AZ

Azərbaycan-Özbəkistan münasibətləri dostluq, qardaşlıq və strateji müttəfiqlik zirvəsindədir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də Azərbaycana dövlət səfəri həm iki ölkə arasında diplomatik münasibətlərin inkişafını, həm də regionun gələcəyi naminə mühüm geosiyasi və iqtisadi konturların formalaşdığını nümayiş etdirir. Səfər çərçivəsində keçirilən görüşlər Azərbaycan–Özbəkistan əməkdaşlığının qarşılıqlı strateji maraqlara söykənərək daha dərin, praktiki məzmunla inkişaf etdiyini təsdiqləyir. Hər iki dövlət başçısının çıxışlarında və mətbuata bəyanatlarında bu münasibətlərin konkret sahələrdə əməkdaşlıq formatları ilə genişləndirildiyi diqqətə çatdırılıb.

2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında dövlətlərarası əlaqələrin hüquqi və siyasi təməlini daha da möhkəmləndirir. Bu müqavilə siyasi qərarların koordinasiyasının konkret mexanizmləri, həmçinin müxtəlif sahələrdə əməkdaşlıq modelləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində strateji mövqelərin formalaşdırılması istiqamətində mühüm addımların atılmasına yol açıb.

Özbəkistanın Qarabağ bölgəsində, Füzuli rayonunda Mirzə Uluqbəy adına məktəb inşa etməsi təkcə humanitar təşəbbüs deyil, həm də iki ölkə arasında tarixi dostluq və strateji müttəfiqliyin real ifadəsi olaraq, qarşılıqlı dəstəyin əyani bir nümunəsidir. Bu təşəbbüs, həmçinin Qarabağın bərpasının beynəlxalq həmrəylik çərçivəsində həllinə yönələn model layihə kimi dəyərləndirilə bilər. Həmin məktəbin tikilməsi gələcək nəslin təhsili üçün uğurlu infrastruktur olmaqla yanaşı, eyni zamanda, post-müharibə fazasında Türk dünyasının birlik içində olmasının nümunəsini təqdim edir. Xankəndidə qurulan tikiş fabriki isə bu yanaşmanı davam etdirərək iqtisadi canlanmaya yönəlmiş real istehsal və məşğulluq siyasətini ifadə edir.

Bir müddət əvvəl Azərbaycan–Özbəkistan Birgə İnvestisiya Fondunun yaradılması  regional strateji inkişafın təzaharü olaraq nəzərdə tutulub. Bu fond enerjidən tutmuş sənaye, turizm və kənd təsərrüfatına qədər geniş spektrli sektorlarda layihələrə investisiyaları koordinasiya etmək üçün formalaşdırılıb. Artıq 10-dan çox layihənin investisiya mərhələsində olması həmin mexanizmin real nəticələrə yönəlmiş olduğunu göstərir. Fond həm yerli, həm də xarici kapitalla layihələr həyata keçirdikcə, bu əməkdaşlıq modeli Türk Dövlətləri Təşkilatına daxil olan digər ölkələr üçün nümunəvi platforma roluna çevrilə bilər. Beləliklə, bu faktorlar qarşılıqlı iqtisadi inteqrasiya şəraitində davamlı inkişaf strategiyasının yaradılmasına yönəlib.

Orta Dəhliz layihəsi Azərbaycan–Özbəkistan əlaqələrində strateji rol oynayır. Azərbaycanın limanları və dəmir yolları Çin–Avropa marşrutunda əsas tranzit xətlini təşkil edir. Özbəkistan üçün bu dəhliz dənizə çıxış deməkdir, Azərbaycan üçün tranzit gəlir və geoiqtisadi təsirin artırılması anlamına gəlir. Layihənin çoxtərəfli strukturu – Cənub və Şimal qolları üzrə formalaşması regional bazarların şaxələndirilməsi və ticarət axınlarının optimallaşdırılması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Bu cür koordinasiyalı yanaşma Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni geoiqtisadi məkana yol açmaqla, regionlararası inteqrasiyanı və nəqliyyat bağlantılarını keyfiyyətcə yeni səviyyəyə yüksəldir.

Özbəkistanın Bakıda səfirlik binasının açılışı və şəhərin mərkəzində təməli qoyulan “Özbəkistan” parkı iki ölkə arasındakı strateji tərəfdaşlığın dostluq mühitində konkret ifadəsidir. Sözügedən park mədəni platforma və turizm mərkəzi kimi fəaliyyət göstərərək Azərbaycan–Özbəkistan münasibətlərinə ictimai və humanitar sahədə yeni dinamika əlavə edəcəkdir. Xarici turistlər, yerli vətəndaşlar belə yerlərdə Özbəkistan mədəniyyəti, tarixi və estetikası ilə tanış ola biləcək. Bu amil uğurlu diplomatik əlaqələrin cəmiyyətlərarası qarşılıqlı münasibətlərdə də real təzahür tapdığını nümayiş etdirir.

Azərbaycan–Özbəkistan inteqrasiyası Türk Dövlətləri Təşkilatı çərçivəsində yeni səviyyəli əməkdaşlığa zəmin yaradır. Ortaq layihələr, mədəni mübadilə proqramları, habelə normativ tənzimləmə, təhlükəsizlik və enerji sahələrində koordinasiyalı siyasət Türk dövlətləri arasında dərinləşən əməkdaşlığın praktiki modelinə çevrilmişdir. Bu yanaşma regional sabitlik və davamlı inkişaf üçün effektiv nümunə kimi digər ölkələrə də təqdim oluna bilər.

Beləliklə, Özbəkistan Prezidentinin səfəri göstərir ki, bu dost dövlətlərin əməkdaşlığı nümunə xarakter daşımaqla mühüm strateji əhəmiyyət kəsb edir.

Nurlan Həsənov,
​Milli Məclisin deputatı

Seçilən
8
50
ikisahil.az

10Mənbələr