AZ

Muxtar İmanov: Ən böyük problem savadlı müəllimlərin az olmasıdır - MÜSAHİBƏ

BAKI, 4 iyul. TELEQRAF

“Teleqraf” İnformasiya Agentliyi Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar Kazımoğlu - İmanovla müsahibəni təqdim edir.

Məddahlığın ədəbi tənqidə dəxli yoxdur

- Muxtar müəllim, bu yaxınlarda 70 illiyiniz qeyd olundu. 70 yaş necə keçib Sizdən ötrü?

- 70 yaşın bir hissəsi, təbii ki, təhsillə – oxumaqla bağlı olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (red- indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişəm. Üç il Şərurun Həmzəli kənd səkkizillik məktəbində müəllim işləyəndən sonra Bakıya – aspiranturaya qayıtmışam. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Ədəbiyyət nəzəriyyəsi ixtisası üzrə əyani aspiranturada oxumuşam.

- Gənclik illərində həyatınızda müsbət rol oynamış insanlardan kimlərin adını çəkə bilərsiniz?

- Həyatımda akademik Məmmədcəfər Cəfərovun xüsusi rolu olub. Məmmədcəfər müəllim iki baxımdan – həm böyük ədəbiyyatşünas-alim, həm də nəcib bir insan kimi məndən ötrü əziz və unudulmaz olub. Aspiranturaya qəbul zamanı Ədəbiyyat nəzəriyyəsindən imtahanda Kamal Talıbzadə, Əziz Mirəhmədov, Məmmədhüseyn Təhmasib kimi tanınmış ədəbiyyatşünaslarla yanaşı, ayrıca söz sahibi olan Məmmədcəfər müəllim də iştirak edirdi. Ədəbiyyat nəzəriyyəsi üzrə elan olunmuş bir yerə məndən başqa bir oğlan da imtahan verməli idi. Mən kənddən gəlmiş arxasız bir müəllim idim, o oğlan isə Ədəbiyyat İnstitutunun direktorunun yaxın qohumu. İmtahan götürən o alimlərin, xüsusən də Məmmədcəfər Cəfərovun nə qədər obyektiv və prinsipial insan olduğunu bir anlıq təsəvvürə gətirin – o imtahanda kənddən gələn müəllimə beş, institutun direktorunun qohumuna dörd verdilər; Ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturaya ayrılmış bir nəfərlik yerə institut direktorunun qohumunu yox, kənddən gəlmiş müəllimi götürdülər. Məmmədcəfər müəllim, təbii ki, özünün razılığı ilə mənim elmi rəhbərim təyin olundu və o nəcib insan məni yanına çağırıb “Dissertasiya mövzusunu özün seç” – dedi.

- Hansı mövzunu seçdiniz?

