“Yekaterinburqdakı hadisələri kənardan, xüsusən də Qərbdən müşahidə edənlər üçün vəziyyət qaranlıq və izaholunmazdır”.
Bu sözləri irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş Globalinfo.az-a açıqlamasında bildirib:
“Orada açıq-aşkar qəddarlıq var idi, bu vəhşiliyi həyata keçirənlər dövlət təhlükəsizlik qüvvələri olduğu üçün məsələ daha böyük əhəmiyyət kəsb edir. Onların bu hərəkətlərinə səbəb olduğu iddia edilən cinayətlərin çox zaman əvvəl yaşandığını nəzərə alsaq, Rusiya tərəfinin izahı şübhələnməyə əsas verir. Buna görə də müşahidəçilər Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsinin əsl səbəbini başqa yerlərdə axtarırlar. Hesab edirəm ki, buna əsaslı səbəbləri var”.
P.Uolş qeyd edib ki, şübhəsiz, münasibətlərin pisləşməsinə AZAL-a məxsus mülki təyyarənin vurulması təkan verdi:
“Ruslar daha öncə yaşanan bu hadisə ilə bağlı təkəbbürlü və açıq desək, axmaq bir yanaşma sərgiləyirlər. Əgər onlar Bakı ilə müttəfiqliklərini qiymətləndirirlərsə, bu cür davranmamalıdırlar. Deməli, baş verənlərdə daha ciddi bir şey olmalıdır. Mən bunun arxasında Zəngəzur dəhlizi məsələsinin dayandığından şübhələnirəm. Əgər ermənilərin məlumatları doğrudursa və ABŞ Prezidenti Donald Trampın dəhlizin Rusiyanın nəzarəti ilə açılmasına mane olmaq təklifi varsa, bu, həqiqətən də problemin həlli ola bilər. Beləliklə Rusiya artıq Cənubi Qafqazda heç kimə lazım olmaz. Ermənistan Moskvadan asılılığına ancaq Türkiyə və Azərbaycanla anlaşma yolu ilə son qoya bilər”.
Politoloqun sözlərinə görə, Türkiyə Ermənistanın Qərbə gedən yeganə yoludur və İrəvan Qarabağın işğalını başlatmaqla bunu bütöv bir nəsil üçün təxirə salıb:
“Qarabağ işğal olunmazdan və 750.000 azərbaycanlıya qarşı etnik “təmizlik” həyata keçirilməzdən əvvəl türklər Ermənistan üçün müstəqillik yolunu asanlaşdırmağa çalışırdılar. İndi deyəsən Ermənistanın Baş naziri Nikol Paşinyan məhz bu yolu tutub. Rusiyanın çətinliyi Cənubi Qafqazın fürsətidir! Paşinyan uğur qazanarsa, regionda Moskvanın hegemonluğundan kütləvi şəkildə qurtulmaq mümkün olacaq. Amma belə görünür ki, Azərbaycan Rusiyanın təxribatları nəticəsində, daha geniş geosiyasi səviyyədə baş verənlərlə bağlı öz heyrətamiz dərəcədə uğurlu balanslaşdırılmış xarici siyasətinə son qoyur və ya ən azından onu əsaslı şəkildə korrektə edir.
Hakimiyyətə məxsus dəhlizlərdə insanların nə bildiyini və pərdə arxasında nələrin baş verdiyini bildiyimi iddia edə bilmərəm. Mühakimə edə bilən yalnız tarixdir və biz cənab Tramp da daxil olmaqla çox qeyri-sabit bir dünyada yaşayırıq. Təkcə onu əlavə edə bilərəm ki, mən çoxqütblü dünyanın tərəfdarıyam və bu, köhnə hegemon dövlətlərdən kənar ölkələr üçün fəaliyyət azadlığının artması deməkdir”.
Patrik Uolş həmçinin, ABŞ şirkətinin Zəngəzur dəhlizində təhlükəsizliyə nəzarət edəcəyi iddisına da fikir bildirib:
“Trampın belə bir təşəbbüsü ilə bağlı iddia inandırıcı görünür və bu, şübhəsiz ki, iri biznesmenin cəhd edə biləcəyi bir işdir. Ağ Ev lideri hər yerdə gündəm yaratmağı xoşlayır və görünür, problemlərin həllinə həddən artıq həvəslidir. Qeyd olunan təşəbbüs, Rusiyanın dəhlizdə gözlənilən hökmranlığını pozaraq və ABŞ-a itirdiyi regionda müəyyən təsir rıçaqlarını verməklə Moskvaya zərbə olacaq. Bu, həm erməni, həm də Azərbaycanın nöqteyi-nəzərindən məsələni həll etməyə imkan verir”.
Ekspert hesab edir ki, bunun üçün Trampın öz səbəbləri var:
“Birincisi, o, beləliklə, Cənubi Qafqaza sülh gətirən şəxs kimi tanınacaq. İkincisi, ABŞ-ın regionda biznes maraqlarını irəli sürür. Üçüncüsü, Rusiyanın nəbzini yoxlayır və Ukraynada Putinə qarşı sülh danışıqlarında yeni kart əldə edir. Dördüncüsü, Nobel Sülh Mükafatı uğrunda mübarizə aparmaq üçün öz CV-sini hazırlayır, əminəm ki, bu, onun çox ürəyincə olacaq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta