AZ

İƏT Azərbaycan üçün önəmli regional əməkdaşlıq platformasıdır

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Üzv dövlətlər ölkəmizə 22 milyard dollar sərmayə yatırıb

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizdə bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin dərinləşməsinə xüsusi önəm verilir.

Qeyd edək ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq adı ilə 3 ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan sözügedən qurum 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb. Qurumun təsis proqramında davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin iqtisadi inkişafının sürətləndirilməsi, ticarətin liberallaşdırılması, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, maddi sərvətlərin səmərəli istifadəsi məsələləri qarşıya mühüm vəzifələr kimi qoyulub.

Azərbaycan İƏT-ə 1992-ci ildə üzv olub. Təşkilatın 9-cu və 12-ci zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb, Bakı bəyannamələri qəbul edilib. İƏT-in ötən müddətdəki iclaslarında Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən nəqliyyat marşrutlarının mühüm önəm daşıdığı, bu xüsusda Azərbaycanın regional nəqliyyat və tranzit dəhlizlərinin inkişaf etdirilməsi üçün görülən əhəmiyyətli işlər barədə ətraflı məlumat verilib. Bununla yanaşı, sözügedən istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformalar təsis edilib. Azərbaycan, Türkiyə və Qazaxıstan arasında 2022-ci ilin iyun ayında Bakıda keçirilən görüşdə qəbul olunan Bakı Bəyannaməsində nəzərdə tutulan Transxəzər (Orta Dəhliz) Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə müvafiq qərarların icrası vəziyyəti yüksək dəyərləndirilib.

Göründüyü kimi, Azərbaycan İƏT-ə üzv olandan indiyədək bu təşkilatla əlaqələrinin möhkəmləndirilməsini diqqətdə saxlayıb. İyulun 4-də Xankəndi şəhərində İƏT-in 17-ci Zirvə görüşünün keçirilməsi də respublikamızın bu qurumla sıx əməkdaşlığının göstəricisidir. Prezident İlham Əliyev adıçəkilən təşkilatın 17-ci Zirvə görüşündəki çıxışında da sözügedən qurumla iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün müzakirə ediləcək məsələlərin xüsusi əhəmiyyət daşıdığını bildirərək deyib: “Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə, biz dünyada ön sıralardayıq. Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir və İƏT-ə üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir”.

Yeri gəlmişkən, son 22 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən ölkəmizin iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini gerçəkləşdirib. Şübhəsiz ki, bu uğurları dövlətmizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti şərtləndirib.

Ölkəmiz tarixi baxımdan qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafı reallaşdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olub, 30 il düşmən əsarətində qalan Qarabağ və Şərqi Zəngəzuru azad edərək bu coğrafiyada genişmiqyaslı bərpa – quruculuq layihələrinin icrasına başlayıb. Azərbaycanın dünya birliyinə inteqrasiyasının gücləndirilməsi qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin hazırlayıb.

Dövlətimizin başçısı İƏT-in 17-ci Zirvə görüşündəki nitqində bu məsələlərə də toxunaraq Ermənistanın Azərbaycan ərazilərinin, təxminən, 20 faizini 30 ilə yaxın işğal altında saxladığını, etnik təmizləmə həyata keçirdiyini, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin saldığını vurğulayıb, eyni zamanda, bu müddətdə xalqımızın və dövlətimizin heç vaxt işğalla barışmadığını da diqqətə çatdırıb. Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdiyini, Ermənistanın isə 10 noyabr 2020-ci il tarixində kapitulyasiya aktı imzalamağa məcbur olduğunu vurğulayıb. Prezident İlham Əliyev çıxışında hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparıldığını da diqqətə çatdırıb.

Azərbaycan İƏT-ə üzv ölkələrlə əməkdaşlığın inkişafını daim diqqətdə saxlayır. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı çıxışlarının birində deyir: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.

Xatırladaq ki, Azərbaycan ilə İƏT-ə üzv ölkələr arasında cari ilin ilk 5 ayında ticarət dövriyyəsi 3,5 milyard dollara (illik 10 faiz artım) çatıb.1995-ci ildən bəri üzv dövlətlərdən ölkəmizə 22 milyard dollardan çox investisiya qoyulub. Hazırda Azərbaycanın İƏT region ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi 8 milyard dollardır ki, bu rəqəm cəmi ticarət dövriyyəsinin, təxminən, 17 faizi deməkdir.

Samir HEYDƏROV,iqtisadçı-ekspert

İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi ortaq din və mentalitet birliyi olan üzv ölkələrin iqtisadi əməkdaşlığını artırmaqdır. Hazırda təşkilata 10 ölkə daxildir. Azərbaycanın təşkilata üzv ölkələrlə iqtisadi-ticari əlaqələri artan dinamika üzrə inkişaf edir. Belə ki, 2024-cü ilin göstəricilərinə görə, təkcə qardaş Türkiyə ilə iqtisadi ticarət həcmi 7,9 milyard dollardır.

Ticarət həcmi Azərbaycanın bu ölkələrlə olan toplam ticarət dövriyyəsinin 77 faizini təşkil edir. Digər ölkələrin də payı məhz qonşuluq prinsipi üzrə bölünür. Məsələn, İranla ötənilki ticarət dövriyyəmiz 647 milyon dollar olub ki, bu da İƏT üzvləri ilə ticarət dövriyyəmizin 8,9 faizinə bərabərdir.

Ötən il Qazaxıstanla illik ticarətimiz 470 milyon dollar və ya təşkilatdaxili toplam ticarətimizin 6 faizinə bərabər olub. Digər yaxın qonşumuz Türkmənistanla illik ticarət dövriyyəmiz isə 384 milyon dollar və ya ümumi dövriyyənin 4,9 faizinə bərabərdir.

Özbəkistanla Azərbaycan arasında 2024-cü il üçün ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 40 faiz artaraq 252 milyon dollara yüksəlib. 2024-cü ildə Pakistan ilə ticarət dövriyyəmiz 22 milyon dollar, Əfqanıstanla 800 min dollar, Tacikistan ilə 7 milyon dollar, Qırğızıstan ilə 4 milyon dollar olub.

Göründüyü kimi, təşkilata üzv bir çox ölkələrlə ticarət dövriyyəmiz mövcud potensialı əks etdirmir. Buna səbəb kimi qeyd olunan ölkələrdə logistika və nəqliyyat infrastrukturunun inkişaf etməməsi, enerji sahəsində investisiyaların qıtlığı və geosiyasi risklər ola bilər. Bu ölkələr çox nadir metallarla zəngindirlər. Əfqanıstan litium, nikel, kobalt, mərmər və nadir metallarla zəngindir ki, bu gün həmin metallardan yüksək texnoloji məhsulların istehsalında istifadə olunur.

V.BAYRAMOVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
50
xalqqazeti.az

10Mənbələr