- Universiteti bitirəndə diplom işini müasir nəsrdən – Əkrəm Əylislinin “Ürək yaman şeydir” kitabından yazmışdım. Müasir Azərbaycan nəsri haqqında məqalələrim vardı. Ona görə Məmmədcəfər müəllimə dedim ki, “60-70-ci illər Azərbaycan nəsrində psixologizm” mövzusunda dissertasiya yazmaq istəyirəm. Məmmədcəfər müəllim razılaşdı. Mövzunu götürəndə o qədər də fərqinə varmamışdım, amma işə başlayanda anladım ki, olduqca qəliz mövzudur. O dissertasiya üzərində işləmək mənim üçün çox çətin oldu. Gördüm ki, Azərbaycan ədəbiyyatşünaslığında o mövzu ilə bağlı konkret bir tədqiqat əsəri yoxdur. Moskvaya getdim, Lenin adına kitabxanada bir ay işlədim. Rus ədəbiyyatşünaslığında da o mövzuda sistemli nəzəri tədqiqat əsəri tapmadım. Bir məqaləyə rast gəldim. Rus ədəbiyyatşünaslarından birinin - Yesinin məqaləsi idi. Məqalədə psixologizm anlayışının nəzəri aspektlərindən bəhs edilirdi. O məqalə mənə mövzunu işləmək üçün açar sözlər verdi. Məsələ necə qoyulmalıdır, problemə hansı aspektdən yanaşılmalıdır? Bunlar ciddi suallar idi. Çətinlik onda idi ki, psixologizm mövzusu istər-istəməz Freyd təliminə gedib çıxırdı. Yadımdadır, Əziz Mirəhmədovun direktorluğu vaxtında Ədəbiyyat İnstitutundakı bir “istehsalat müşavirəsi”ndə mənim mövzumla bağlı böyük bir mübahisə düşdü. Mübahisənin səbəbi bundan ibarət idi ki, psixoanaliz kimi “burjua” təlimi ilə bağlı olan dissertasiyanı Moskva təsdiq etməz (O vaxt dissertasiya müdafiələrindən sonra elmi dərəcələri Moskva təsdiq edirdi). Bu cür mübahisələri nəzərə alıb mən dissertasiyada nə psixoanaliz təliminin müəllifi Freydin, nə də analitik psixologiya təliminin müəllifi Yunqun adını çəkdim. Amma, söz yox ki, həmin təlimlərdən bəhrələndim. Məsələn, İ.Şıxlının “Dəli Kür” romanında Cahandar ağa kimi köhnə kişinin gözlənilmədən “antimilli” bir addım atıb başqasının halallıca arvadını qaçırmasını Freydizmi nəzərə almadan necə izah etmək olardı? Heç cür izah etmək mümkün olmazdı. Və yaxud Mövlud Süleymanlının “Şeytan” povestində Yunqun kölgə arxetipinin izlərini görməkdə nə qəbahət vardı? Heç bir qəbahət yoxdu. 1984-cü ildə dissertasiyanı xətasız-bəlasız müdafiə etdim, 1991-ci ildə “Müasir Azərbaycan nəsrində psixologizm “ adlı ilk monoqrafiyam çap olundu və bu monoqrafiya mənim elmi taleyimdə mühüm bir fakta çevrildi. Mühümlük onda oldu ki, mən bir əksetdirmə prinsipi kimi psixologizmin, bütövlükdə yazılı sənətdəki düşüncə tərzinin mifdən, mifoloji modellərdən, ilkin ibtidai obrazlardan – arxetiplərdən necə gəldiyini görüb araşdırmanın istiqamətini folklorşünaslığa doğru dəyişmək qərarına gəldim. Və doktorluq dissertasiyamı xalq gülüşünün genezisi və poetikasından yazmalı oldum.

- Nəsrdə psixologizm mövzusu ədəbi tənqiddə mövqe tutmağa geniş imkanlar açır. Sonralar folklordan dissertasiya yazanda ədəbi tənqidlə də məşğul ola bildinizmi?

- Çox təəssüf ki, ədəbi tənqidlə ardıcıl məşğul ola bilmədim. Əlbəttə, folklordan dissertasiya yazmaq heç də adamın əl-qolunu bağlamır, əksinə, ədəbi prosesə fərqli mövqedən yanaşmaqda imkanları daha da genişləndirir, sən geniş bir meydana atılırsan, az bir müddətdə tanınırsan, mötəbər ədəbiyyat toplantılarında yuxarı başda yerin olur, sayılıb-seçildiyinə görə məişət qayğılarını da az-çox yoluna qoya bilirsən. Mən bu yolu tuta, bu yolu gedə bilmədim. Öz tay-tuşlarımın ədəbi taleyi timsalında açıq-aydın gördüm ki, ədəbi mühitdə at oynadan, amma yazdığı əsərlər orta səviyyədən də xeyli aşağıda dayanan qələm (və hökm!) sahiblərinin “Məndən yaz” təklifinə “Yox” demək heç də asan deyil, istər-istəməz təkliflə razılaşmalı və qələmə sarılıb zəif bir əsər barədə şanlı bir resenziya yazmalı olursan. Bu cür könülsüz resenziya yazmağın çox səbəbi var. Ən abırlı səbəb budur ki, zəif əsər müəllifinə etiraz etməyə üzün gəlmir. Yəni heç bir xüsusi təmənna güdməsən də, utanırsan deyəsən ki, ay filankəs müəllim, mən sənin filan əsərin barədə resenziya yazmaq istəmirəm. Hətta bu halda belə (yəni heç bir təmənna güdmədən üzə düşüb, zəiflik göstərib zəif bir əsəri oxucuya sırımaq işinə qoşulanda belə) ədəbi tənqidə yox, ədəbi təhrifə xidmət etmiş olursan. Ədəbi tənqidə dəxli olmayan məddahlıq prosesinə qoşulmamağın çıxış yolunu mən ədəbi tənqiddən uzaqlaşmaqda, folklorla məşğul olmaqda gördüm.

