AZ

“AZƏRBAYCAN HEÇ VAXT RAZI OLMAYACAQ Kİ...” Bu, sadəcə söz oyunudur”

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tofiq Zülfüqarov: “Ermənistan öz istəklərini həqiqət kimi təqdim etməyə çalışır”

“Tərəflər maraqlıdır, Tramp maraqlıdır, Putin razıdır tipli bəyanatlar siyasi spekulyasiyalardır”

Son günlər informasiya məkanında Azərbaycan-Ermənistan arasında sülh prosesi ilə bağlı yeni iddialar və təbliğatlar müşahidə olunur. Xüsusilə erməni mediasında və proerməni dairələrdə müəyyən “narrativlərin” sistemli şəkildə yayılması diqqət çəkir. Mövzuya münasibət bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov mühüm məqamlara toxunub.

Zülfüqarov qeyd edib ki, hazırda informasiya məkanında yayılan məlumatların əsas hədəfi erməni mövqeyinin legitimləşdirilməsinə yönəlmiş “informasiyalı manipulyasiya kampaniyası”dır.

“Məsələn, Carnegie Endowmentin saytında yayımlanan «Niyə Ermənistan Türkiyə ilə normallaşma yolları axtarır?» sərlövhəli məqalədə bir sıra tezislər səsləndirilir. Onlar açıq şəkildə Ermənistanın maraqlarını təbliğ edən informasiya axınının tərkib hissəsidir”, – deyə o bildirib.

Zülfüqarovun sözlərinə görə, Ermənistandakı bəzi dairələr və onların havadarları bölgədə baş verən prosesləri istədikləri şəkildə yozaraq, öz sülhsevər görüntülərini formalaşdırmağa çalışırlar.

“Məsələn, deyilir ki, guya Paşinyan Türkiyəyə səfər edib və Ankara ilə nələrsə razılaşdırılıb, nəticədə Rusiya bölgədən çəkilir. Amma Paşinyan artıq 7 ildir hakimiyyətdədir və illərdir Qərbyönlü kursdan danışılır. Bu müddətdə isə Rusiyanın Ermənistan üzərindəki dominant təsiri dəyişməyib. Bu, sadəcə söz oyunudur”, – deyə sabiq nazir bildirib.

O, xatırladıb ki, Rusiya təsirindən çıxmaq istiqamətində konkret addım yalnız bir məsələ ilə bağlı atılıb – bu da Zvartnots hava limanında FSB əməkdaşlarının əvəzlənməsidir. Amma sərhədlərdə və təhlükəsizlik infrastrukturunda hələ də rusların mövcudluğu davam edir.

“Bundan əlavə, Ermənistanda KTMT-yə üzvlük haqqının ödənilib-ödənilmədiyi belə bəlli deyil. Amma bu da qərbyönlü dönüş kimi təqdim edilir. Eyni zamanda, Ermənistan Rusiya əleyhinə sanksiyaların dolayı yollarla pozulması üçün əsas qovşaqlardan birinə çevrilib, ticarət dövriyyəsi dəfələrlə artıb”, – deyə o vurğulayıb.

Zülfüqarov bildirib ki, sülh prosesi ilə bağlı “sənəd imzalanmaq üzrədir” tipli xəbərlər də gerçəkliyi əks etdirmir: “Azərbaycan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan öz Konstitusiyasından və digər normativ sənədlərindən Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. Bu şərtlər yerinə yetirilməyincə heç bir sənəd imzalanmayacaq. Amma erməni tərəfi real addımlar atmadan “mülayimlik görüntüsü” yaradır, sanki hər şey müsbət gedir. Əslində isə belə deyil”.

Tofiq Zülfüqarov qeyd edib ki, Ermənistanın tarixən xarici güclərin Qafqazda forpostu olmağa çalışdığı aydındır və bu istiqamətdə “yeni sahib axtarışları” heç vaxt dayanmayıb.

“Bu gün də həmin yanaşma dəyişməyib. Ermənistan sadəcə olaraq öz rolunu dəyişdirmədən yeni geosiyasi patronlar axtarır. Bu axtarışlar da informasiya təbliğatları ilə müşayiət olunur”, – deyə o vurğulayıb.

Sabiq nazir, Ermənistan tərəfindən ABŞ-ın bölgədəki kommunikasiya layihələrinə “neytral operator” kimi qoşulması ilə bağlı yayılan fikirlərin də əsassız olduğunu bildirib.

“Azərbaycan heç vaxt razı olmayacaq ki, 100 il əvvəl bolşeviklər tərəfindən parçalanan ərazi bütövlüyü faktiki olaraq tanınmış olsun. Ermənistan isə bu parçalanmanı sabitləşdirmək üçün beynəlxalq aktorları prosesə qoşmağa çalışır”, – deyə Zülfüqarov bildirib.

O əlavə edib ki, Ermənistan müxtəlif dövlətlərin – ABŞ, Çin, Rusiya, İran və ya Hindistanın bu və ya digər şəkildə bu layihələrlə maraqlandığını təqdim edərək, mövzunu süni şəkildə böyütmək və diqqəti yayındırmaq istəyir.

“Əgər Ermənistanda kimsə ciddi danışmaq istəyirsə, birbaşa Azərbaycanla danışmalıdır. Tərəflər maraqlıdır, Tramp maraqlıdır, Putin razıdır tipli bəyanatlar siyasi spekulyasiyalardır. Sülhün yolu real hüquqi öhdəliklərdən keçir, fantaziyalardan yox”, – deyə o sonda bildirib.

Rasim Əliyev AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
50
azpolitika.info

10Mənbələr