AZ

Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə

Bir vaxtlar Azərbaycan da Türkiyə-Rusiya barışığında rol oynamışdı, indi estafet Ankaraya keçə bilər - iki fərqli gözlənti

“Rusiya üçün Azərbaycan və Ermənistan ”siam əkizləri" kimi idi. Moskvaya Azərbaycana təsir etməkdən ötrü Ermənistan, Ermənistana təsir etmək üçün isə Azərbaycan lazım idi. Bunun üçün alət rolunu isə Dağlıq Qarabağ məsələsi oynayırdı. Ancaq belə bir təsir aləti artıq yoxdur".

“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bunu erməni politoloq Aleksandr İskəndəryan Azərbaycanla Rusiya arasında münasibətlərin kəskinləşməsini şərh edərkən deyib. Onun sözlərinə görə, hazırda baş verənlər ən əvvəl bunun göstəricisidir: “Yəni Azərbaycan ”blanka"nı qaldırmaq istəyir. Bu, Bakının öz oyununu oynadığını göstərir. Onlar (Azərbaycan - red.) dəfələrlə bildiriblər ki, kiçik ölkə deyillər, orta gücdürlər. Ona görə də Azərbaycan regionda özünü Cənubi Qafqazın hegemonu kimi təsdiqləməyə çalışır".

“Bakı-Moskva münasibətləri hara qədər pisləşə bilər” sualına isə erməni ekspert belə cavab verib: “Azərbaycanda rus qoşunu yoxdur. Diplomatik əlaqələr kəsilməlidirmi? Bu da mümkün deyil. Amma kimsə, təyyarə olayından sonra olduğu kimi, tərəfləri bir növ danışıqlar masası arxasında əyləşdirəcək. Bunun Ərdoğan olması tamamilə mümkün görünür. Nə cürsə problem yoluna qoyulacaq. Ona görə də bunun hansısa fəlakətli vəziyyətlərə gətirib çıxaracağını düşünmürəm. Siyasi vəziyyət bu ölkələri bir tərəfdən bir-birinə inamsızlıqla yanaşmağa, digər tərəfdən isə bir-birinə ehtiyac duyduqda qarşılıqlı fəaliyyətə məcbur edir. Məncə, həm Kreml, həm də Bakı şəxsi məsələləri siyasi məsələlərdən ayırmağı bilir. Ukrayna müharibəsi şəraitində postsovet ölkələrinin heç biri ilə münasibətləri korlamaq Rusiyanın marağında deyil. Eyni zamanda, bölgəmizdə Rusiyanın təsirinin azalması baş verməkdədir. Bu proses davam edir, Rusiyanın postsovet məkanında təsiri azalır”.

İsgəndəryan nə dərəcədə haqlıdır? Bakı və Moskvanın barışması üçün vasitəçi gərəkdirmi? Aradakı gərginlik pik həddini keçibmi?

“Ərdoğanın barışdırıcı fiqur olması mümkündür. Vaxtilə Azərbaycan da Türkiyə-Rusiya arasında helikopter gərginliyinə son qoymaq üçün vasitəçi olmuşdu. İndi eyni missiyanı qardaş dövlət yerinə yetirə bilər. Əslində, münasibətləri korlayan qarşı tərəfdir. Ona görə Rusiya barışıq üçün təşəbbüs qaldırmalıdır. Ancaq alternativlər də var. Misal üçün Lukaşenko, ya da Tokayev ola bilər”, - “Yeni Müsavat”a danışan professor Qabil Hüseynli erməni həmkarının fikirlərini belə şərh edib.

