AZ

Paytaxtın köçürülməsi yenidən GÜNDƏMDƏ – Xankəndi, Ağdam, yoxsa ŞAMAXI? 

  Son vaxtlar Azərbaycanın yüksək səviyyəli dövlət tədbirlərinin Xankəndi, Ağdam, Zəngilan və digər azad edilmiş ərazilərdə keçirilməsi həm simvolik, həm də strateji baxımdan cəmiyyətin diqqətini çəkib. Dövlət rəhbərliyi tərəfindən Qarabağda təşkil olunan hər bir görüş və tədbir Azərbaycanın suverenliyinin real şəkildə nümayişini və beynəlxalq ictimaiyyətə göstərilməsini hədəfləyir. Bu həm də ərazi bütövlüyü mesajıdır.

Bu cür tədbirlərin ard-arda bölgədə keçirilməsi isə başqa bir mühüm məsələni gündəmə gətirib.

Görəsən, bu proses gələcəkdə Azərbaycanın paytaxtının dəyişdirilməsinin bir başlanığıcıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Razi Nurullayevin sözlərinə görə paytaxtın tamamilə dəyişdirilməsi olduqca ciddi və böyük maliyyə vəsaiti tələb edən məsələdir. Lakin o, “ikinci paytaxt” ideyasının real olduğunu istisna etmir:

“Paytaxtın köçürülməsi məsələsi olduqca mürəkkəb və böyük dövlət resursları tələb edən bir prosesdir. Amma “ikinci paytaxti” ideyası mümkündür və bunun üçün ölkəmizdə potensialı olan bir neçə şəhər var. Bu sıraya Xankəndi, Ağdam, Şamaxı və digər bölgələr daxil edilə bilər.

Xüsusilə Qarabağ şəhərlərində belə tədbirlərin keçirilməsi ərazi bütövlüyümüzün bir simvolu olaraq da mühüm əhəmiyyət daşıyır”, - deyə deputat diqqətə çatdırıb.

Millət vəkili əlavə edib ki, bu yanaşma ölkənin balanslı inkişafı baxımından da önəmlidir və regional canlanmanı stimullaşdırır.

Dünya təcrübəsi

Qeyd edək ki, dünyada iki və ya daha artıq paytaxtı olan ölkələr mövcuddur. Belə ölkələrdə dövlətin idarəçilik sistemi bir mərkəzdə cəmlənməyib, müxtəlif şəhərlərə bölünüb. Bu isə ölkənin tarazlı inkişafını təmin etməklə yanaşı, müəyyən strateji məqsədlərə də xidmət edir.


Cənubi Afrika Respublikası bu baxımdan ən tanınan nümunələrdən biridir. Bu ölkənin üç paytaxtı var: Pretoriya – icraedici hakimiyyətin mərkəzi, Keyptaun – qanunverici hakimiyyətin mərkəzi və Blumfonteyn – məhkəmə sisteminin baş şəhəriir. Bu üçlük ölkənin çoxmərkəzli idarəetmə modelini simvolizə edir.


Niderland da fərqli bir nümunədir. Rəsmi olaraq Amsterdam paytaxtdır, lakin hökumət və kral iqamətgahı Haaqada yerləşir. Beləcə, siyasi və simvolik paytaxtlar arasında bir bölgü yaranır.

Boliviyada da maraqlı vəziyyət müşahidə olunur: Konstitusiya paytaxtı Sucre olsa da, hökumət orqanları və parlament La Pas şəhərində fəaliyyət göstərir. Bu da ölkənin tarixindəki fərqli mərhələlərin təsirini əks etdirir.

Seçilən
16
7
referans.az

10Mənbələr