İngiltərədə baş verən dəhşətli hadisə valideynlər üçün ciddi xəbərdarlıq oldu. Qarın ağrısı ilə xəstəxanaya aparılan 18 aylıq Kai adlı körpənin rentgen nəticələri insanlarda şok effekti yaradıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə sadə mədə virusu kimi qiymətləndirilən vəziyyətin əslində daha ciddi olduğu anlaşılıb. Anası Madeline Dunnın təkidi ilə aparılan rentgen müayinəsi körpənin yemək borusunda düymə batareyanı aşkara çıxarıb. Batareya yemək borusunu yandıraraq deşik yaradıbmış. Həkimlər bir müddət Kainin həyatda qalacağına belə əmin deyildilər. Hadisədən sonra ana evdəki bütün oyuncaqları yoxlayıb və bir çoxunun içində batareya olduğunu aşkar edib.
Batareyanın Kainin bədəninə necə keçdiyi isə hələ də bilinmir. 26 yaşlı Madeline Dunn digər valideynlərə çağırış edərək bildirib: “Oyuncaqların batareya qapaqlarını mütləq möhkəm bağlayın. Düymə batareyaları uşaqlar tərəfindən asanlıqla udula bilər və nəticəsi ölümcül ola bilər. Həkimlər bizə dedilər ki, belə hallarda dərhal xəstəxanaya gedin və yolda hər 5 dəqiqədən bir uşağa 10 ml bal verin. Bal batareyanın təsirini zəiflədə bilər”.
Valideynlərə xəbərdarlıq edilib ki, uşaqların oynadığı oyuncaqları mütəmadi olaraq yoxlasınlar və təhlükəli detallara qarşı diqqətli olsunlar.
Bəsti Rəfizadə
Sfera.az