorunması baxımından çox vacibdir.
Plomb qoyulduqdan sonra bir qədər həssaslıq normal hesab olunsa da, davamlı ağrı və narahatlıq olarsa, mütləq həkimə müraciət edilməlidir. Unutmaq olmaz ki, müntəzəm diş müayinəsi və ağız gigiyenası, plombların ömrünü uzadan əsas amillərdəndir.
Tərcümə: Könül Oruc
E-saglam.az