AZ

Qırmızı xətlərin o üzündə: Trampın İranla danışıqlara açıq qapısı

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın İranla birbaşa danışıqlarda iştirak etməyə hazır olduğunu bildirməsi beynəlxalq münasibətlər müstəvisində maraq doğurub.

Bakıvaxtı.az-ın məlumatına görə,Tramp bu bəyanatı ilə Vaşinqtonun hazırkı siyasətində çevik diplomatik imkanlara açıq qaldığını göstərir. Uzun müddət arxa kanallar vasitəsilə aparılan təmaslardan sonra prezident səviyyəsində belə bir siqnalın verilməsi yeni mərhələnin başlaya biləcəyi ehtimalını artırır.

Politoloq Züriyə Qarayeva Bakıvaxtı.az-a müsahibəsində bu açıqlamanın mümkün nəticələrini dəyərləndirib.

– Trampın belə bir açıqlama ilə çıxış etməsi sizcə hansı məqsədlərə hesablanıb və nə qədər gerçəkləşə biləcək bir addımdır?– Tramp üçün bu bəyanat həm daxili auditoriyada lider imicini möhkəmləndirmək, həm də xarici siyasətdə təşəbbüsü öz əlinə almaq vasitəsidir. İran məsələsi ABŞ-da həssas siyasi mövzudur və Tramp bu kartdan həm seçki öncəsi, həm də strateji oyunçu olaraq istifadə etməyə çalışır. Əgər zəruri şərtlər formalaşarsa – yəni İran tərəfi ilkin texniki razılaşmaları qəbul edərsə – Trampın danışıqlara qatılması mümkündür. Bu, həm də Vaşinqtonun sülhə hazır olduğunu göstərən siyasi jestdir.

– İran tərəfindən bu təklifi qəbul etmək real görünürmü? Onların əsas mövqeyi nə ola bilər?– İran siyasi sistemi mürəkkəb və çoxmərtəbəlidir. Prezident Pezeşkian daha kompromisə meylli şəxs kimi görünür, lakin əsas qərarlar hələ də dini liderin və İslam İnqilabı Keşikçiləri Korpusunun əlində cəmlənib. İran hazırda ağır sanksiyalar və iqtisadi çətinliklərlə üz-üzədir. Bu səbəbdən Vaşinqtonla danışıqları tam inkar etməsə də, prosesin formatına və şərtlərinə çox həssas yanaşacaq. İran üçün danışıqlarda əsas məsələ nüvə proqramına tam qadağa deyil, qarşılıqlı etimada əsaslanan güzəştlər mexanizmidir.

– Əgər bu təmaslar baş tutarsa, ABŞ-İran münasibətləri və region üçün hansı dəyişikliklər baş verə bilər?– Danışıqlar masası ətrafında birbaşa təmasların baş verməsi tərəflər arasında gərginliyin idarəolunan səviyyəyə enməsinə səbəb ola bilər. Bu, təkcə iki ölkənin münasibətləri üçün deyil, bütövlükdə Yaxın Şərq üçün mühüm dəyişikliklərə gətirib çıxara bilər. Neft bazarında sabitlik yarana, dəniz nəqliyyatı təhlükəsizliyinə olan risklər azala, həmçinin proksi toqquşmaların intensivliyi zəifləyə bilər. ABŞ üçün isə bu, İranın nüvə imkanlarını daha effektiv nəzarətə almaq və müttəfiqlərlə koordinasiyanı gücləndirmək imkanı deməkdir.

– Bu prosesin daha geniş – qlobal təsirlərini necə qiymətləndirirsiniz?– Əgər ABŞ-İran dialoqu gerçəkləşsə və müsbət nəticələr versə, bu, beynəlxalq diplomatiyada yeni dinamikanın başlanğıcı ola bilər. Vaşinqton bölgədəki mövqeyini yenidən gücləndirə, Avropa İttifaqı isə sanksiyalar və iqtisadi əməkdaşlıq sahəsində yeni addımlar ata bilər. Eyni zamanda, bu proses Rusiya və Çinin bölgədəki təsir imkanlarına balans gətirə bilər. İran da bu yolla beynəlxalq təcriddən qismən çıxa, iqtisadi nəfəs ala bilər. Əsas məsələ isə tərəflərin bu prosesi siyasi ritorikadan real saziş mərhələsinə keçirmək iradəsidir.

Zülfü Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
23
bakivaxti.az

10Mənbələr