AZ

Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir


Qafqazda Rusiya imperiyasının işğalçı planları XIX əsrin əvvəllərindən başlayaraq getdikcə daha açıq və qəddar bir mahiyyət aldı. 1801-ci ildə Şərqi Gürcüstan – Kartli-Kaxetiya çarlığının – Rusiya tərəfindən ilhaqı ilə başlayan bu mərhələ imperiyanın Azərbaycan xanlıqları üzərində irəliləmə siyasətinin başlanğıcı oldu.

Bu işğalçı siyasətin önündə duran və Qafqazdakı rus qoşunlarının komandanı təyin edilmiş general Pyotr Dmitriyeviç Sisianov idi. Maraqlıdır ki, mənşəcə gürcü olmasına baxmayaraq, o, rus şovinizminin və imperiya maraqlarının ən qatı müdafiəçilərindən biri kimi tanındı. 1804-cü ildə Gəncə xanlığına qarşı həyata keçirilən amansız hücumun və Cavad xanın qəhrəmancasına şəhid edilməsinin birbaşa təşkilatçısı məhz Sisianov olmuşdur.

Sisianovun Qarabağ xanına hədələyici məktubları

Gəncənin işğalından sonra Rusiyanın növbəti hədəfi Qarabağ xanlığı oldu, çünki bu bölgə Qafqazda strateji əhəmiyyətə malik idi və imperiyanın hərbi-siyasi nəzarətini gücləndirmək üçün vacib nöqtə sayılırdı. Eyni zamanda, Rusiya bölgədə demoqrafik üstünlük yaratmaq üçün İran və Osmanlıdan Qarabağa ermənilərin kütləvi köçürülməsini təşviq edirdi. Qarabağ nəzarət altına alınmaqla həm strateji mövqeyi ələ keçirildi, həm də demoqrafik vəziyyət Rusiyanın lehinə dəyişdiriləcəkdi...

 1804-cü ilin yanvar ayından başlayaraq Sisianov Qarabağ xanı İbrahimxəlil xana ardıcıl məktublar ünvanlayaraq həm güc tətbiqi ilə hədələyir, həm də Cavad xanın taleyini ona nümunə göstərirdi. Sisianov açıq şəkildə bildirmişdi ki, əgər İbrahimxəlil xan könüllü şəkildə Rusiyanın təbəəliyini qəbul etməzsə, Cavad xanın başına gələnlər onun da taleyi ola bilər.

İbrahimxəlil xan nümayəndəsini Rusiyaya göndərməklə müəyyən dialoqa cəhd göstərsə də, ona heç bir rəsmi sənədə imza atmaq səlahiyyəti vermədi. Bu, Sisianovu narazı saldı və daha sərt hədələrə əl atdı. 4 fevral 1804-cü il tarixli məktubunda yazırdı: «Siz Cavad xan kimi siyasətinizə görə cavab verəcəksiniz. Mən Gəncə yaxınlığında olduğum zaman siz zəif və əsarət altında idiniz, belə açıq danışmağa cürət etməzdiniz.»

 

Şəkil1.jpg (81 KB)

Lakin İbrahimxəlil xanın iradəsi və Qarabağ xanlığının hərbi gücü Sisianovu təzyiq siyasətində müəyyən yumşalmaya sövq etdi. Qarabağ ordusunun Gəncə xanlığından daha güclü olması və Şuşanın müdafiəsinin çətinliyi bu qərarın əsas səbəblərindən oldu. Növbəti məktublarda artıq əvvəlki kimi sərt hədələr yer almır, əksinə, keçmişdəki hərəkətlərin bağışlandığı, gələcəkdə Rusiyaya sədaqət göstərilməsi, Şuşada rus hərbi qüvvələrinin yerləşdirilməsi, xanlığın böyük oğlunun girov verilməsi və ildə 10 min əsrəfi vergi ödəməsi kimi şərtlərlə Rusiyanın himayəsini qəbul etməsi tələb edilirdi. Eyni zamanda, imperator xan və varislərinin taxtda qalmasına zəmanət verilirdi.

Bəylərin narazılığına baxmayaraq, İbrahim xan 1805-ci ilin 14 mayında Kürəkçay çayı sahilində Sisianovla imzaladığı müqavilə ilə Qarabağ xanlığı rəsmi olaraq Rusiyanın “himayəsi” altına keçdi.

Kürəkçay Müqaviləsi: məhvə gedən yol

Kürəkçay müqaviləsi bir tərəfdən sülh və təhlükəsizlik təminatı kimi təqdim edilərkən, əslində bu sənəd Rusiya imperiyasının Azərbaycan torpaqlarında hərbi, siyasi və iqtisadi nəzarətini rəsmiləşdirən bir akt idi. Müqaviləyə əsasən, Şuşaya 500 nəfərlik rus hərbi dəstəsi yerləşdiriləcək, Qarabağ xanı öz oğullarından ikisini girov göndərəcək, Rusiya ilə razılaşdırmadan digər dövlətlərlə əlaqə saxlamaq qadağan ediləcək və illik 8000 çervonluq xərac ödənməli idi.