Təhsildə ən böyük problemlərdən biri savadlı müəllimlərin az olmasındadır

- Folklorşünaslıqla məşğul ola-ola həm də təhsil sahəsinə yönəlmisiniz, Tələbə Qəbulu Komissiyasında çalışmısınız...

- Bəli, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (indiki Dövlət İmtahan Mərkəzində) Azərbaycan dili və ədəbiyyatı komissiyasının və həmin fənlər üzrə seminarın sədri olmuşam. Fürsətdən istifadə edib xatırlatmaq istəyirəm ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müstəqillik dövründə Azərbaycan təhsil sistemində tarixi xidmətlər göstərmiş və bu gün də xidmətlər göstərməkdə olan bir qurumdur. Mən o qurumda çox sağlam bir mühit görmüşəm. İmtahanların şəffaf şəkildə keçirilməsi kimi son dərəcə mürəkkəb prosesdə bir komissiya və seminar rəhbəri kimi öz öhdəmə düşən işi layiqincə yerinə yetirməyə çalışmışam. Hazırlıq kursunda dərs deməyim, ardıcıl olaraq dərs prosesində abituriyentlərlə ünsiyyətdə olmağım Tələbə Qəbulu üzrə Dövlət Komissiyasındakı işimin səmərəli qurulmağında mühüm rol oynayıb.

- Bəs ürəyinizcə olan o qurumdan niyə ayrıldınız?

- Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Azərbaycan dili və ədəbiyyatı üzrə komissiya və seminar rəhbərliyindən öz ərizəmlə çıxmışam. O məsul və şərəfli vəzifədən uzaqlaşmağımın səbəbi Folklor İnstitutundakı işlərin hədsiz çoxluğu ilə bağlı idi. Folklor İnstitutunun direktoru kimi işlərim xeyli çoxalanda və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasındakı işlərə lazımi qədər vaxt ayıra bilmədiyimi görəndə hörmətli Məleykə xanım Abbaszadəyə ərizə ilə müraciət etməli oldum. İndi həmin komissiyanın işlərini həmkarım, professor Ataəmi Mirzəyev çox yüksək səviyyədə aparır.

- Uzun illər abituriyentlərlə sıx ünsiyyətdə olmusunuz, bu gün isə Azərbaycan Dillər Universitetində tələbələr arasındasınız. Maraqlıdır, bugünkü gənclər əvvəlki gənclərdən fərqlənirmi - müsbət və ya mənfi mənada?

- Tarix boyu cəmiyyətdə həmişə atalar və oğullar bəyənməzliyi olub, o bəyənməzlik təbii ki, bu gün də var. Məsələ bundadır ki, cavanlar yaşlılarda nöqsan gördükləri kimi, yaşlılar da cavanlarda nöqsan görürlər. Aşıq Abbas Tufarqanlı necə deyirdi?

Ay həzərat, bir zamana gəlibdir-

Ala qarğa şux tərlanı bəyənməz.

Oğullar atanı, qızlar ananı,

Gəlinlər də qaynananı bəyənməz.

