AZ

Bakının böyük təzminat davası - O halda imtina ediləcək ki...

Sülh sənədi imzalanarsa, Azərbaycan 150 milyardlıq iddiadan vaz keçəcəkmi? - rəy

“Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan 2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb. Təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyük Qayıdış Dövlət Proqramının icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub”.

Bunu Azərbaycan Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransının plenar iclasında çıxışı zamanı deyib. S.Şərifov bildirib ki, Azərbaycan Hökumət Komissiyasının qiymətləndirməsinə əsasən, hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub. Zərərin 15 faizdən artıq hissəsi ərazilərin minalarla çirklənməsi ilə bağlı olduğundan Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə mina təhlükəsizliyi Azərbaycan tərəfindən 18-ci milli DİM kimi qəbul edilib və bu yanaşma digər ölkələrə də tövsiyə olunub.

Bəs 150 milyard yekun rəqəmdirmi? Sülh sənədi imzalanarsa, Azərbaycan bu iddialardan vaz keçəcəkmi? Çünki bəndlərin birində bir-birinə qarşı qarşılıqlı iddialar qaldırmamaq barədə öhdəlik olduğu deyilir. Yaxud təzminat qarşılığında Ermənistandan torpaq tələb oluna bilərmi? 

Xəyal

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, bu gün Azərbaycan üçün əsas prioritetlərdən biri də azad edilmiş ərazilərin bərpası və oraya qayıdış proqramının həyata keçirilməsidir: “Həmin dağıdılmış şəhərlərimizin, kəndlərimizin bərpa edilməsi və əhalinin oraya köçürülməsi, minalardan təmizləmə işləri Azərbaycana milyardlarla manata başa gəlir. Bunun əsas səbəbkarı Azərbaycan ərazilərini işğal edib talan edən, yerlə-yeksan edən Ermənistandır. Ermənistanın işğalçılığı, vandalizmi olmasaydı Azərbaycan 150 milyard dollar və bəlkə də daha çox maddi zərərə də düşməzdi. 10 minlərlə azərbaycanlının qətlə yetirilməsi isə heç bir ölçüyə gəlməyən məsələdir. Ermənistanın işğalıçılıq siyasətinin nəticələrinin aradan qaldırılması üçün Azərbaycana milyardlarla dollar vəsait lazımdır. Azərbaycan bu işləri öz gücü hesabına həyata keçirir. Ermənistanın Azərbaycana 150 milyard dollar maddi zərər vurduğu faktı ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması, məsələnin beynəlxalq məhkəmələrə daşınması aktuallığını saxlayır”.

Ekspert dedi ki, Azərbaycan dövləti Ermənistandan bizə vurduğu zərərlərə görə təzminat tələbini qüvvəsində saxlayır: “Artıq bu barədə məhkəməyə şikayətlər də hazırlanıb və təqdim edilib. 150 milyard maddi ziyandan başqa Azərbaycan vətəndaşlarına qarşı Ermənistanın həyata keçirdiyi qətliamlar, vəhşiliklər, soyqırımı aktları faktları saysız hesabsızdır. Məhkəmələrə çıxarmağa sübutlar kifayət qədərdir. Xocalı, Qaradağlı, Başlıbel, Ağdaban soyqırımları və digər azərbaycanlıların yaşadıqları kəndlərdə, qəsəbələrdə ermənilərin həyata keçirdikləri soyqırımı aktları heç də uzaq tarixdə həyata keçirilən cinayətlər deyil, yaxın tarixdə baş verib. 1 milyona yaxın Azərbaycan vətəndaşı Ermənistanın işğalçılığı nəticəsində məcburi köçkün vəziyyətinə düşüb, 4 minə yaxın azərbaycanlı bu günə qədər itkindir. Təkcə ikinci Qarabağ müharibəsindən sonra Ermənistanın Azərbaycan ərazilərində partlaması nəticəsində dörd yüzə qədər Azərbaycan vətəndaşı həyatını itirib, sağlamlıqlarını itirib. Bütün bunlara baxmayaraq, Azərbaycan sülh tərəfdarı olduğu, bölgədə daimi sülh naminə Ermənistanla qarşılıqlı məhkəmə iddialarından imtina etmək məsələsini müzakirə edirdi. Amma nə qədər ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb, bu məsələ həll edilmiş sayıla və Azərbaycanın haqlı məhkəmə iddialarından geri çəkilmiş sayıla bilməz”.

X.Bəşirov vurğuladı ki, sülh sazişi imzalandıqdan sonra bu məsələ barədə danışıla bilər: “Azərbaycanın şərtləri var. Nə qədər ki, bu şərtlər qəbul edilməyib, Azərbaycan Ermənistandan 150 milyard dollar təzminat iddiasından əl çəkməsi real ola bilməz. Təbii ki, bu qədər böyük məbləği birdəfəlik ödəmək Ermənistan kimi cılız ölkənin gücü daxilində deyil.  Ona görə də təzminat kimi torpaq ərazilərini Azərbaycana verə bilər. Ermənistan həm bölgədə sülh naminə, həm də gələcəkdə Azərbaycana böyük məbləğlərdə təzminat ödəmədən özünü xilas eləmək naminə Azərbaycana qarşı konstitusiyasındakı ərazi iddialarını çıxarmalı və sülh sazişini imzalamalıdır. Sülh sazişinin mətnində qarşılıqlı iddialardan imtina etmək barədə bəndin olduğu deyilir. Ona görə də qüvvəyə minən sülh müqaviləsi Ermənistanı təzminat problemindən qurtara bilər. Əks halda Azərbaycanın təzminat iddialarından imtina etməsini gözləməyə dəyməz”.

Ekspert sonda onu da dedi ki, Azərbaycan hələlik təzminat iddiaları məsələsini çox kəskin şəkildə qabartmır: “Ona görə ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin üzərində xeyli müsbət irəliləyiş əldə edilib və bu proses davam edir. Bu da daha çox Azərbaycanın səyləri nəticəsində əldə edilib. Azərbaycan müsbət prosesə əngəl olacaq addımlar atmağı heç zaman düzgün hesab etmir. Proses pozularsa təbii ki, təzminat tələbi məsələsi çox ciddi şəkildə qoyulacaq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
4
50
musavat.com

10Mənbələr