Manaf Manafov: "Xankəndidə keçirilən Zirvə görüşü Azərbaycanın beynəlxalq aləmdə möhkəmələnən nüfuzunun bariz nümunəsidir"
“İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) iqtisadi platformada yaranmış təşkilat olsa da, irimiqyaslı siyasi çağırışların həlli baxımından əlverişli formatdır. Belə ki, qurum islam dünyasının birliyi naminə vahid müstəvidən çıxışa, başqa sözlə, siyasi həmrəyliyə şərait yaradan təşkilatdır. Azərbaycan torpaqlarının işğalı illərində ECO-da daimi dəstək görüb və bu qurum ölkəmizin dünyaya haqq səsinin və obyektiv reallığın çatdırılması nöqteyi-nəzərdən ən səmərəli tribuna olub. İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17 –ci Zirvə görüşü təşkilatda təmsil olunan 10 dövlətin siyasi iradəsinin ifadəsi olmaqla, ölkəmizin dünya siyasətində XXI əsrin mühüm strateji oyunçularından olmasının təsdiqidir.”
Bu sözləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.
Manaf Manafovun fikrinə görə, Enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə, zəngin təbii ehtiyatlara malik Azərbaycan tranzit ölkə kimi enerji resurslarının hasilatında deyil, onların beynəlxalq bazarlara daşınmasında da mühüm rol oynayır: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft -qaz kəmərləri, Cənub Qaz Dəhlizi kimi layihələri ilə ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasında fərqlənən, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısı olan Azərbaycan dövlətlərarası nəqliyyat- logistika infrastrukturunun şaxələndirilməsində , regional tranzit imkanların artırılmasında önəmli rola malikdir. Bu baxımdan ECO çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) kimi təşəbbüslərin reallaşdırılmasında ölkəmizin rolu danılmazdır. Prezident İlham Əliyevin ECO-nun Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 16-cı Zirvə toplantısında söylədiyi “Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik” sözləri təşkilata üzv dövlətlər arasında ticarətin asanlaşdırılmasını və iqtisadi inteqrasiyanın gücləndirilməsini şərtləndirən amildir. ECO-nun IX və XII Zirvə görüşlərinin keçirildiyi Azərbaycan hazırda təşkilatın 17-ci Zirvə görüşünə də ev sahibliyi edir. Əvvəlkilərdən fərqli olaraq bu görüşün Ermənistanın işğalından azad edilən Qarabağın cənnəti sayılan Xankəndidə təşkili xüsusi önəmi ilə fərqlənir. Azərbaycanın beynəlxalq aləmdə möhkəmələnən nüfuzunun ifadəsi olan bu Zirvə görüşü İslam həmrəyliyinin uğuru , turançılığa gedən yolun başlanğıcı kimi də dəyərləndirilir. Azərbaycanın Orta Asiya, Yaxın Şərq və Cənubi Qafqazı birləşdirən mühüm nəqliyyat və logistika mərkəzi kimi ECO-nun əsas məqsədlərinə töhfə verdiyi təsdiqlənir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur dəhlizi kimi layihələr təşkilata üzv ölkələrin birgə səyi ilə beynəlxalq termin kimi qəbul olunur.”