Cavanın yaşlıda, yaşlının isə cavanda nöqsan axtarması öz yerində, amma məsələyə ümumi şəkildə yanaşsaq, deməliyik ki, bugünkü cavanlardan şikayət etməyə elə bir əsas yoxdur. Bu gün müxtəlif sahələrdə çalışan istedadlı və fəxr ediləsi gənclərimiz var. Qarabağ savaşında Ali Baş Komandanın rəhbərliyi altında bizə tarixi zəfər qazandıran kimlər idi? Gənclər deyildimi?! Hərb sahəsində gördüyümüz peşəkar və milli ruhlu gəncləri bu və ya digər dərəcədə tibb, iqtisadiyyat, hüquq və s. kimi sahələrdə də görə bilərik. O başqa məsələ ki, təhsilimizdəki müəyyən problemlər gənclərin istənilən səviyyədə yetişməsinə mane olur.

- Təhsildə əsas problem nədədir?

- Ən böyük problem istər orta, istərsə də ali məktəblərdə savadlı müəllimlərin az olmasındadır. Orta məktəblərdə savadlı müəllim yetərincə olsa və dərslər lazımi qaydada keçilsə, şagirdlər külli miqdarda xərc bahasına kütləvi şəkildə repetitor yanına, fərdi hazırlıq kurslarına getməz.

- Muxtar müəllim, bir müddət əvvəl orta məktəblərini əhatə edən sertifikasiya imtahanları keçirildi. Müəllimlər arasında həmin imtahanlardan şikayətlənənlər var. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Yaşlı və ya cavan müəllim obyektiv şəkildə təşkil olunmuş, heç bir əliəyriliyə yol verilməmiş imtahandan keçə bilmirsə, bunun günahını başqa yerdə yox, həmin müəllimin özündə axtarmaq lazımdır. Bilirəm ki, cəmiyyətdə bu cür fikirlər tez-tez səslənir: “Müəllim on ildən çox dərs deyirsə, onu imtahan eləmək, imtahandan keçə bilmədikdə təhsildən uzaqlaşdırmaq doğru deyil”. Məncə, doğru olmayan hal savadsız müəllimin illər uzunu məktəbdə baş girləməsi, balalarımızı kor vəziyyətdə qoymasıdır. O başqa məsələ ki, imtahandan uğurla keçən təcrübəli müəllimlərə xüsusi səlahiyyətlər verməyə ehtiyac var. Məsələn, ehtiyac var ki, təqaüd yaşına çatan və fiziki cəhətdən gümrah olan savadlı müəllimlərə məktəbdə qalıb işləməyə icazə verilsin. Elmi qurumlarda 70-80 yaşlı alimlər çalışırsa və onlar gənc nəslin yetişməsində əsaslı rol oynayırsa, bu təcrübədən orta ümumtəhsil məktəblərində niyə istifadə olunmasın?!

AMEA-da ciddi islahatlara ehtiyac var

- “Elmi qurumlar” dedikdə ilk növbədə AMEA yada düşür. Son vaxtlar belə fikirlərlə qarşılaşırıq ki, AMEA ləğv olunmalıdır, bu qurum müasir dövrə uyğun deyil və s. Bu haqda nə düşünürsünüz?

- Bu gün AMEA-da neçə-neçə tanınmış alim, ləyaqətli insan çalışır. Odur ki, bu qurumu ləğv etmək yox, bu qurumda ciddi islahatlar aparmaq daha faydalı olardı. Ölkə başçısının sərəncamı ilə çox sayda AMEA institutunun Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi əslində AMEA-da aparılacaq islahatların əsas istiqamətindən xəbər verdi. Bəlli oldu ki, AMEA-da aparılan elmi araşdırmaların təhsillə ciddi şəkildə əlaqələndirilməsi günün vacib tələblərindəndir.

- Sizin fəaliyyətiniz timsalında elmlə təhsil nə dərəcədə birləşir?

