AZ

Küçədə çox vaxt keçirən uşaqlar çoxbilmiş olurlar? – Psixoloqdan AÇIQLAMA

Son illərdə valideynlər arasında belə bir fikir formalaşıb:

“Küçədə daha çox vaxt keçirən uşaqlar daha çoxbilmiş və çevik olur”.

Bəs bu yanaşma doğrudurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Narınc Rüstəmova bildirib ki, uşaqların çöldə - küçədə, parkda və ya digər açıq məkanlarda vaxt keçirməsi onların sosial, emosional və intellektual inkişafına mühüm təsir göstərir:

“Küçədə oynayan uşaq dostları ilə münasibət qurmağı, paylaşmağı və empatiya hissini inkişaf etdirməyi öyrənir. Bu da onun gələcəkdə sosial adaptasiya bacarığını artırır”, - deyə o, bildirib.

Narınc Rüstəmovanın sözlərinə görə, uşaq nə qədər çox sosial ünsiyyətdə olarsa, problem həll etmə qabiliyyəti və həyat təcrübəsi də bir o qədər genişlənir. Küçə həyatında qarşılaşdığı situasiyalar uşağın düşünmə sürətini və çevikliyini artırır.

“Uşaq parkda və ya küçədə mikroblarla təmasda olur. Bu da immunsisteminin hansı virus və bakteriyalarla mübarizə aparmağı öyrənməsi üçün əsl məşq sayılır”,  - deyə psixoloq əlavə edib.

Mütəxəssis həmçinin mənfi tərəflərə də diqqət çəkib:

“Əgər uşaq düzgün dost çevrəsində deyilsə və ya küçə mühitində zorakılığa məruz qalırsa, bu onun psixoloji sağlamlığını riskə atır.  Son dövrlər uşaqlar, xüsusilə məktəblilər arasında bullinq halları artıb. Belə uşaqlarda özgüvənsizlik, aqressiv davranışlar, fobiya və depressiya əlamətləri meydana çıxır”.

Narınc Rüstəmova onu da vurğulayıb ki, zorakılığa və ya davamlı psixoloji təzyiqlərə məruz qalan uşaqlar bəzən bu davranış formasını normal hesab edib ətrafına eyni münasibəti göstərməyə başlayırlar:

“Belə hallarda uşaqda enurez, davranış pozuntusu, ünsiyyət çətinlikləri kimi hallar müşahidə edilə bilər. Uşaq şiddət və ya zorakılıqla üzləşəndə, hisslərini normal yollarla ifadə etməkdə çətinlik çəkir və bu emosiyaları daha sonra şiddətlə geri qaytarmağa meylli olur. Bu baxımdan peşəkar psixoloq dəstəyi vacibdir”, – deyə o, bildirib.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
17
50
bizim.media

10Mənbələr