Əvəzində guya İbrahimxəlil xanın hakimiyyəti qorunacaq, daxili işlərdə muxtariyyəti saxlanacaq və Rusiya xanlığın təhlükəsizliyini təmin edəcəkdi. Lakin bu vədlərin heç biri yerinə yetirilmədi.

Lisaneviçin vəhşiliyi və İbrahimxəlilxəlil xanın qətli

1806-cı ilin yazına doğru Qarabağda vəziyyət olduqca gərgin idi. Qarabağ xanlığı Qacarlar yox, Rusiyanı seçmişdi. Xan bunun ağır nəticələrini ödəyirdi... Qacarlar Abbas Mirzənin rəhbərliyi altında Arazı keçmişdilər.

Mənbələr yazır ki, İbrahimxəlil xan yaranmış vəziyyətin ağırlığını nəzərə alaraq öz ailəsinin təhlükəsizliyini təmin etmək məqsədilə şəhərdən kənara – Xan bağı adlanan əraziyə çəkilmişdi. O, müharibə aparmaq iqtidarında deyildi və eyni zamanda Rusiya qarnizonunun və mayor Lisaneviçin ona  sadiq qalacağına inanırdı. Xan öz oğlu Mehdiqulu ağanı Şuşaya göndərərək tezliklə geri qayıdacağını bildirmişdi.

Mənbələrə görə, gecənin qaranlığında Şuşada fitnə alovlandı. Rus komendantlığında fəaliyyət göstərən bəzi xristian məmurlar – xüsusilə məlik Cəmşid – İbrahimxəlil xana Qacarlarla gizli ittifaqda olmaq ittihamı irəli sürərək mayor Lisaneviçə yalancılıq etdilər. İddia olunurdu ki, xanın düşərgəsində gecə saatlarında Qızılbaş qoşunları toplaşır və gizli ittifaq bağlanır.

Mayor Lisaneviç sanki bu fürsəti gözləyirmiş kimi gecə vaxtı Şuşadan çıxaraq xəbərdarlıq etmədən xanın düşərgəsinə hücum etdi. O, İbrahimxəlil xanın çadırına yaxınlaşanda xan narahatlıqla soruşdu:

— “Gecənin bu vaxtında nə baş verir, mayor?”

Cavab əvəzinə Lisaneviç əsgərlərinə atəş açmaq əmri verdi.

Qanlı faciə başladı. Çadırlara güllələr yağdırıldı, heç kimə aman verilmədi. Həmin gecə Qarabağ xanı İbrahimxəlilxəlil xan, həyat yoldaşı Tuba xanım, qızı Səltənət bəyim, 12 yaşlı oğlu, yaxın silahdaşları və bəy ailələrindən olan 17 nəfər vəhşicəsinə qətlə yetirildi. Əfşar, Kəbirli, Sarıcalı, Qərvəndli nəsillərindən olan bəylər, mirzələr və xidmətçilər – hamısı bir gecənin qaranlığında “himayədar rusun” qılıncına qurban getdi.

Mir Mehdi Xəzani və Həsən Əfzəl Əlizadə kimi dövrün tarixçiləri bu hadisəni "şeytanların törətdiyi faciə" və "xəyanətin zirvəsi" adlandırırdılar. Bu, bir xalqın güvəndiyi “müttəfiq”in necə qəddar düşmənə çevrilə biləcəyinin acı sübutu idi.

Lisaneviçin bu qətliamı yalnız Azərbaycan xalqına deyil, bütövlükdə Cənubi Qafqaz xalqlarına Rusiyanın iç üzünü göstərən sərt bir dərs idi. Kürəkçay müqaviləsinin “sadiqlik” bəndi İbrahimxəlil xanın bədəninə sıxılan güllələrə çevrildi.

Hadisə o qədər amansız və qəddar həyata keçirildi ki, təkcə Qarabağda yox, qonşu ərazilərdə də dərin qəzəb və nifrətə səbəb oldu. Təəssüf ki, İbrahimxəlil xanın oğlu Mehdiqulu xan və nəvəsi Cəfərqulu ağa yaranmış vəziyyətdən rus qoşunlarını Qarabağdan qovmaq üçün istifadə etmədilər. Əksinə, hadisə olmamış kimi rus ordusuna taxıl və ərzaq tədarükü davam etdirildi.

Lisaneviç heç cəza almadı, əksinə, Rusiya onu mükafatlandırdı. Bu isə bir daha göstərdi ki, Rusiyanın müqavilələri siyasi manevr vasitəsindən başqa bir şey deyildi; vədlər sadəcə aldatma örtüyü, sadiqlik isə yalnız itaət demək idi.