- Bir az əvvəl hazırıq kursunda abituriyentlərə dərs deməyimdən danışdım. Dediklərimə onu da əlavə edə bilərəm ki, AMEA-nın Folklor İnstitutunda direktor kimi çalışa-çalışa 2017-ci ildən Azərbaycan Dillər Universitetində magistrantlara Folklor və yazılı ədəbiyyat, Nəsrdə psixologizm, Ədəbiyyatşünaslıqda tədqiqat metodları və s. kimi fənlərdən dərs demişəm və o işi bu gün də davam etdirirəm. Məncə, bu faktlar elmi araşdırmalarla məşğul olan bir adamın həm orta, həm də ali məktəblə bağlılığı barədə müəyyən təsəvvür yaradır.

Meyxanadan Füzuli sənətkarlığı ummaq düzgün deyil

- Bildiyimizə görə, yolunuz mediadan da keçib.

- Bəli, ictimai əsasla İctimai Teleradio Şirkətində də fəaliyyət göstərmişəm. 6 il həmin Şirkətdə Yayım Şurasının üzvü, 6 il isə Yayım Şurasının sədri olmuşam. Mənim orda sədrliyim ən çox Balakişi Qasımovun baş direktorluğu vaxtına düşüb. Məmnuniyyət hissi ilə xatırlayıram ki, şirkətin strukturu, verilişlərin keyfiyyəti, jurnalistlərin səriştəsi və s. məsələlərlə bağlı təklif və tövsiyələrimiz Balakişi müəllim tərəfindən həmişə xüsusi diqqət və həssaslıqla qarşılanıb. Obyektiv fikri qəbul etmək, istedadlı və peşəkar jurnalistləri qabağa çəkmək, yeniliyə can atmaq, dünya standartlarına əsaslanmaq, təbii ki, bu gün media məkanında İctimai Teleradio Şirkətini xüsusi olaraq fərqləndirir.

- Media ilə bağlı olduğunuza görə sosial şəbəkələri izləməmiş olmazsınız.

- Az-çox izləyirəm.

- Sosial şəbəkələrdə meyxanaya münasibətin müxtəlif olduğunu görürük. Meyxananın azarkeşləri olduğu kimi, tənqidçiləri də az deyil. Məsələn, orta məktəblərdə son zəng, ali məktəblərdə məzun tədbirlərində meyxana deyilməsi sosial şəbəkələrdə tənqid olundu.

- Meyxana, tamaşaçı qarşısında şeirlə bədahətən söz qoşub deyişmək ənənəsinin bu gün canlı şəkildə yaşayan bir formasıdır. Meyxana məclislərinə baxıb vaxtilə aşıqlarımızın bağlama, hərbə-zorba, həcv üstündə sinədən deyişdiklərinin tarixi bir gerçəklik olduğuna bir daha əmin oluruq. Aşıq deyişmələrinin bir qismi kimi, meyxanaları da məzmun və formaca yüksək sənət nümunəsi saymaq və meyxanadan Füzuli, Müşfiq sənətkarlığı ummaq, əlbəttə, düzgün yanaşma sayıla bilməz. Meyxananın öz yerini bilsək və onu məhz layiq olduğu yerinə görə qiymətləndirsək, necə deyərlər, at qaçıb örkən aparmaz, aləm bir-birinə qarışmaz və meyxana əleyhdarları bu qədər artıb-çoxalmaz. Son zəng və məzun günü tədbirlərində meyxana səsləndirmək, meyxananı məktəb salonlarına çəkib aparmaq meyxananın yerini bilməməkdən başqa bir şey deyil. Meyxananı hədsiz təbliğ edəndə, onu hər gün efirə və televiziya ekranlarına çıxaranda bilərəkdən və ya bilməyərəkdən biz meyxananı sanki yazılı şeirə qarşı qoymuş oluruq və bu, günümüzün qələm sahibləri arasında etiraza səbəb olur.

Roman səhifələrindən narahat bir şair boylanır

- “Günümüzün qələm sahibləri” dediniz. Yeri gəlmişkən bilmək istərdik: son vaxtlar ədəbiyyata gəlmiş qələm sahiblərindən kimlərin adını çəkərdiniz?

