ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskvadan barışıq çağırışları çoxalsa da...
Azərbaycan indi nə işğaldan boynu bükülmüş ölkə, nə də qaməti əyilmiş xalqdır. Bəli, bizi 30 il boyu belə görməyə öyrəşmiş və bu durumun əbədi davam edəcəyini düşünürdülər. Amma yanıldılar. Əzəli torpağını işğaldan azad etməklə tarixi ədaləti bərpa edən, qamətini dikəldən, qürurunu qaytaran Azərbaycan dövləti bu gün özünə və xalqına sayğılı yanaşma, bərabərhüquqlu əməkdaşlıq tələb edir. Onun bunu tələb etməyə haqqı çatır və hər kəs bu reallıqla barışmalıdır.
Məlumdur ki, Rusiyanın siyasi isteblişmentində Azərbaycanın Qarabağ Zəfəri, müstəqil siyasəti ilə barışmaq istəməyən, reallığı həzm edə bilməyənlər var. Nədənsə onları Azərbaycanın Türkiyə və digər türk respublikaları ilə əlaqələri, Çinlə, Pakistanla yaxınlaşması əməlli-başlı narahat edir. Başa düşmək istəmirlər ki, indi XIX deyil, XXI əsrdir və çar Rusiyasının Qafqaza, Mərkəzi Asiyaya yürüşləri, xalqları buxovlama siyasəti tarixin arxivində qaldı. Daha o buxovlar unudulmalıdır. Çünki Azərbaycan artıq 20 faiz torpağı işğal olunmuş məğlub ölkə, gözüqıpıq xalq deyil. Azərbaycan torpağı ilə bərabər qürurunu da geri qaytarmış qalib xalqdır və bu reallığa uyğun şəkildə özünə hörmət tələb edir.
***
Şimaldan təzadlı, bəzən bir-birini təkzib edən mesajlar gəlməkdə davam edir. Doğrudur, rəsmilərin dilindən iki ölkə arasında münasibətlərin normallaşmasına çağırışların yer aldığı açıqlamalar üstünlük təşkil etməyə başlayıb. Amma neçə illərdir Kremlin anti-Azərbaycan təbliğat ruporu missiyasını yerinə yetirənlər məlum ritorikalarını dəyişmək barədə düşünmürlər.
Belələrinin başında isə “Rossiya-1” telekanalında öz adına müəllif proqramının aparıcısı Vladimir Solovyov gəlir. O, Yekaterinburqda qətlə yetirilən azərbaycanlılar – Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə bağlı hökumətin atdığı addımlardan “təəccübləndiyini” bildirib. Təəccübünü də Kremlə yersiz təkəbbürlə ünvanladığı suallarla ifadə edib. Misal üçün: “Səfərov qardaşlarının meyitləri niyə bu tezliklə Azərbaycana təhvil verildi? Məhkəmə-tibbi ekspertizası aparılıbmı? Onun nəticələrini təsdiqləyən video görüntülər varmı? Axı istintaq hələ də davam edir, ölümdən sonra meyitlərə xəsarət yetirilib-yetirilmədiyini necə sübut edəcəksən?” və sair. Rusiyadakı erməni lobbisinin “yemlədiyi” çoxdan məlum olan Solovyov bu suallarla ictimai rəydə şübhə toxumu səpməyi hədəfləyir. Əslində, onun verdiyi sualların hamısının bir cavabı var, o da Bakıda verildi. Səfərov qardaşlarının cənazələri Azərbaycana gətirildikdən sonra Bakıda təkrar tibbi ekspertizadan keçirilib və Rusiyada həkim rəylərinin həqiqəti əks etdirmədiyi təsdiqlənib. Sübutlar qarşı tərəfə də təqdim olunub. Solovyovun “təəccübünün” yox, narahatlığının səbəbi Yekaterinburqda ekspertlərin verdiyi rəylərin saxta çıxması, qətli ört-basdır etmək cəhdinin ifşa olunmasıdır. Ona görə hirslənib və müstəntiq suallarını Kremlə ünvanlayıb. Amma artıq gecdir, indi Rusiya ədliyyəsi cinayətin izlərini basdırmaqla deyil, cinayəti törədənləri müttəhimlər kürsüsünə oturtmaqla məşğul olmalıdır.
