İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.
Prezident Zirvə görüşündə çıxışında Azərbaycanın artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi etdiyini bildirib:
"Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilib. Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir.
Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir. ECO-ya üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir".
Qeyd edək ki, Azərbaycanın ECO çərçivəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş maraqları kompleks və strateji xarakter daşıyır. Bu qurumla əlaqələrin inkişafı ölkəmizin regional və beynəlxalq səviyyədə nüfuzunun möhkəmlənməsinə xidmət etməklə yanaşı, uzunmüddətli iqtisadi və geosiyasi məqsədlərə nail olunmasında da mühüm rol oynayır.
Millət vəkili Azər Badamov "Cebheinfo.az"-a bildirib ki, Azərbaycan fəal liderlik tərzi ilə beynəlxalq münasibətlər sistemində ardıcıl addımlar atır:
"Bu addımlar ayrı-ayrı dövlətlərlə olduğu qədər təşkilatlar çərçivəsində də öz müsbət nəticəsini göstərir. İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın fəal iştirak etdiyi, öz töhfələrini verdiyi təşkilatlardan biridir.
Böyük bir coğrafiyanı əhatə edən, müxətlif fikirləri və fərqli yanaşmaları olan aktorları özündə birləşdirən qurum olsa da, sözügedən təsisat əməkdaşlığı da son dərəcə zəruri edir.
Etiraf olunmalıdır ki, təşkilata üzv dövlətlərin özləri arasında belə zaman-zaman qarşıdurma, sərt riktorikanın bəzən açıq, bəzən də gizli formada şahidi olmuşuq. Lakin keçilən yol sonrası önümüzdə formalaşan bugünkü mənzərə onu deməyə əsas verir ki, ziddiyyətləri aşa bilmək olur, bundan fərqli bir yol isə yoxdur.
Azərbaycan sözügedən təşkilat daxilində də, təsisata üzv olan dövlətlərlə ayrı-ayrılıqda da dinamik münasibətlərə malikdir".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti yürütdüyü siyasətlə liderlik üslubunun bütün üstünlüklərini nümayiş etdirir:
"Azərbaycan əməkdaşlıq mühitinin yaradılmasına və təşəbbüskarlığın, innovativliyin artmasına çalışır. Cəhd edilən bu istiqamətlər təşkilat daxilində də proaktiv davranış fəaliyyətinin getdikcə daha vacib komponenti halına gəlib.
Azərbaycan proaktiv siyasətində fəal şəxsiyyət, şəxsi təşəbbüskarlıq, rol genişliyi və məsuliyyət üstlənmək vəzifələrini üzərinə götürür. Bunun nəticəsidir ki, fəal rolumuz həm regional, həm də beynəlxalq iqtisadi sistemdə müsbət dəyərləndirilir.
Təşkilata üzv dövlətlər Avropa və Çin arasında olmaqla, böyük əraziyə, resurslara, iqtisadi potensiala baxmayaraq ziddiyyətlərlə dolu məsələləri də əhatə edir. Buna baxmayaraq siyasi, iqtisadi, nəqliyyat, ticarət, enerji, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlıq davam edir.
Arealı geniş olan bütün bu sektorlarda strateji yanaşma olduqca vacibdir. Azərbaycanın rolu həm də onunla xarakterizə olunur ki, o, Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzində yer alır.
Beynəlxalq yükdaşımalar Azərbaycanın iştirakı ilə icra olunur. Nəzərə alsaq ki, enerji təhlüəsizliyi milli təhlükəsizlik deməkdir, o zaman Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələrin təşkilatın üzv olduğu dövlətlərin ərazisində enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu vurğulanmalıdır.
Son illərdə Azərbaycan bərpaolunan enerji, təmiz enerji ilə bağlı əhəmiyyətli addımlar atır. Bakıda ECO regionu üçün “Təmiz Enerji Mərkəzi”nin yaradılması ilə əlaqədar diskussiyalar gedir ki, bu da sözügedən sektor üzrə Azərbaycanın öncül yerdə dayandığının göstəricisidir. Dünyanın diqqət mərkəzi Azərbaycanda, Qarabağda, məhz Xankəndidə fokuslanıb. Bu amilin özü özlüyündə artıq bir hadisədir".