- Son vaxtlar, daha konkret desək, müstəqillik dövründə ədəbiyyata gələn və özünü təsdiq edən qələm sahiblərindən İlqar Fəhmi, Şərif Ağayar, Fəxri Uğurlu, Seymur Baycan, Aqşin Yenisey, Salam Sarvan, Qismət, Cavid Zeynallı, Şəhriyar del Gorani, Ulucay Akif, Mirmehdi Ağaoğlu və neçə-neçə başqasının adını çəkə bilərəm.

Səhər tezdən oyanıram,

ümid - qapı dalındadı.

O qədər döyülüb ki,

üst-başı qan içindədi.

Aqşin Yeniseyin misralarıdır. Aqşin Yeniseydən söz düşmüşkən deyim ki, o, publisistik məqalələr və nəsr əsərləri də yazır. Amma publisistika və nəsrdə də Aqşin şair olaraq qalır. Onun hər məqaləsindən, hər hekayəsindən və “Tarix və tale” adlı romanından bir narahat şair boylanır. Sözümün canı odur ki, o narahat və fərqli şairi oxucu vaxtaşırı şeirlərdə də görmək istəyir. Ona görə Aqşin Yenisey şeir yazmağı bir qırağa qoymasa yaxşıdır.

İnternetdə Molla Nəsrəddinlə qarşılaşmağımız təəccüblü deyil

- Sosial şəbəkələrdə qəribə folklor nümunələri ilə qarşılaşırıq. İnternet folklorunu qəbul edirsinizmi?

- Mənim qəbul edib-etməməyimdən asılı olmayaraq, məlum folklor qəlibləri əsasında internet folkloru yaranır və yayılır. Məsələn, xalq arasında etibarsız və üzüdönük adamlarla bağlı belə bir deyim var: “Filankəsin çörəyi dizinin üstündədir”. Bu deyim əsasında internetdə belə bir parodik deyimin yaranmasının şahidi oluruq: “Çörəyi dizinin üstündə kəs”. İnternet folklorunun ən maraqlı nümunələri Molla Nəsrəddin lətifələri üzərində qurulur. Məsələn, bu cür: Eşşəyə minirəm “Eşşək yazıqdı” –deyirlər, minmirəm “Axmaqsan” – deyirlər. Yaxşısı budur eşşəyi satım, söz-söhbətdən canım qurtarsın, həm də bir az tüküm durulsun. İnternet folklorunun bu nümunəsində məlum və məşhur Molla Nəsrəddin lətifəsinin sonunu dəyişməklə sosial çətinliyə, maddi sıxıntıya ustalıqla işarə edilmiş olur. İnternet folklorunun dünyada və bizdə geniş yayılmasının nəticəsidir ki, bu sahədə tədqiqatlar aparılır, xüsusi elmi əsərlər yazılır.

Güney Azərbaycanın folklor qayğıları

- Yazıçı Fəxri Uğurlu sosial şəbəkədə belə bir məsələyə toxunmuşdu ki, “Koroğlu” dastanında qızılbaş motivləri var.

- Fəxri Uğurlunun “Koroğlu” ilə bağlı konkret olaraq nə dediyindən xəbərim yoxdur. Amma onu deyə bilərəm ki, istedadlı nasir olan Fəxri Uğurlu folklora, o cümlədən dastanlarımıza dərindən bələddir. Doğrudan da, “Koroğlu”da, xüsusən dastanın Güney Azərbaycandan toplanmış variantlarında Səfəvi və Osmanlı vuruşmalarının izlərini görmək çətin deyil.

- Muxtar müəllim, bildiyimizə görə, Folklor İnstitutunda direktor olduğunuz 13 il müddətində folklorun dünya standartlarına uyğun şəkildə toplanmasına xüsusi fikir vermisiniz və bu işdə Güney Azərbaycan da diqqətdən kənarda qalmayıb. Güney Azərbaycandan folklor materiallarını necə toplamısınız?

