Sosial mediada gördükləri “gəlirli tikinti işlərində” işləmək üçün Cənubi Amerika ölkəsi Kubadan Rusiyaya gələn bir çox insanın Ukraynaya qarşı döyüşmək üçün cəbhəyə göndərildiyi iddia edilib. Kubalı bir kişi Afinada Britaniya mətbuatına Rusiyada gəlirli tikinti işində işləmək üçün müraciət etdiyini, lakin ölkəyə ayaq basan kimi həqiqətin çox fərqli olduğunu anladığını deyib.
“Daily Mail” qəzetinin məlumatına görə, bu şəxs 37 yaşlı Fransisko Qarsiya olub. Paytaxt Havanadan Rusiyanın paytaxtı Moskvaya gedən təyyarədə yüzlərlə insandan biri olduğunu izah edən Qarsiya, təyyarədən enən kimi "həyatının ən böyük səhvini etdiyini anladığını" deyib.
Məlumata görə, Kubadan Rusiyaya yola düşən bu şəxslərin hamısı “Facebook” da daxil olmaqla sosial media platformalarında gördükləri iş elanlarına müraciət edərək onlara Rusiyada gəlirli tikinti işləri vəd ediblər. Elanlarda deyilirdi ki, bu insanlar Ukrayna hücumlarında zədələnmiş binaları təmir edəcəklər. Ancaq iddialara görə, həqiqət çox fərqli idi. Bu yolla Rusiyaya gətirilən kubalıların sayı minlərlə ifadə edilərkən, ölkəyə gələn kubalıların Ukraynada ön cəbhəyə göndərildiyi və bir il ərzində ən azı yarısının həyatını itirdiyi iddia edildi.
Qarsiya, sağ qaldığını, lakin onu həm evsiz, həm də köməksiz qoyan dəhşətli fiziki və ruhi xəsarətlər aldığını bildirib. Ailəsini bir daha görməyəcəyindən qorxan kubalı, “Qorxumuzu göstərməmizə icazə verilmədi. Ruslar dedilər ki, biz ağrı və qorxu hiss edə bilmirik, döyüş meydanında robotlar kimi olmalıyıq. Komandirlər qorxunun yaranmasın deyə başımızı üzərindən atəş açacaqlar”.
Qarsiya əslində paytaxt Kubada xəstəxanada qulluqçu işləyirdi. Bir dostu ona “iş icazəsi, aylıq 1900 funt sterlinq maaş və Rusiya pasportu” vəd edən iş elanını göstərdi. Cəmi üç gün sonra o, ailəsi ilə vidalaşaraq əlində turist vizası ilə izdihamlı sərnişin təyyarəsi ilə Rusiyaya uçdu.
İddialara görə, o, təyyarədən hava limanına enəndə onu rus əsgərlərinin dəstəyi ilə hərbi formada olan bir kubalı qarşılayıb. Qarsiyaya və onu müşayiət edənlərə hərbi maşınlara minmək əmri verildi.
Hərbi maşınlara mindiyini izah edən şəxs, "Əsgərlərin olması məni qorxutdu və çaşdırdı. Amma tez məlum oldu ki, onların əmrini yerinə yetirməli və dediklərini etməliyik", – deyib.
"Bizə nə yemək, nə də su verildi. Uzun bir səfərdən sonra silahlı polis tərəfindən qorunan tərk edilmiş idman məktəbinə gəldik".
***
10 gündür burada saxlandıqlarını, qışqırıqlar və hədələr altında hərbi sənədləri imzalamağa məcbur etdiklərini deyən kubalı onlara heç bir izahat verilmədiyini bildirib.
Ertəsi gün bir hərbi obyektə göndərildiklərini, burada yük maşınından çoxlu silahların boşaldıldığını gördüklərini söyləyən Qarsiya, Kuba və onun kimi Asiya və Afrika ölkələrindən gələn insanlarla 30 günlük təlim keçdiklərini deyib.
Təlimdən sonra heç bir xəbərdarlıq edilmədən cəbhə bölgəsinə göndərildiklərini bildirən kubalı bunun səbəbini “Rusiyanın hər gün çoxlu əsgər itirməsi” ilə izah edib.
Kuba əsgərlərinin Rusiya tərəfində müharibəyə qoşulması mətbuatda geniş yer almasa da, “Daily Mail”in yazdığına görə, 2022-ci ilin fevralında Ukrayna müharibəsi başlayandan bəri 20 mindən çox kubalı Rusiya ordusu tərəfindən hərbi xidmətə çağırılıb. Ukrayna kəşfiyyatının məlumatları hazırda 7 minə yaxın kubalının müharibədə olduğunu göstərir.
Qarsiya onu da bildirib ki, ilk dəfə cəbhəyə yollananda yanında 90-a yaxın kubalı olub və onların yarıdan çoxu müharibədə həlak olub.
Onlar üçün ən böyük təhlükənin "nə olduqlarını belə bilmədikləri" pilotsuz təyyarələr olduğunu qeyd edən Qarsiya, "Ətrafımızdakı rusların vəziyyəti yaxşı deyildi. Bəziləri müharibənin vurduğu ziyana görə intihar etdilər”, – deyib.
***
Döyüş meydanında özünün də iki dəfə yaralandığını və rus əsgərlərinin onu tərk etməsi ilə sağ qalmalı olduğunu qeyd edən kubalı Rostov, Donetsk və Soledarda bir il döyüşdüyünü bildirib. Daha sonra ona medal və sertifikat verildiyini deyən Qarsiyaya 2024-cü ilin oktyabrında iki aylıq məzuniyyət verildi. Qarsiya bu vaxtdan qaçış planı hazırlamaq üçün istifadə etdi.
Kuba pasportu ilə Belarus, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Misirə gedən şəxs nəhayət Yunanıstanın paytaxtı Afinaya gəlib. Sərbəst buraxılmazdan əvvəl iki ay Afinadakı təcridxanada saxlanılan Qarsiyanın hazırda Afinada çadırda yaşadığı bildirilir.