“Cənab Prezident İlham Əliyevin türk dövlətləri liderlərini bir araya gətirməsi Azərbaycanın türk dünyasında artan nüfuzunu əks etdirir. Bu həm ölkənin enerji resursları və coğrafi mövqeyi, həm də son illərdə qazandığı hərbi-siyasi qələbələrlə bağlıdır. Vətən müharibəsindən sonra Azərbaycanın regional mövqeyinin güclənməsi təbii prosesdir. Şuşada, Laçında, Ağdamda və Xankəndidə yüksək səviyyəli görüşlər, beynəlxalq tədbirlər keçirmək həm simvolik, həm də praktik məna daşıyır. Yəni Azərbaycan işğaldan azad edilmiş bu torpaqları qısa müddətdə cənnətə çevirdiyini və bu torpaqların həqiq sahibləri olduğunu hər kəsə nümayiş etdirə bilir, keçmiş məcbur köçkünlərin öz dədə-baba baba torpaqlarına qayıdışını təmin edir. Qərbi azərbaycanlıları da öz tarixi torpaqlarına qayıdacaqlarına ümidləndirir və hüquqi yollarla bunun həllinə çalışır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, İran və Türkiyə kimi müxtəlif maraqları olan ölkələrin liderlərinin Azərbaycanda görüşməsi, ölkənin balanslaşdırılmış xarici siyasət yürütdüyünü göstərir: “Qafqaz regionunda Azərbaycanın artan rolü həm onun coğrafi mövqeyi, həm enerji resursları, həm də son dövrlər əldə etdiyi yüksək nəticələrlə əlaqədardır. Bu proseslər regional siyasətdə Azərbaycanın mövqeyinin güclənməsini əks etdirir, lakin regional sabitlik məsələləri mürəkkəb və çoxşaxəlidir. Azərbaycan Çindən Avropaya uzanan Orta Dəhlizi təhlükəsiz məkana çevirmək üçün cəhdlərini gücləndirir. Türk Dövlətləri, Pakistan, Tacikistan və İranı bir arada tuta bilmək, qarşılıqlı maraqlar üçün birləşdirmək o qədər də asan iş deyil. Azərbaycn regional sabitlik üçün öz potensialını doğru istifadə edir. Əldə edilmiş uğurlar birbaşa Prezident İlham Əliyevin zəngin diplomatik bacarığı və uzaq görənliyi hesabına mümkün olmuşdur”.
Aytəkin Qardaşova