“Ədalətli Rusiya – Həqiqət naminə” Partiyasının lideri Sergey Mironov isə Solovyovdan daha “maraqlı” təkliflə çıxış edib. O, baş prokuror İqor Krasnova müraciət edərək, Azərbaycan diasporları və onlara bağlı strukturların araşdırılmasını tələb edib: “Rusiya Federasiyasının bütün subyektlərində Azərbaycan diasporlarının və onlara bağlı strukturların fəaliyyətlərinin hərtərəfli araşdırılmasını xahiş edirəm”. Bu zaman, o, “Sadovod” və “Food City” ticarət mərkəzlərinin fəaliyyətinin qanuna uyğunluğunun yoxlanmasının vacibliyinə də diqqət çəkib. S.Mironov diasporların fəaliyyətinin “dövlətin və onun vətəndaşlarının təhlükəsizliyini təhdid etdiyini” dəfələrlə bildirən partiyadaşlarının mövqeyinə istinad edir. Onların fikrincə, ikili vətəndaşlığı olan şəxslərin, guya, daxil olduqları cinayətkar qruplaşmalar cəmiyyətdə “xüsusi narahatlıq” doğurur. Düşünürük ki, Dumanın sabiq spikeri, hazırda partiya sədri Mironovun diqqətinə Rusiya DİN-in ölkədə cinayətkarlıqla bağlı 2025-ci ilin ilk rübünün statistikasını çatdırmağımız yetərlidir. Həmin müddətdə bu ölkədə əcnəbi miqrantların adı keçən cinayət faktları yerli vətəndaşların törətdiyi cinayətlərdən iki dəfə azdır.
***
Bu məqamda yadımıza bir epizod düşdü. Taleyin ironiyasına diqqət edin: Yekaterinburq hadisəsindən iki-üç gün əvvəl Azərbaycan sərhədçiləri məlum səbəbdən İrandan gələn Rusiya vətəndaşlarını səmimiyyət və qayğıkeşliklə qarşılayıb, mehribanlıqla öz ölkələrinə yola saldılar. Buna görə Rusiyanın Bakıdakı səfirliyi və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan hökumətinə minnətdarlıq etmişdi. Bəs onların polisi bizim soydaşlarımızla necə davrandı? Müqayisə qüsurlu görünə bilər, amma yanaşma diqqət çəkir.
Bu arada Ermənistan mediası Rusiya və Azərbaycan arasındakı gərginliyin finişini “hərbi münaqişə” formasında görməyi arzuladığını yazır. “NEWS.am” saytı “Rusiya Zabitləri” Ümumrusiya Təşkilatının rəyasət heyətinin sədri Sergey Lipovoyun fikirlərini tirajlayıb. O, indiki vəziyyətdə “Rusiya və Azərbaycan arasında hərbi münaqişəni istisna etmədiyini” deyib. Onun sözlərinə görə, Bakı Ukraynadakı müharibəni nəzərə alaraq Moskvanı “münaqişəyə təhrik etməyə, bununla da Rusiyanı zəiflətməyə” çalışacaq. Hayların xəstə təxəyyülünün məhsulu olan bu “hərbi versiyanı” şərh etməyə belə ehtiyac görmürük.
***
Amma iki ölkə arasındakı diplomatik gərginliyin Moskvanın siyasi iradə və praqmatik yanaşma nümayiş etdirməsi sayəsində aradan qaldırıla biləcəyinə inananlar da az deyil. “Azərbaycanlıların ölümündə günahkarların cəzalandırılması iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verə bilər”. Bunu rusiyalı senator Andrey Klişas deyib. Onun qanuna və sağlam məntiqə söykənən bu yanaşmasının Rusiya cəmiyyətində tezliklə geniş dəstək qazanacağına inanmaq istərdik.
Rusiyalı politoloq Sergey Markov isə Azərbaycan və Rusiya arasında yaşanan diplomatik gərginliyin səbəbləri ilə bağlı 10 versiya irəli sürüb. Bu versiyaların içində Bakının irəli sürdüyü Yekaterinburqda insanların hüquqlarının pozulması, keçən ilin dekabrında Çeçenistan səmasında AZAL-ın sərnişin təyyarəsinin vurulmasına görə rəsmi Moskvanın üzr istəməməsi, Rusiya ordusunun Azərbaycan neftinin Odessa vasitəsilə emal olunduğu Kremençuqdakı neft emalı zavoduna gözlənilməz hücumu, Zəngəzur nəqliyyat dəhlizinə gələcək nəzarətin yenidən bölüşdürülməsi, eləcə də Azərbaycanın özünün yüksək geosiyasi statusunu təsdiqləməsini Kremlin həzm edə bilməməsi kimi səbəblər də var.