- İranda siyasi rejim elədir ki, buradan əməkdaşlar göndərib orada toplama işini həmin əməkdaşların əli ilə görmək müşkül məsələdir. Biz çıxış yolunu Güneydəki milli ruhlu ziyalılarla sıx əlaqə yaratmaqda gördük. Onlardan xahişimiz bu oldu ki, folklor örnəklərini necə var o şəkildə qeydə alsınlar, mətnlərə əl gəzdirməsinlər. Bu şərt əsasında xeyli miqdarda, müxtəlif janrları əhatə edən və bir çoxu bu tayda bizlərə naməlum olan folklor örnəkləri əldə etdik və 18 cilddən ibarət kitab buraxdıq. O kitablar bütöv Azərbaycan folkloru haqqında təsəvvürümüzü inanılmaz dərəcədə dolğunlaşdırdı.

Qarabağın nağıl möcüzəsi

- Toplayıb çap etdirdiyiniz çoxcildli folklor topluları arasında Qarabağ cildləri də var. Bildiyimizə görə, Siz Qarabağ bölgəsindən folklor nümunələri toplamaq işinə lap əvvəllərdən - direktor olmamışdan xeyli qabaq başlamısınız.

-1987-ci ildə tanınmış ədəbiyyatşünas, rəhmətlik Vəli Nəbioğlu, folklorşünas Əfzələddin Əsgər və mən Zəngilan, Qubadlı və Laçın rayonlarında folklor ekspedisiyasında olmuşuq. O vaxt biz üçümüz də Nizami adına Ədəbiyyat İnstitutunda çalışırdıq. Ədəbiyyat İnstitutu xətti ilə gerçəkləşən o ekspedisiya zamanı topladığımız folklor nümunələri əsasında iki kitab çap etdirdik. O kitabların biri "Bu yurd bayquşa qalmaz" adlanırdı və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdu. Adından da göründüyü kimi, kitab folklor dili ilə döyüş əzmi ifadə edirdi, torpaqlarımızın daşnaklara qətiyyən verilməyəcəyi fikrini aşılayırdı. İkinci kitab isə akademik nəşr idi. "Zəngəzur folkloru" adlanan həmin kitab mütəxəssislər üçün nəzərdə tutulmuşdu.

- Folklor İnstitutunun direktoru kimi fəaliyyət göstərəndə, təbii ki, Qarabağ folkloruna diqqəti daha da artırdınız.

- 2012-2015-ci illər arasında Qarabağ folklorunun toplanması və sistemləşdirilməsi ilə bağlı xüsusi layihə üzərində işlədik. Nəticədə "Qarabağ: folklor da bir tarixdir" adı altında 10 cilddən ibarət kitab çap etdik.

- Həmin kitablardan ortaya çıxan ən mühüm qənaət, Sizcə, nədir?

- Ən mühüm qənaət, məncə, budur ki, Qarabağ, həqiqətən, Azərbaycanın zəngin mədəniyyət beşiyidir. Bu zənginliyi son vaxtlar dünya standartlarına uyğun şəkildə toplanmış folklor örnəkləri bir daha qabarıq şəkildə göstərir. Bir misal: Qarabağdan yazıya alınan nağıl süjetlərindən 27-nin Beynəlxalq Nağıl Kataloqunda qarşılığı yoxdur. Bir fin və bir amerikalı alimin adı ilə Aarne - Tompson sistemi adlanan həmin kataloqda qarşılığı olmayan hər hansı nağıl süjetini bu gün Avropa xalqlarının hər hansı birində tapmaq çətin məsələdir. Qarabağdan isə Aarne - Tompson Beynəlxalq Nağıl Kataloqunda qarşılığı olmayan 27 “naməlum” nağıl süjetinin qeydə alınması bu bölgənin mədəniyyətindəki açılmamış qatlardan xəbər verir.

Seçilən
6
50
teleqraf.com

10Mənbələr