Qabil

Qabil Hüseynli

Onun fikrincə, tezliklə normallaşma mümkün olmasa da, gedişat Bakı ilə Moskva arasında əlaqələrin düzələcəyini qaçılmaz edir. Q.Hüseynli hesab edir ki, bunun üçün Kremlin də atmalı olduğu addımlar var: “Birincisi, təyyarənin vurulmasına görə Bakının tələblərini gec də olsa yerinə yetirmək; ikincisi, Yekaterinburq qətliamını törədən OMON əməkdaşlarını cəzalandırmaq. Həmçinin Solovyov və digərlərinin ağzını yummaq. Rusiya aramızı vuran üçüncü qüvvə axtarır, amma öz propoqanda maşınını görmək istəmir. Əgər müttəfiqlikdirsə, hərçənd əsər-əlamət də yoxdur, heç olmasa əldə olunan razılaşmanın bəndlərinə əməl edilsin. Sənəddə qəbul olunub ki, bir-birinə qarşı informasiya məkanında müttəfiqlik ruhuna uyğun davranılsın, yəni öhdəliklər var. Amma Rusiya mediası ittihamlar yağdırır. O baxımdan, əlaqələri sahmana salmaq üçün Türkiyə rol oynaya bilər. Ancaq Qazaxıstan, Belarus liderləri də istisna deyil”.

Professorun fikrincə, Azərbaycan Rusiyanın əleyhinə siyasət yürütmür və Kreml bu faktı nəzərə almalıdır: “Təəssüf ki, qarşı tərəfdən analoji hörməti görmək olmur. Bu necə müttəfiqlikdir ki, dekabrdan bəri təyyarəmizi vurmasına baxmayaraq qeyri-dost mövqe tutur? Bu necə tərəfdaşlıqdır ki, həmvətənlərimiz qəddarlıqla döyülüb öldürülür?! Məgər onları saxlayıb istintaqa təhvil vermək olmazdımı? Yaxud Rusiya mediası, teleqram kanalları absurd çağırışlar edirlər. Bu mənada, Rusiya Azərbaycanla münasibətlərə, bizə olan siyasətinə yenidən baxmalıdır. Moskva təhdid dilində bizimlə danışa bilməz və ya təzyiqlə diktə etməsi mümkün deyil. Bunu da son hadisələrdə gördülər, adekvat cavab aldılar. Hər halda, İran kimi Rusiyanın da hədələrinə dövlətimiz və ictimaiyyət tərəfindən lazımı reaksiya verildi. İndi top Rusiyadadır və əlaqələri yaxşılaşdırmaq üçün barış əli uzatmalıdır”.

Ramiyə

Siyasi şərhçi Ramiyə Məmmədovaya görə, Ərdoğan hər zaman barış rolu oynayıb: “İstər Ukrayna-Rusiya danışıqları, istər digər konfliktlərin həllində Ankara sülh tərəfdarı olub. Bu gün Rusiya Türkiyə və Azərbaycana ehtiyac duyur, iki qardaş dövlətin birgəliyini, gücünü qəbul edir. Ona görə də Rusiya özü maraqlı olmalıdır ki, Bakı ilə gərginlik başa çatsın. Hazırkı vəziyyət şimal ölkəsinə heç nə qazandırmır. Türkiyə isə NATO ölkəsi olmaqla bərabər Rusiya əleyhinə sanksiyalarda iştirak etmir, bunu da Putin hakimiyyəti yaxşı dərk edir. Nəticə etibarı ilə Moskva Ankaranın müttəfiqi Bakı ilə qarşıdurma vəziyyətindən çəkinməli, geridönüş etməlidir. Fikrimcə, yaxın həftələrdə Azərbaycanla Rusiya arasında təmaslar intensivləşə bilər. Hətta diplomatik əlaqələr o dərəcədə sıxdır ki, Türkiyənin vasitəçiliyinə ehtiyac qalmaya da bilər”.

Ekspertin sözlərinə görə, Azərbaycan Rusiya üçün böyük əhəmiyyət kəsb edir: “Cənubi Qafqazda təsirləri azalan Moskvanın Bakıdan möhkəm yapışması lazımdır. Ancaq bu halda Zəngəzur dəhlizindən yararlanmaq, regionda normal əməkdaşlıq qurmaq olar. Rusiyanı uzun illər sanksiya gözləyəcək. Buna da dözmək üçün qonşularla əlaqələri pozmalı deyilsən. Odur ki, Türkiyə, Azərbaycan, Gürcüstan, hətta Ermənistan Rusiyaya lazımdır. Əgər təzyiq və təhdid ritorikası davam edəcəksə, növbəti mərhələdə Rusiya bu fürsətləri tamamilə itirəcək və Cənubi Qafqazdan tam çıxarılacaq”.

Seçilən
14
50
turkustan.az

10Mənbələr