Zaqatala rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Fəqan Vahid oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə millət vəkili Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd icra nümayəndəsi, bələdiyyə sədri, kənd ağsaqqalları, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən millət vəkili Asif Əsgərov şəhid Fəqan Məmmədovun keçdiyi döyüş yolundan danışıb. O vurğulayıb ki, gənc yaşında böyük igidlik göstərərək Vətən uğrunda canını fəda edən Fəqanın şəhidliyi, onun ailəsinə və bütövlükdə Azərbaycan xalqına həm qürur, həm də sonsuz hüzn bəxş edib.
“Fəqan Məmmədov minlərlə Azərbaycan oğlunun timsalında Vətən torpağının bütövlüyü uğrunda ölümə dik baxaraq döyüş meydanına atılan igidlərdən biridir. Onun göstərdiyi rəşadət, qorxmazlıq və Vətən sevgisi gələcək nəsillər üçün əsl qəhrəmanlıq məktəbidir. Biz şəhidlərimizin qarşısında borcluyuq – onların əziz xatirəsini daim yaşatmaq, ailələrinə sahib çıxmaq bizim hər birimizin vətəndaşlıq və mənəvi borcumuzdur,” – deyə millət vəkili bildirib.
Tədbir zamanı məktəblilər şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Şəhid anaları da söz alaraq, övladlarının Vətənə olan sevgisindən, onların ucaldığı şəhidlik zirvəsinin müqəddəsliyindən danışıblar.
Millət vəkili Asif Əsgərov şəhid anaları və ailə üzvləri ilə birlikdə təşkil olunmuş ehsan süfrəsində iştirak edib, onlarla səmimi söhbətlər aparıb, onların qayğı və ehtiyacları ilə maraqlanıb.
Tədbirin sonunda şəhid anaları çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, şəhid ailələrinə olan bu yüksək münasibət, şəhidlərə verilən dəyər dövlətin milli-mənəvi dəyərlərə verdiyi önəmin bariz nümunəsidir.