Sadiq olmağa çalışmaq fayda vermədi -Mehdiqulu xanın mübarizəsi və xanlığın sonu

Mehdiqulu xan Qarabağ xanlığının son xanı idi və fəaliyyəti Rusiyanın Cənubi Qafqazda işğal və təsirini artırdığı dövrə təsadüf edirdi. Əvvəlcə o, Rusiyanın regiondakı hərbi-siyasi mövqeyini qəbul edib imperiyanın dəstəyindən faydalanmağa çalışdı. Bu münasibətlər müəyyən müddət Mehdiqulu xanın hakimiyyətini qorumağa imkan verdi, lakin Rusiya siyasəti tədricən sərtləşərək xanlıqların daxili muxtariyyətini ləğv etməyə yönəldi.

1813-cü ildə imzalanan Gülüstan müqaviləsindən sonra Rusiya Cənubi Qafqazdakı mövqeyini xeyli gücləndirdi. İran bu müqavilə ilə Qafqaz üzərində hüquqlarından imtina etdi və nəticədə Rusiya Azərbaycanın şimal xanlıqları üzərində tam nəzarət imkanını qazandı. Bu dövrdən başlayaraq imperiya həmin xanlıqları mərhələli şəkildə ləğv etməyə başladı.

Şəkil2.jpg (57 KB)

 

1817-ci ildə Qarabağa rus generalı Pyotr Mədətov göndərildi. Mənşəcə Qarabağda yaşayan erməni əsilli xristian olan Mədətov yerli şəraitlə tanış idi və təyin olunduğu ilk gündən Qarabağda faktiki idarəçiliyi ələ aldı, Mehdiqulu xanın siyasi nüfuzunu zəiflətməyə başladı. Onun fəaliyyəti Rusiyanın Qarabağdakı siyasətinə uyğun olaraq xan hakimiyyətini kölgədə qoymaq məqsədi daşıyırdı.

1822-ci ildə vəziyyət daha da gərginləşdi. Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu ağa naməlum şəxslər tərəfindən yaralandı. Ailədaxili və siyasi münaqişələr fonunda bu hadisə Mehdiqulu xanın üzərinə atıldı. General Mədətov dərhal sui-qəsdin xanın təşəbbüsü ilə olduğunu bəyan etdi. Beləliklə, Mehdiqulu xan günahlandırıldı, yaxın silahdaşları və məsləhətçiləri ruslar tərəfindən həbs edildi.

Siyasi təzyiqlər və nüfuzun tam itirilməsi nəticəsində Mehdiqulu xan 1822-ci il noyabrın 21-də İrana qaçmağa məcbur oldu. Bu qaçış Rusiyada “xəyanət” kimi qiymətləndirildi.

Eyni ilin sonunda, Rusiyanın Qafqazdakı baş komandanı general Aleksey Yermolov xüsusi bəyannamə yaydı. Bəyannamədə Mehdiqulu xanın qaçışı “imperiya sədaqətinə xəyanət” kimi təqdim olundu, eləcə də Qarabağ xanlığının ləğv edildiyi və yerinə birbaşa Rusiya mülki və hərbi idarəçiliyinin tətbiq olunacağı elan edildi. Bu yolla, 1747-ci ildən mövcud olan Qarabağ xanlığı formal olaraq tarix səhnəsindən silindi.

Rusiyaya güvənməyin tarixi dərsi

Bu hadisələr təkcə bir şəxsin deyil, bütövlükdə Cənubi Qafqazın siyasi xəritəsini dəyişdirdi.

Qarabağ xanlığının faciəsi bütün Azərbaycan xanlıqları üçün acı bir dərs oldu: Rusiyaya güvənmək, onunla dostluq qurmaq, onun “himayəsinə” keçmək suverenliyin, azadlığın və həyatın itirilməsi ilə nəticələnir. Kürəkçay müqaviləsi ilə aldadılan Qarabağ xanı imperiyanın “mükafatı” olaraq ailəsi ilə birlikdə qətlə yetirildi. Onun varisi sonda torpaqlarını tərk edərək didərginliyə məruz qaldı.

Bu təkcə Qarabağ xanlığının deyil, bütövlükdə bir millətin başına gələn faciənin timsalıdır. Rusiya imperiyasının ədalətə, sülhə və himayəyə dair verdiyi vədlər tarix boyu heç vaxt gerçəkləşməmişdir. Cavad xanın şəhidliyi, İbrahimxəlil xanın faciəsi, Mehdiqulu xanın mühacirəti – bunlar Rusiyanın “dostluğu” ilə gələn acı həqiqətlərdir.

 


Seçilən
7
50
nuh.az

10Mənbələr