Yeri gəlmişkən, Azərbaycanın “Sputnik Azərbaycan” işi üzrə istintaqa cəlb edilmiş beş əməkdaşın sərbəst buraxılması barədə qərarını hüquqi və siyasi baxımdan xoşməramlı jest kimi dəyərləndirmək olar. Bakının bu addımı Moskva ilə münasibətləri qaydaya salmaq, normallaşdırmaq istəyinin göstəricisidir. Həmin şəxslərin polisin nəzarəti altında olsa da, azadlığa buraxılması ikitərəfli münasibətlərdə yaranmış soyuqluğun nisbətən isti rejimə keçməsindən, Azərbaycanın dialoqa açıq mövqe nümayiş etdirməsindən xəbər verir. Beləliklə, Bakı bu addımı ilə barışığa çağırış nidasını verdi. İndi qalıb Moskvanın bundan sonra konkret addımlar atıb-atmayacağını diqqətlə izləməyimiz. Diplomatik böhranın tam həlli üçün yalnız söz və bəyanatlar kifayət eləmir. İndi Kremldən polisin, hüquq-mühafizə orqanlarının davranışlarını düzgün qiymətləndirmək və buna uyğun tədbirlər görmək tələb olunur.
Əgər Rusiya Qafqazda, Mərkəzi Asiyada mövcudluğunu qoruyub saxlamaq, iddiasız və təmənnasız tərəfdaş olmaq istəyirsə qarşı tərəfə əlini uzatmalı, Azərbaycanla bərabərhüquqlu münasibətlər qurmalıdır. Münasibətlərin əvvəlki normal məcraya qayıtmasından ötrü rəsmi Moskva həm məlum təyyarə qəzasında ölənlərin, həm də Yekaterinburqda polisin öldürdüyü qardaşların ailələrindən üzr istəməli, günahkarlar cəzalandırılmalı, zərərçəkmişlərə təzminat ödənilməli və gələcəkdə bu kimi halların bir daha baş verməyəcəyinə təminat verilməlidir.
Fikrət SADIXOV,Qərbi Kaspi Universitetinin professoru, politoloq
– Azərbaycanın heç vaxt Rusiya ilə münasibətləri pozmaq planı olmayıb. Bizi bir-birimizlə birləşdirən bir çox amillərlə yanaşı, siyasi, iqtisadi əlaqələri tənzimləyən rəsmi sənədlər mövcuddur. İkitərəfli münasibətlər məhz həmin sənədlər əsasında inkişaf edir. Amma Yekaterinburqda baş verən məlum hadisələri Bakı adekvat reaksiya verməli idi və bunu etdi. Bizə elə gəlir ki, Moskvada bunu eşitdilər və başa düşdülər. Çünki verilən reaksiyalar konkret əsaslara söykənirdi. İki azərbaycanlı vəhşicəsinə döyülərək öldürülmüş, digərləri isə həbs olunublar. Əlbəttə, Azərbaycan buna məntiqi bir cavab tələb etməli idi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova yaxşı başa düşür ki, iki ölkə arasında münasibətlərin daha da gərginləşməsi, ilk növbədə, Rusiyanın maraqlarına ziddir. Artıq bunu digər rəsmi dairələrdə də anlamağa başlayıblar. Rusiya XİN münasibətləri yumşaltmağa yönəlik ifadələrlə açıqlama verirsə, bunu normal, müsbət hal kimi qəbul etmək olar.
Amma Bakı törədilən hadisələrə birbaşa cavabdeh olan Rusiya güc strukturlarının rəsmilərinin də açıqlamalarını eşitmək istəyir. Onlar müvafiq izahat verməlidirlər. Qanlı hadisə hansı səbəbdən, nəyin üstündə baş verib? Məhz bundan sonra Azərbaycan–Rusiya münasibətləri normal məcraya düşə bilər. Hesab edirik ki, bunu həm Moskvada, həm də Bakıda başa düşürlər. Əgər Kreml diplomatik ritorikada yumşalma nümayiş etdirirsə, bu zaman Bakı da buna adekvat olaraq normal yanaşma sərgiləyəcək.
İmran BƏDİRXANLIXQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.